Qalib Prezident – qalib Xalq

post-img

Rafael HÜSEYNOV, 
Milli Məclisin deputatı

Bu gün – 2024-cü il fevralın 7-si xalqın öz əziz övladına – Prezident İlham Əliyevə məhəbbətinin təntənəsi günüdür. 

Azərbaycanda bugünəcən keçirilmiş seçkilərin heç birinə bənzəməyən sevgi seçkisi!

İnsanlar Azərbaycan boyu seşki məntəqələrində növbələrə düzülmüş­dülər (yalnız Azərbaycandamı? Müxtəlif xarici ölkələrdəki vətəndaşlarımızın seç­ki gününün axşamı və gecəsindəki eti­raf paylaşımlarını oxuduqca qürur hissi keçirməyə bilmirsən. Özləri yazırlar ki, onlardan hansı birisə qarlı-şaxtalı gündə piyada, hansılarısa ailəlikcə ucqar şəhər­dən Azərbaycanın o ölkədəki diplomatik nümayəndəliyində təşkil edilmiş səsver­mə məntəqəsinə yüz kilometrləri aşaraq vicdan borcunu yerinə yetirməyə tələsən kimi həvəslə yollanıb).

Belə fəallıq, belə coşqu heç vaxt ol­mamışdı. 

Səbəb sadədir – İlham Əliyevin bu xalq və bu yurd üçün bugünəcən etdik­ləri!

Fevralın 7-si seçkisi həm də dərsdir. 

Sən xalqınçün böyük olan, bu xalqın tarixində qalacaq işlər görürsənsə, əmə­yin qiymətsiz qalmır, xalq xidmətlərinin əvəzində sənə bitib-tükənməyən məhəb­bətini bağışlayır.

Amma bu gün həm də torpağımızın bayramıdır, həm də Qarabağımızın bay­ramıdır. Çünki xalqın Prezident İlham Əliyevə belə sonsuz məhəbbəti və ina­mının çox səbəbləri sırasında ilk yerdə dayanan söz yox ki, onun əsas müəllifi olduğu Qarabağ zəfəridir. 

Prezident İlham Əliyevə bu gün nü­mayiş etdirilən el məhəbbəti və sayğısı həm də xalqımızın bu yurdun hər qarış torpağına tükənməz eşqinin ifadəsidir – millət öz qüdrətli oğluna Qarabağ rə­şadətinə görə, torpaqlarımızı əsarətdən qurtardığı üçün, bu ölçüyəgəlməz sevinc və iftixar müqabilində öz sevgisini qatdığı səsiylə minnətdarlığını ifadə etdi.

Hər belə səsin dəyəri bir millət rəhbə­rindən ötrü sərvətlərin alisidir.

Azərbaycan vətəndaşlarını müxtəlif hünərlərinə və nailiyyətlərinə görə müka­fatlandıran, orden-medallarla təltif edən Prezident İlham Əliyevə bu gün ordeni xalq verdi. 

Birini yox, milyonlarlasını!

Bu cür köksəsığmaz məhəbbət qarış­mış hər səsdən daha üstün olan orden varmı?!

Dərəcələrinə, mahiyyətinə görə or­den-medalların sinədə asılma sırası və ardıcıllığı var.

Xalqın öz istəkli balasını təltif etdiyi bu MİLLƏT SEVGİSİ ORDENindən daha ucada dayana biləcək bir təltif ola bilər­mi?!

Xalqın 7 fevral sevgisini Prezident İlham Əliyev gördü – təbii ki, bəxtiyardır.

Amma bunu həm də vəzifəsi dövlətə və xalqa qulluq etməkdən ibarət hər kəs də gördü.

Hamısı ibrət götürsün! 

Zəkanla, qabiliyyətinlə, səriştənlə, peşəkarlığınla, fədakarlığınla belə ola bilirsənsə, yolunu davam et, əməllərinin qarşılığında xalqdan bu cür məhəbbət və ehtiram qazanmağa gücün yoxsa, Rəh­bərinə tən gəlmədiyini duyursansa, yer tutma, mane olma!

Bu tarixi gündə həm də unudulmaz Heydər Əliyevi düşünürəm.

Ömrünün bitəcəyində millətinə üz tu­taraq insanlarımızı İlham Əliyevə dəstək verməyə, ona arxa durmağa çağırırdı: “Mən ona özüm qədər inanıram” deyirdi.

Bu gün xalq da elə həmin sözü dedi!

Və əlbəttə ki, bu gün Ulu Öndərin də ruhu şaddır!

Bu seçkinin qalibi xalqdır.

MÜZƏFFƏR oğlunu QALİB çıxaran QALİB XALQ!

Sosial həyat