Bugünlər ölkəmiz nəhəng idman meydançasına bənzəyir. 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar fevralın 28-də startı verilən “İdman həftəsi” çərçivəsində bir-birindən maraqlı yarışlar uğurla davam edir.
Həftənin 3-cü günündə “Şüa” İdman Kompleksində dövlət qurumlarının əməkdaşları arasında stolüstü tennis yarışı başlayıb. Müdafiə Sənayesi, Əmək və Sosial Müdafiə nazirliklərinin, Baş Prokurorluq, “Təbib”, Turizm Agentliyi və digər qurumların qatıldığı turnir maraqlı mübarizə şəraitində keçir.
Azərbaycan Stolüstü Tennis Federasiyasının idman işləri üzrə təlimatçısı Zərif Süleymanova ilə görüşüb, yarışla bağlı təəssüratlarını öyrəndik. O qeyd etdi ki, turnirdə 17 kişi, 4 qadın komandası mübarizə aparır:
– 3 ildir ki, 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı stolüstü tennis yarışı da təşkil edilir. Ötən il 46 qurumdan idmançılar arasında şəxsi yarışlarda iştirak ediblər. Bu il isə idmançılar komanda şəklində yarışırlar. Sevindirici haldır ki, bu idman növü üzrə turnirlərə müxtəlif qurumlar xüsusi diqqət yetirirlər. Yarışda rəqabətin səviyyəsini də qeyd etmək istəyirəm. Ümumiyyətlə, bu günlər idmançılar əsl bayram əhval-ruhiyyəsi yaşayırlar.
Həftə çərçivəsində idman federasiyaları, paralimpiya və deflimpiya komitələrinin əməkdaşları arasında keçirilən “Fibonaççi” intellektual yarışı da maraqlı tədbirlər sırasında olub. Milli Gimnastika Arenasında 30-dək federasiya nümayəndəsi arasında təşkil olunan oyunun yekun nəticəsinə əsasən, Azərbaycan Üzgüçülük Federasiyasının komandası yarışın qalibi olub. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası ikinci, Azərbaycan Boks Federasiyası isə üçüncü yerləri tutublar.
Yarışla bağlı təəssüratlarını “XQ” ilə bölüşən qalib komandanın üzvü, Üzgüçülük Federasiyasının icraçı direktoru Kamran Hüseynov bu oyunun ilk dəfə idman mənsubları arasında təşkil edildiyini bildirdi:
– Çox maraqlı rəqabət şəraitində keçdi. İdman sahəsi ilə yanaşı, ümumi suallar da var idi. Komanda yoldaşlarım Ziya Bağırzadə, Anar Bayramov və Elçin Süleymanovla birgə hamıdan güclü olduğumuzu sübut etdik. Ümumilikdə, bu günlər respublikamızın hər yerində “İdman həftəsi” çərçivəsində kütləvi tədbirlər keçirilir. Sevindirici haldır ki, hamı 1 nəfər kimi bu yarışlara qatılmağa can atır. Bu, bir daha göstərir ki, ölkəmizdə idmana maraq böyükdür. Qalib olmaq hissi qürurvericidir.
Dünən, Xankəndi–Bakı ultramarafonunun 2-ci mərhələsi də böyük coşqu ilə keçib. “Qürurla irəli” şüarı ilə təşkil olunan marafonun ikinci mərhələsində iştirakçılar Yevlaxdan Ucara qədər 84 kilometr məsafə qət ediblər. Marafonçular sonrakı günlərdə Ucar-Hacıqabul (88 kilometr), Hacıqabul-Qobustan (70 kilometr) və Qobustan-Bakı (55 kilometr) mərhələlərini keçməklə martın 4-də Bakıya çatacaqlar.
Dünən, eyni zamanda, ahıl şəxslər üçün sosial xidmət müəssisəsində futbol və badminton oyunları, “Qan ver, həyat xilas et!” şüarı altında idman ictimaiyyətinin könüllü qanvermə aksiyası da keçirilib. Aksiya Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə irsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən uşaqlara dəstək məqsədilə təşkil edilib.
Leyla QURBANOVA
XQ