“KOB evləri” – özəl bölmənin arxa-dayağı

post-img

“Bakı evi”ndə bu ilin ilk kredit aksiyası keçirilib

Ölkə iqtisadiyyatının dinamik inkişafında mühüm rol oynayan özəl sektora dövlət dəstəyi getdikcə gücləndirilir, sahibkarlığın inkişafı üçün əlverişli biz­nes və investisiya mühiti formalaşdırılır. Bunun nəticəsidir ki, son illər iqtisa­diyyatın hərəkətverici qüvvəsinə çevrilmiş özəl sektorun ümumi daxili məhsul istehsalında payı ildən-ilə artır. İndi ölkənin qeyri-neft sektorunu əhatə edən layihələrin əksəriyyəti məhz sahibkarların, xüsusən də kiçik və orta biznes subyektlərinin səyləri və onların vəsaitləri hesabına reallaşdırılır. 

Son illər Azərbaycan dövləti kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi məqsədilə bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirir. Bu baxımdan ölkədə yara­dılmış kiçik və orta biznes (KOB) evləri vasitəsilə sahibkarlara göstərilən xidmət­lər diqqət çəkir. Məlumat üçün bildiririk ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) struktur bölməsi olan KOB evləri sahibkarlara dövlət və biznes xidmətləri­nin təqdim olunduğu vahid məkandır.

Bu yaxınlarda “Bakı KOB evi”ndə 2024-cü ilin ilk investisiya təşviqi sənəd­ləri təqdim edilib. 3 sahibkara verilmiş sənədlər “VVE GROVV” MMC-nin “Mey­və şirəsinin hazırlanması və qablaşdırıl­ması”, “Promalt” MMC-nin “Yeni texno­logiyanın tətbiqi ilə arpa səmənisi (malt) istehsalı zavodunun tikintisi və yüksək keyfiyyətli arpa səmənisi xammalının is­tehsalı” və “Fruit Aqro” QSC-nin “Müxtəlif meyvələrin emalının təşkili” layihələrini əhatə edib. 

İnvestisiya təşviqi sənədi almış la­yihələr qida məhsullarının istehsalı sahə­sində olmaqla, Qusar, İmişli və Samux rayonlarında həyata keçiriləcək. Həmin layihələrin reallaşması nəticəsində yerli istehsala təqribən 20,3 milyon manat in­vestisiya yatırılacağı, 60-dan çox yeni iş yerinin açılacağı nəzərdə tutulur.

Qeyd edək ki, investisiya təşviqi sənə­di hüquqi şəxslərə və fərdi sahibkarlara Azərbaycan Respublikasının Vergi Mə­cəlləsində və “Gömrük tarifi haqqında” Qanunda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir. İnves­tisiya təşviqi sənədini almış sahibkarlar 7 il müdətində mənfəət və gəlirin 50 faizinin vergisindən, əmlak və torpaq vergisindən, həmçinin idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğuların idxalı üçün ƏDV-dən və gömrük rüsumundan azad edilir. Bütövlükdə isə, ötən müddətdə ölkəmiz­də sahibkarların 588 layihəsinə investi­siya təşviqi sənədi verilib. Bu mexanizm sahibkarlara investisiya layihələrinə daha çox vəsait yönəltməyə, istehsalın və rəqabətqabiliyyətli məhsul ixracının ge­nişləndirilməsinə əlavə imkan yaradır.

Yeri gəlmişkən, 6 il əvvəl İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biz­nesin İnkişafı Agentliyinin fəaliyyətə baş­laması bu sahədə böyük işdə canlanmaya səbəb olub. 2018-ci ildə nizamnaməsinin və struktutunun təsdiq olunması ilə fəa­liyyətə başlamış agentlik ölkədə kiçik və orta biznesin inkişafını dəstəkləyən, KOB subyektlərinə bir sıra xidmətlər göstərən, dövlət orqanlarının bu sahədə xidmətlə­rinin əlaqələndirilməsini və tənzimlənmə­sini həyata keçirən publik hüquqi şəxs­dir. KOBİA-nın məqsədi Azərbaycanda davamlı iqtisadi inkişafın təmin edilməsi üçün kiçik və orta biznesin iqtisadi inki­şafda rolunun, ÜDM-də və məşğulluqda payının artırılması, rəqabət qabiliyyətinin gücləndirilməsidir. 

KOBİA-nın qarşısında kiçik və orta biznes subyektlərinin ölkə iqtisadiyya­tında rolunu möhkəmləndirmək, maliyyə resurslarına çıxış imkanlarını genişlən­dirmək, dövlət və özəl qurumların bu sahədə fəaliyyətini əlaqələndirmək, regi­onlarda sahibkarlığın inkişafına əlverişli şərait yaratmaq, bu sahəyə yerli və xarici investisiyaların cəlb edilməsinə nail ol­maq kimi prioritet vəzifələr durur. Bu və­zifələrin uğurla reallaşdırılması üçün ölkə ərazisində kiçik və orta biznes (KOB) ev­ləri yaradılır. Burada xidmətlər operativlik, şəffaflıq, nəzakətlilik və rahatlıq prinsipləri əsasında həyata keçirilir. Biznes xidmət­lərinin bir məkanda toplanması, vaxta və xərclərə qənaət, operativlik KOB evlərinin əsas üstünlükləridir. 

Xatırladaq ki, ölkə üzrə sayca 3-cü olan “Bakı KOB evi”ndə dövlət və özəl qurumlar tərəfindən biznes subyektlərinə sahibkarlıq fəaliyyəti üçün zəruri olan xidmətlər göstərilir. Ümumilikdə, burada sahibkarlara 29 dövlət qurumu tərəfindən 150-dən çox, 20 özəl qurum tərəfindən isə 100-dən çox adda xidmət təqdim olu­nur. Həmin xidmətlərə biznesin qeydiyya­tı, lisenziya və icazələrin alınması, biznes planın hazırlanması, güzəştli maliyyə vəsaitlərinə çıxış, vergi, gömrük, reklam, qida təhlükəsizliyi, kommunal xidmətlərə qoşulma, notariat və digər məsələlər daxildir. Bundan əlavə, kiçik və orta biz­nes subyektləri burada yaradılmış Bey­nəlxalq Ticarət, İnkişaf və Logistika Zona­sında Dövlət Gömrük Komitəsi, eləcə də gömrüklə əlaqəli xidmətlər təqdim edən gömrük təmsilçiləri, logistika şirkətləri və digər idxal-ixrac əməliyyatları ilə bağlı geniş spektrli xidmətlər göstərilir. təqdim olunur. Bütövlükdə isə, ümumi sahəsi 11 min kvadratmetrdən çox olan və 3 mərtə­bədən ibarət “Bakı KOB evi”ndə sahib­karlara lazımi xidmətlər göstərən bir sıra dövlət qurumları ilə yanaşı, onların maliy­yə əlçatanlığının təmin olunması məqsə­dilə 5 bankın, lizinq və sığorta şirkətlərinin fəaliyyət masaları da mövcuddur. 

Hazırda KOB evləri Bakı, Xaçmaz və Yevlax şəhərlərində fəaliyyət göstərir. Bu yaxınlarda isə daha bir KOB evinin Gəncə şəhərində fəaliyyətə başlaması nəzərdə tutulur. 70 xidmət masasının quraşdırıla­cağı yeni KOB evində Gəncə–Daşkəsən iqtisadi rayonundan olan sahibkarlıq subyektlərinə bir çox qurumlar tərəfindən 150-yə yaxın dövlət-biznes xidmətləri, bank, sığorta, lizinq, broker kimi özəl təş­kilatlar tərəfindən isə 100-dək zəruri biz­nes xidmətləri göstəriləcək. 

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat