Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən birgə görüş təşkil edilib.
Köçə hazırlıq və məşğulluq üzrə işçi qrupu görüşü Biləsuvarda təşkil edib. Köçməsi planlaşdırılan bir qrup keçmiş məcburi köçkünün də iştirak etdiyi görüşdə Böyük Qayıdış Proqramına uyğun olaraq işğaldan azad olunmuş ərazilərə köçürülən şəxslərin məşğulluğunun təmin edilməsi istiqamətində görülən və planlaşdırılan işlərə dair müzakirələr aparılıb. Eyni zamanda, Dövlət Məşğulluq Agentliyinin funksional istiqamətləri və layihələri barədə təqdimat edilib.
İşğaldan azad olunmuş ərazilərimizin sakinlərinin aktiv məşğulluq proqramları ilə əhatə olunması istiqamətində aparılan işlər barədə mərasim iştirakçılarına ətraflı məlumat verilib. Daha sonra görüşdə iştirak edən sakinlərin sualları cavablandırılıb.
Zərifə HÜSEYNOVA
XQ