Nəşr tarixi XX əsrin əvvələrinə təsadüf edən, müxtəlif illərdə “Cavanlar həyatı”, “Füqəra səsi”, “Sovet Naxçıvanı” adları ilə fəaliyyətini davam etdirən, iki əsrin güzgüsü sayılan “Şərq qapısı” qəzeti muxtar respublikanın ictimai-siyasi həyatında önəmli yer tutmuşdur.
Bu qəzet ümummilli lider Heydər Əliyevin hələ gənc yaşlarından dəyər verdiyi, onun təsiri ilə böyüdüyü, gələcəkdə siyasi xadim kimi yetişməsində xüsusi rol oynayan bir mətbu orqandır. Dahi öndər 1990-cı ildə Moskvadan xalqın tələbi ilə Naxçıvana qayıdışında ilk müsahibə verdiyi qəzet də, məhz “Şərq qapısı” olmuşdur.
“Şərq qapısı” qəzeti Naxçıvan Muxtar Respublikasının bir əslik yazılı salnaməsidir. Naxçıvan mətbuatının bayraqdarı olan bu ictimai-siyasi nəşr dövlətçilik ənənələrinin möhkəmlənməsində, tarixi hadisələrin ensiklopedik xarakter almasında, ictimai-siyasi proseslərin geniş ictimaiyyətə çatdırılmasında böyük təsiri ilə seçilməkdədir. “Şərq qapısı” qəzeti sözün həqiqi mənasında regionda ədəbiyyat, jurnalistika, elm məktəbi funksiyasını yerinə yetirmişdir.
Qəzetinin ilk tədiqatçısı filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid son illərdə qəzetin tarixi ilə bağlı 1 monoqrafiya, azərbaycan və ingilis dillərində 2 dərs vəsaiti nəşr etdirib. 2019-cu ildə Lambert nəşriyyat evi ilə bağlanan müqaviləyə əsasən, müəllifin nəşrə hazırladığı “Naxçıvan mətbuat tarixi” (“Şərq qapısı” qəzetinin materialları əsasında) kitabı Almaniyada işıq üzü görmüş və dünyanın tanınmış kitab satışı mərkəzlərində yayımı və satışı təşkil edilmişdir.
Qərb ölkələrində bu tədqiqata olan maraq nəzərə alınaraq Avropa nəşriyyatları ilə bağlanmış müqaviləyə əsasən, kitab 7 dilə – alman, fransız, italyan, rus, portuqal, ispan, ingilis dillərinə tərcümə edilərək dünyanın bir çox kitab yayımı portallarında yayıma və satışa çıxarılmışdır. Hər biri beynəlxalq ISBN kodu ilə təmin edilən bu nəşrləri dünyanın istənilən kitab satışı bazasından əldə etmək olar.
Kitabın nəşri ilə bağlı təəssüratını XQ ilə bölüşən müəllif Surə Seyid bildirdi:
– “Şərq qapısı” qəzeti mənim ilk xitabət kürsüm və elmə açılan qapımın ilk açarı olub. 2000-ci ildə qəzetin nəşr tarixini tədqiqat obyekti kimi götürəndə haradan başlayacağımı belə bilmirdim. 7 il ərzidə Naxçıvanın ilk mətbu orqanı olan bu qəzetin bütün nömrələrini bir-bir araşdırdım. Üz tutmadığım arxiv, getmədiyim muzey, döymədiyim qapı qalmamışdı. XX əsrin 20-ci illərində ərəb əlifbası ilə nəşr olunan bu qəzetin həmin illərdəki nömrələrini qaranlıq və nəmli zirzəmilərdə hərf-hərf oxuduğum günlər də az olmayıb.
Nəhayət, 7 il sonra tədqiqatlarımı yekunlaşdırıb dissertasiyamı elmi rəhbərim, akademik İsa Həbibbəyliyə təqdim etdim. 1 il sonra müdafiəm gerçəkləşdi. Kəşməkəşli və təlatümlü fəaliyyət tarixi olan bu qəzet mənim sakit həyatıma böyük bir təlatüm gətirdi. Yeni ilin ilk ayında avropalı həmkarlarımdan gözəl bir xəbər aldım. 2023-cü ildə Avropada 7 dildə işıq üzü görən monoqrafiya artıq Avropanın və Amerikanın bütün kitab satışı və yayımı portallarında sərgilənməyə başlayıb. “Şərq qapısı" artıq sərhəd tanımır. Mən bunu muxtar respublikanın 100 illiyinə dəyərli töhfə sayıram.
T.AYDINOĞLU
XQ