Özünüməşğulluq proqramı çərçivəsində İmişli rayon sakinləri Cavadzadə Toğrul Sahib oğlu və Qarayev İlham Rəşad oğlu üçün qurulmuş kiçik təsərrüfatlara baş çəkən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və rayon icra hakimiyyətinin başçısı Elçin Rzayev müəssisələrin işindən məmnun qalıblar.
T.Cavadzadə poliqrafiya, İ.Qarayev isə avtomobil şinlərinin bərpası və təmiri xidməti üzrə aktivlərlə təmin olunaraq kiçik təsərrüfatlarını yaradıblar. Onlar işsiz şəxslərin kiçik bizneslərini qurmaları üçün göstərilən dəstəyə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər. Verilən aktivlərdən düzgün istifadə edərək kiçik bizneslərini inkişaf etdirməyə çalışdıqlarını bildiriblər.
Qeyd edək ki, ötən il ölkəmizdə daha 17 min 400, o cümlədən İmişli rayonunda 245 nəfər işsiz və işaxtaran şəxs özünüməşğulluq proqramına cəlb olunaraq kiçik təsərrüfatlarını qurmaları üçün mal və materiallar formasında aktivlərlə təmin ediliblər.
Nazir İmişlidə Beyləqan sakinlərini də qəbul edib. Görüşdə vətəndaşlar məşğulluq, mənzil və avtomobil təminatı, əlillik, ünvanlı sosial yardım və s. məsələlərlə bağlı müraciət ediblər. Onların arasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub. Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb. Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.
Zərifə HÜSEYNOVA
XQ