Türkiyənin Naxçıvanda xilaskarlıq missiyası

post-img

Naxçıvan Muxtar Respublikası – 100

I. Qədim diyar daşnak quldurların hədəfində

Naxçıvanda Milli Şura sədri Cəfərqulu xan, onun oğlu Kəl­bəli xan, Rəhim xan, Kamran xan, Cab­barağa Vəzirov və başqalarının səyləri ilə yerli inzibati komitə bərpa olundu. Bölgənin erməni işğalından qorunması üçün tədbirlər görüldü. 

Bu vaxtlar gənc Azərbaycan Cüm­huriyyəti hökuməti hələ Azərbaycanın bütün ərazilərinə hakim deyildi. Bakı və şəhərətrafı birbaşa Rusiya hökumətinin başçısı V.Leninə tabe olan bolşevik rus, erməni komissarlarından ibarət üzdən-iraq “Bakı kommunası”nın əlində idi. Bu hərbi-siyasi diktaturanın ruslardan və ermənilərdən ibarət silahlı qüvvələ­ri, eləcə də ayrı-ayrı erməni silahlı bir­ləşmələri Azərbaycan Cümhuriyyətini beşiyindəcə boğmaq üçün birləşərək Gəncəyə hücumlara başladılar. 

Həm daşnaklara, həm də bolşevik istiqlalçılarına qarşı mübarizə aparan Azərbaycan hökuməti Naxçıvanın, Zəngəzurun müdafiəsində ciddi çətin­liklərlə qarşılaşmışdı. Bakıdan Naxçı­vana gələn dəmiryolu İrəvandan ke­çirdi. Şose yollarının keçdiyi Zəngəzur bölgəsinə erməni silahlı quldur dəstələ­ri tez-tez basqınlar edir, əhaliyə divan tuturdular. Buna görə də Azərbaycan hökuməti ilə lazımi əlaqə yox idi. Naxçı­van həm özünü idarə etməkdə, həm də ərazi bütövlüyünü, xalqın təhlükəsizliyi­ni təmin etməkdə ağır məsuliyyət yükü­nü özü çəkməli olmuşdu. Belə çətin və­ziyyətdə özünü Azərbaycanın ayrılmaz hissəsi sayan Naxçıvan Türkiyənin qar­daşlıq yardımına arxalanaraq azərbay­cançı siyasət yeridir, təpədən-dırnağa qədər silahlanmış erməni quldurlarına qarşı mətanətlə mübarizə aparırdı.

Lakin yaranmış şərait elə idi ki, Naxçıvan bölgəsi erməni daşnaklarının hücumlarına təkbaşına davam gətirə bilməzdi. Türkiyədə işğalçılıq planları boşa çıxan, türk qoşunları tərəfindən əhalisinin əksəriyyətini Azərbaycan türklərinin təşkil etdiyi İrəvana sıxışdı­rılan daşnak-erməni qüvvələri buradan Şərur–Kəngərli torpaqlarına həmlələr edir, nəzarətlərindəki ərazini genişlən­dirməyə can atırdılar.

Birinci Dünya müharibəsi davam edirdi. Bitərəf İranın ərazisi müharibə edən ittifaqların döyüş mey­danına çevrilmişdi. İngiltərə, Rusiya və Osmanlı Türkiyəsi burada savaş halın­da idilər. Cənubi Azərbaycanın bir qismi Rusiyanın, digər qismi Türkiyənin hərbi nəzarətində idi. 1 avqust 1918-ci ildə Azərbaycan Cümhuriyyətinin Naxçıvan bölgəsi, həmçinin Cənubi Azərbayca­nın Təbriz bölgəsi K.Qarabəkir paşa­nın 1-ci Qafqaz kolordusunun təsir da­irəsində idi. Avqustun 7-də K.Qarabəkir paşa qərargahını Təbrizdən Naxçıvana köçürdü. Qafan tərəfdən Naxçıvana hü­cuma hazırlaşan erməni quldurlarının qarşısı kəsildi. 

1 avqust 1918-ci ildə Azərbaycan Cümhuriyyətinin Naxçıvan bölgəsi, həmçinin Cənubi Azərbaycanın Təb­riz bölgəsi K.Qarabəkir paşanın 1-ci Qafqaz kolordusunun təsir dairəsində idi. Avqustun 7-də K.Qarabəkir paşa qərargahını Təbrizdən Naxçıvana kö­çürdü. Qafan tərəfdən Naxçıvana hü­cuma hazırlaşan erməni quldurlarının qabağı alınmış oldu. Bir qədər sonra Təbrizi tutmağa can atan ingilis qoşun­larını qabaqlamaq üçün K.Qarabəkir paşa avqustun 16-da II tüməni Təbrizə göndərdi. Özü isə sentyabrın 2-də qə­rargahı ilə Təbrizə getdi. Sentyabrın 5-də döyüşə girən türk qoşunları ingilis­ləri qəti məğlubiyyətə uğradıb Kaplan­kuh dağınadək təqib etdilər, hətta onla­rın iki təyyarəsini vurub saldılar. 

Sentyabrın 15-də Türkiyə və Azər­baycan silahlı qüvvələrindən təşkil olunmuş Qafqaz İslam Ordusu Nuru paşanın komandanlığında Bakını rus və erməni qəsbkarlarından azad etdi. AXC hökuməti Gəncədən Bakıya köç­dü. Bu xəbər Naxçıvanda böyük se­vinclə qarşılandı.

Oktyabrın 22-də K.Qarabəkir paşa Cənubi Azərbaycanı tərk edərək Naxçıvana yola düşdü. Oktyab­rın 25-də Culfaya, sonra isə Naxçıvana gəldi. Lakin cəmi 6 gün sonra oktyab­rın 31-də K.Qarabəkir paşa əmr aldı ki, I kolordu qərargahı ləğv edilir, özü də İstanbula çağırılır. Bu onunla əlaqədar idi ki, 30 oktyabr 1918-ci ildə I Dün­ya müharibəsində vuruşan dövlətlər Mudros müqaviləsi bağlamışdılar və məğlub tərəf kimi Türkiyə bir çox sərt tələblər altına salınmışdı. Türk qoşun­ları Qafqazı tərk etməli, müharibədən əvvəlki sərhədlərə çəkilməli və bir sıra ağır əzici tələblərə əməl etməli idi. 

Nuru paşa Bakıdan və Azərbayca­nın digər bölgələrindən qoşunları çıxar­dığı kimi, K.Qarabəkir paşa da 1918-ci il noyabrın 1-də qərargahı ilə Naxçıvan­dan qatarla Qarsa yola düşməli oldu. Mudros şərtlərini eşidən K.Qarabəkir paşa çox pərişan olmuş və demişdi: “40 illik əsarətdən 6 ay öncə qurtulan və er­məni məzalimindən ağır yaralar alan... türk-müsəlman əhalisinin yaşadığı bu bölgələr, biz 1914-cü ilin hüduduna çə­kilincə yenidən erməni-gürcü zülmünə məruz qalacaqdır. Buna çarələr düşü­nüb, tədbirlər görməliyik”. 

Bu dövrdə türk qoşunlarının tərk etdiyi digər bölgələr kimi, Nax­çıvan ərazisində də erməni işğalın­dan qorunmaq məqsədilə bir məhəlli hökumət yaradılması zəruri olmuşdu. 3 noyabr 1918-ci ildə Naxçıvandan, İrəvan ətrafından, Şərur Eçmiəzdin və Sürməlidən (İqdır) gələn nümayəndələr Qəmərlidə keçirilən təsis yığıncağında mərkəzi İqdır olan Araz–Türk hökumə­ti təşkil etdilər. Naxçıvan rəsmən hö­kumət mərkəzi olmasa da, idarəçilik və müdafiə işlərinin əksəriyyəti məhz burada yerləşmişdi. 1918-ci il noyabrın 7-də K.Qarabəkir paşanın Naxçıvanın köməyinə göndərdiyi əsgərlər Şaxtaxtı kəndini və dəmir yolu stansiyasını er­məni silahlı qüvvələrindən təmizlədilər, 4 top və digər hərbi qənimətlərlə yana­şı, 170 silahılı əsir götürüldü. 

1918-ci il ilin dekabrında türk əsgər­ləri Zəngibasar və qismən də Vedibasar ərazilərini azad edib Şərura daxil oldu­lar. Kəlbəlı xanın 400 nəfərlik süvarisi də köməyə gəldi və birlikdə polkovnik Doluxanovun qoşununa ağır zərbə en­dirildi, ermənilər Arazdəyən stansiyası­nadək qovuldular. 

Bölgədə yaranmış belə mürəkkəb şəraitdə Araz–Türk Respublikası rəh­bərliyi ingilislər tərəfindən sıxışdırılaraq get-gedə işlərdən kənar edilirdi. Araz-Türk Respublikasının nümayəndəsi P.Bayrambəyov AXC Parlamentinin ic­laslarında iştirak edir, vəziyyətlə əlaqə­dar Parlamenti məlumatlandırırdı.

Naxçıvanı faktiki olaraq Cəfərqulu xan idarə edirdi, Kəlbəli xan bölgə silah­lı qüvvələrinin komandanı idi. Bölgənin müdafiəsində türklərin burada qoyub getdiyi 300 əsgər və 5 zabit yaxından iştirak edirdilər. 

Naxçıvanda keçmiş xan nəslinə məxsus şəxslər İrana meyl edir, AXC-lə əlaqələrin möhkəmləndirilmə­sinə xüsusi səy göstərmirdilər. AXC hökumətinin göndərdiyi nümayəndələr burada Cəfərqulu xan, Kalbalı xan və Araz–Türk hökuməti rəhbərliyi arasın­dakı ixtilafı aradan götürməyə və belə­liklə, ingilislərin ermənipərəst siyasətini xeyli əngəlləməyə nail oldular. Burada Naxçıvanın Azərbaycan Xalq Cümhu­riyyətinə birləşməsi barədə akt tərtib edildi.

1918-ci il noyabrın 30-da hərbi na­zir Abdulla paşa ilə görüşəndə K.Qara­bəkir paşa boşaldılan Şərq bölgəsində (Üçsancaq, Ahılkələk, Ahıska və Naxçı­van) ermənilərin və gürcülərin yerli türk­lərə qarşı qırğına başlayacaqları fikrini bildirərək narahatlığını ifadə etmişdi. Daim Qafqaz türklərinin taleyi ilə yaxın­dan maraqlanan və imkanları çərçivə­sində bu bölgə türklərinə köməyini əsir­gəməyən K.Qarabəkir paşa 23 dekabr 1918-ci ildə Rodosda yerləşən 14-cü kolordu komandanlığına təyin olunan­da təkidlə Şərq cəbhəsinə göndərilmə­sini xahiş etdi. Nəhayət, onun bu xahişi nəzərə alındı və o, 13 mart 1919-cu ildə Ərzurumdakı 15-ci kolordu komandan­lığına təyin edildi. 

K.Qarabəkir paşa xidmət yerinə yola düşməzdən əvvəl 1919-cu il aprelin 11-dəartıq Müttəfiqlərin işğalı altında olan İstanbulda Mustafa Kamal paşa ilə gö­rüşündə demişdi: “Paşam, mən sabah Ərzuruma hərəkət edirəm, İstanbulda nə vəziyyətdə qalırsınız-qalıın, bir şey etmək imkansızdır... Anadoluya, ordu başına gəliniz... Millətin qurtuluş açarı şərqdədir... Şərqdə milli hökumət əsas­larını qurduqdan sonra siz qərbə təvəc­cöh edərsiniz”.

19 may 1919-cu ildə Mustafa Ka­mal paşa yaxın məsləkdaşları ilə Samsuna çıxmağa müvəffəq oldu. 3 iyun 1919-cu ildə Ərzuruma gəldi. Ordudan istefasını teleqrafla İstanbula, Osmanlı dövlətinin yetkililərinə bildirib türk xalqının milli-azadlıq mübarizəsinə başçılıq etməyə başladı. Onun rəhbər­liyi ilə 23 iyuldan 7 avqusta qədər türk xalqının taleyində mühüm rol oynayan böyük Ərzurum Konqresi keçirildi. 

Qeyd etmək lazımdır ki, Osmanlı dövlətində baş verən yeni hadisələri iz­ləyən Naxçıvan əhalisinin qabaqcıl nü­mayəndələri düşünürdülər ki, Ərzurum Konqresinə nümayəndələr göndərib bölgənin qorunması üçün dəstək istəyə bilərlər və bu məqsədlə təcili olaraq Türkiyəyə heyət göndərdilər. Naxçıvan nümayəndələri həmin konqresə gedib çata bilməsələr də, Naxçıvan əhalisinin nümayəndələrinin vəkili Hacı Cabba­rın konqresdə iştirak etməklə əlaqədar Qarsdan göndərdiyi iki teleqram Konq­resə yetişdi və iclasların sonunda Nax­çıvan bölgəsinin erməni istilasından qorunması və bölgəyə əsgəri yardım edilməsi ayrıca müzakirə olundu. 

K.Qarabəkir paşa Naxçıvan bölgə­sini daim diqqət mərkəzində saxlayır­dı. Hələ konqresdən əvvəl, 17-18 iyul 1919-cu il gecəsi, əvvəlcədən verdiyi əmrə uyğun olaraq, Naxçıvan bölgə­sinə hücuma keçən ermənilərin qarşısı­nı almaq üçün Bəyazit qarnizonundan yüzbaşı Xəlil bəyin başçılığı ilə dörd zabit, 7 əsgərdən ibarət bir qrupu Nax­çıvandakı müdafiə qüvvələrini təşkil etmək üçün yola salmışdı. Lakin bu iş elə təşkil edilmişdi ki, zahirdə görünsün ki, guya, Xəlil bəy və yoldaşları fərarilik edərək ordudan özləri qaçmışlar. 

Bu yolla Naxçıvan türklərinə si­lah, cəbhə ləvazimatı, təcrü­bəli zabitlər göndərildi ki, bu tədbirlərin də bölgənin müdafiəsində əhəmiyyətli rolu oldu. K.Qarabəkir paşa 1919-cu ildə Ərzurum Konqresinin sonunda şərqi Anadoludakı diviziya komandirinə belə bir təlimat vermişdi: “Hər tərəfdən məhzur bir haldayıq, yalnız Azərbayca­na açıq Naxçıvan pəncərəsi var. Onun qapanmamasını istəyirəm”. 

Bölgədə yaranmış vəziyyətdən is­tifadə edən, o zaman bütün Qafqazı öz təsir dairəsində saxlayan ingilislər Naxçıvan bölgəsinin daşnak Ermənis­tanına verilməsi üçün çox canfəşanlıq edirdilər. 1919-cu ilin fevralında kapitan Lautonun missiyası Naxçıvana gəldi. (Q.Mədətov. Naxçıvanda Sovet hö­kumətinin qələbəsi və Naxçıvan MS­SR-nin təşkili. Bakı, 1968 (rus dilində). Həmin ilin fevralında burada elan edilən ingilis general-qubernatorluğuna Nax­çıvan əhalisi qətiyyən etimad etmirdi. Belə bir vəziyyətdə Qafqazdakı Britani­ya komandanlığı adından general Devi 1919-cu il mayın 1-də Şərur–Ordubad daxil olmaqla bütün Naxçıvan bölgəsi­nin Ermənistana verildiyini bəyan etdi. 

Bu xəbər xalqın qəti etirazına sə­bəb oldu. Buna baxmayaraq, 1919-cu il mayın 14-də general Devi və Ermə­nistanın baş naziri Q.Xatisov Naxçıva­na gəldilər. Naxçıvanda Milli Şuranın və əhalinin qəti etirazına baxmayaraq, in­gilislər daşnak Varşamyanı general-qu­bernator təyin etdilər. AXC-nin buradakı zabitlərini Naxçıvanı tərk etməyə məc­bur etdilər. Bununla əlaqədar Naxçıva­nın Milli Şura sədri AXC hökumətinə bildirdi ki, Naxçıvan əhalisi ermənilərə tabe olmur, tezliklə Azərbaycan qoşun­ları tərəfindən Zəngəzurun tutulmasını və Azərbaycanla birləşməyi gözləyir. 3 may 1919-cu ildə AXC-in Ermənistan­dakı diplomatik nümayəndəsi Ermə­nistan hökumətinə bəyanat verdi. AXC hökuməti bütün vasitələrlə Naxçıvanın Ermənistan tərəfindən ilhaqına mane olmağa çalışsa da, təhlükə lap yaxında idi.

1919-cu il iyunun 21-də erməni qo­şunları Naxçıvan bölgəsini qismən işğal etdilər. Naxçıvanla yanaşı, Vedibasar, Şərur, Şahtaxtı, Ordubad, Zəngəzur hücumlara məruz qaldı. İngilislər ermə­nilərin vəhşi zorakılıqlarına göz yumur­dular. Naxçıvanda əhali adından çıxış edən Hacı Həsənli demişdi: “Biz ingilis hökumətinin əmrinə razı olub daşnak respublikasını qəbul etməyəcəyik. Nax­çıvan ölkəsini al qanımızla hər cür təca­vüzkarlardan müdafiə edəcəyik”. 

Tanınmış yazıçı, publisist, icti­mai xadim Əli Səbri Qasımov Zaqafqaziya Ali Komissarı Haskellə 1919-cu il sentyabrın 9-da Naxçıvan nümayəndələrinin Tiflisdə görüşündə müraciətlə demişdi: “Naxçıvan əlin­də silah öz istiqlalını son nəfəsinədək qoruyacaqdır. Biz Ermənistan adlı hö­kumət tanımırıq”. Bu müraciət “Azər­baycan” qəzetinin 1919-cu il, 193-cü nömrəsində dərc edilmişdi. 

(ardı var)

Eynulla MƏDƏTLİ,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini, tarix elmləri dokroru

Siyasət