Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirib

post-img

Bu gün Fövqəladə Hallar Nazirliyi və “Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə metronun “Sahil” stansiyasında təlim keçirilib. Məlumatı FHN mətbuat xidməti verib. 

Təlimin mövzusu “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili” olub. Əvvəlcə, FHN-in “112” qaynar telefon xəttinə metronun “Sahil” stansiyasında yerləşən kabel kollektorunun elektrik avadanlıqlarında “yanğın” baş verməsi barədə “məlumat daxil olub” və dərhal nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti xidmətləri və Bakı Regional Mərkəzinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Şərti hadisə ilə bağlı metropoliten əməkdaşları tərəfindən, əvvəlcə stansiyanın bağlanması, tuneldə işçi işıqların yandırılması, təmas relslərindən gərginliyin kəsilməsi üçün qısaqapayıcıların pozulması, keçid qapılarının açılması işləri həyata keçirilib.

FHN-in mobil yanğın-xilasetmə qrupları tərəfindən fərdi mühafizə vasitələrindən istifadə edilməklə operativ olaraq kəşfiyyat və əməliyyat şəraitinin qiymətləndirilməsi işləri aparılıb, qısa müddətdə şərti yanğın söndürülüb, xilasetmə vasitələri tətbiq edilməklə “zərərçəkmişlər” təxliyə olunaraq onlara “ilkin yardım göstərilib”.

Uğurla keçən təlimdən sonra nəticələr müzakirə olunub, FHN və metropoliten əməkdaşları arasında obyektdə baş verə biləcək fövqəladə hallarda xilasetmə işlərinin aparılması, zərərçəkmişlərə ilkin yardımın göstərilməsi və təxliyə zamanı təhlükəsizlik qaydaları ilə bağlı fikir mübadiləsi aparılıb.

Təlimə FHN-in ümumilikdə 5 texnikası və 43 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.

P.ƏMİRCANOV
XQ







Sosial həyat