Sözünə və özünə söykənən jurnalist

post-img

Zərifə Hüseynova – 70

2, 6, 9 və 70 rəqəmləri onun bəxt yazısı kimi oxunur

Doğrusu, mən əvvəllər bəxt yazısına o qədər də inanmırdım. Ana dilimizdə olmayan missiya sözü də məni cəlb eləmirdi. Ancaq bu sətirlərin qəhrəmanı elə şəxsdir ki, onun haqqında yazanda adam bəxtə də inanır, missiya məfhumunu da yaxına buraxır. 

Fikrimcə, yuxarıda sadaladığım rəqəmlər mətbuat cameəmizin Zərifə Bəşirqızı kimi tanıdığı Zərifə Namazova – Hüseynovanın özəl bəxt yazısı olub. Ancaq bu dözümlü və əzmkar həmka­rımız bəxt yazısını üzərinə düşən missi­yaya çevirməyi bacarıb və öz arzuladığı, bacardığı şəkildə həyata keçirməyə də nail olub. 

Bəs, o rəqəmlər haradan götürülmüş­dür? Tələbəlik illərində onun qrup yolda­şı, sonralar həyat yoldaşı olmuş Ələkbər Hüseynov bu evin qapısından son dəfə girəndə ailədə 6 nəfər idilər. Yəni 4 öv­ladları var idi. Onda sonbeşik Tural 2, La­miyə 3, Günel 8, Günay isə 9 yaşındaydı. Gənc ana Zərifənin ömrünün bu məqama qədərki səhifələri alnına yazılmışdısa, əmək fəaliyyətinə “Azərbaycan gəncləri” qəzetində müxbir kimi başlayan, sonra­dan həyatını komsomol işinə həsr edən, Saatlı Rayon Komsomol Komitəsinin 1-ci katibi olan Ələkbərin o evdən sonuncu dəfə çıxmasından, yəni vaxtsız vəfatın­dan sonrakı proseslər övladları üçün hər zəhmətə qatlaşmağı bacaran Azərbay­can qadınının, bəxtin acığına (Əstəğfü­rullah) öz üzərinə götürdüyü vəzifələrin məcmusuna çevrilmişdi. Elə xəstəlik­lərə, cərrahi müdaxilələrə, uzun illər da­vam edən müalicələrə rəğmən 70 yaşa çatması da onun övladlarına bu sevinci yaşatmaq arzusunun reallaşmasıdır. 

Zərifə Bəşirqızını 1996-cı ildən tanıyı­ram. Ötən illərdə gəldiyim qənaət budur ki, Zərifə xanım, həqiqətən, yaxşı jurna­list, səmimi insan, hamının problemləri ilə maraqlanan, köməyinə yetən həmkar, ən başlıcası, gözəl söz adamıdır. Mövzuları genişdir. O, ədəbiyyat, musiqi, kino, sosi­al həyat, hətta mətbəx mədəniyyətinə də dərindən bələddir. Səhiyyəni daha yaxşı bildiyinə görə isə həmkarı və həmyaşıdı Ruslan Rəfizadə ona “doktor Hüseyno­va” deyə müraciət edir. O, uzun müddət sosial həyat şöbəsinin fəaliyyətini təkba­şına davam etdirib, yenə də öz işindədir. 

İş yoldaşlarımız bilirlər, mən bir az ovqata bağlı olduğuma görə, əhvalım pisləşəndə yaza bilmirəm. Dəfələrlə olub ki, fasilə zamanı bir az sakitləşmək üçün redaksiyanın eyvanına çıxaraq, astadan hansısa xalq mahnımızı zümzümə et­mişəm. Toxtayıb geri qayıdanda isə rəh­mətlik Telman Əliyev, İsaq Əmənullayev və Zərifə Bəşirqızının əyləşdiyi otağın qarşısından keçmişəm. Qapısı yarıaçıq otaqdan xanım həmkarımın “eşq olsun, Mirzəbəyli!”– sözlərini eşitmişəm.

Daha bir xüsusi məqam: 2018-ci ildə­ki prezident seçkilərindən əvvəl xaricdə yaşayan “söyüş müxalifəti” adlı bədnam dəstə qeyri-adi dərəcədə fəallaşmışdı. Ağızlarına gələni yazır və danışırdılar. O zaman mən həmin qaragüruhun “arqu­mentlərinin” ifşa edilməsi məqsədilə re­daksiyada xüsusi qrup yaratmışdım. Yəni gündəlik fəaliyyətimizdən əlavə, xaricdən gələn bədnam səslərin nə dərəcədə əsassız olduğunu sübut edirdik. Əliqis­mət Bədəlov, Vaqif Bayramov, Məsaim Abdullayev, Paşa Əmircanov və Leyla Qurbanova kimi təcrübəli həmkarlarımı­zın da daxil olduğu həmin qrupun ən fəal üzvü məhz Zərifə Bəşirqızı idi. O, həmin günlərdə milli dövlətçiliyimizə, həqiqətən, əsl sədaqət nümayiş etdirirdi. 

Qocaman həmkarımız, indi təqaüddə olan Telman Heydərov bir dəfə demişdi ki, müasir jurnalistdən cəmi 4 keyfiyyət tələb olunur: “Normal yazı hazırlamaq, siyasi ayıqlıq, məsuliyyət və informasiya texnologiyaları ilə işləməyi bacarmaq. Zərifədə bu keyfiyyətlərin hamısı var”. Mərhum deputat, parlamentin Mədəniy­yət komitəsinin sədri Qənirə Paşayeva onun haqqında şəxsən mənə: “Mən Zə­rifə ablamın mətbuata, qəzetə, qəzetçi­liyə və dövlətçiliyə olan təəssübkeşliyi, ləyaqəti və mədəniyyəti ilə fəxr edirəm”, – demişdi. 

Elə mən də onun 60 illiyi münasibətilə qələmə aldığım və “Sehirli xalat” filminin qəhrəmanlarının birinin dediyi “Zərifə, gülümsə...” ifadəsini sərlövhə seçdiyim şeirdə xanım-xatın həmkarımızın daha da dözümlü olmasını, gümrah görünmə­sini, sonbeşik övladının da toyunu gör­məsini arzulamışdım: 

Sənə zər yaraşır, zərifliyin var, 

El bilir zər nədir, tül, ya şal nədir. 

Gülümsə, nəvələr gül açsın bir az – 

Bu nə görünüşdür, bu əhval nədir? 

Qələmin silahdır, vərəqin çətir, 

Gözündə yaş bəlli, sözündə ətir. 

Qoy, Allah eləsin bir gəlin gətir, 

Onda bilərsən ki, cah-cəlal nədir.

Şükürlər olsun ki, Allah “elədi”, Zərifə xanım sonbeşiyi Turalın da toyuna bizi dəvət etdi. Üstəlik, ailəyə sonbeşik nəvə­sinin gəlməsinin şirinliyini də yedik. 

Bu gün onun sevincinə şərik oluruq. 3 qız, 1 oğul böyüdüb onlara yüksək tər­biyə vermək, hamısına el adəti ilə toy-dü­yün etmək hər qadının işi deyil. Bizim Zərifə xanım bu çətin və şərəfli işi də təkbaşına, bacarıqla həyata keçirib. 

Ad günün mübarək, dəyərli həmkar! Cansağlığı və uzun illər boyu sıramızda görünməyin arzusuyla: 

İttifaq MİRZƏBƏYLİ,
Əməkdar jurnalist

Sosial həyat