“Sehrli xalat” geyinmiş oğlan...

post-img

30 il əvvəl ABŞ-a köçmüş Azər Qurbanov bir daha Bakıya dönə bilmədi 

Onun haqqında keçmiş zamanda danışmaq çox çətindir. Çünki həyatda Azər qədər pozitiv, nikbin, həyatsevər, qohumcanlı, dostcanlı çox az adam tanıyıram. 

Bibimin atası Muxtar Qur­banov Şuşanın Malıbəyli kən­dindən idi və 30–40-cı illərdə Gəncə toylarının böyük əksə­riyyətini o, eləcə də qardaşları Həmid və Əsgər Qurbanovlar aparıblar. Opera və balet te­atrının solisti, respublikanın Əməkdar artisti olan bibim Xurşid Qurbanovanın qeyri-adi, gözəl səsi olub. O, Gən­cədə doğulsa da, oğlu Azər 1953-cü il aprelin 23-də Bakı­da dünyaya göz açıb və orta təhsilini paytaxtdakı 225 nöm­rəli orta məktəbdə rus dilində alıb. Onun da yaxşı səsi vardı. Buna görə də konservatoriya­nın vokal fakültəsini bitirib. 

Lakin Azər kinoya daha çox həvəs göstərib. Ekran­da ilk debütü 7 yaşında “Bir məhəlləli iki oğlan” filmində olub. Daha sonra “Əcnəbi qız” (1965), “Bizim oynadığı­mız dənizdə” (1967), ilk so­vet-yuqoslav birgə filmi olan “Mavi quş, yolun açıq olsun” (1967) filmlərində rol alıb. Odessa kinostudiyasının is­tehsalı olan “Hakim”, “Əcnəbi qadın”, “Külək” filmlərində də çəkilib. Ona ən böyük uğuru isə “Sehrli xalat” filmindəki Rəşid obrazı gətirib. 

Redaksiyadan Azərlə bağlı yazı hazırlamaq tapşırı­ğını alanda ilk yadıma düşən Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov oldu. Bilirdim ki, Yusif müəllim onunla tez-tez əlaqə saxlayır və həm də “Sehrli xalat”da bir yerdə çəkiliblər. Onun bu barədə dedikləri: “Mərhum kinorejis­sorumuz Əlisəttar Atakişiyev Azəri yüzlərlə uşağın arasın­dan seçmişdi və sonralar da sübut olundu ki, bu seçimin alternativi yox imiş. Yadım­dadır, çəkiliş meydançasında hamıdan fərqlənirdi, rejisso­run tapşırıqlarını o dəqiqə anlayır və rolu ustalıqla ifa edirdi. Aktyorluq qabiliyyə­ti açıq-aşkar hiss olunurdu. Filmi səsləndirmə mərhələ­sində rejissor səslərin sına­ğını keçirdi və mənim səsim bəyənildi. Çünki Azər rus di­lində təhsil aldığından onun Azərbaycan dili nisbətən zəif idi. Onu mən səsləndirməli ol­dum və əslində, həmin filmdə ikimiz birlikdəyik, yəni onun körkəmi, mənim isə səsim.

Azər ABŞ-da olanda da telefon əlaqələrimiz olub. Təəssüf edirəm ki, biz 10 il qabaq “Sehrli xalat”ın 50 illik yubileyini keçirəndə söz versə də, gələ bilmədi. İndi yenidən təəssüf edirəm ki, bu ilin okt­yabrında həmin filmin 60 illik yubileyində sehrli oğlan Azər yenə iştirak edə bilməyəcək”.

Yusif müəllim çox dəqiq ifadə etdi: “Sehrli oğlan”. Biz Azərlə qan qohumu olsaq da, ömrünün sonuna kimi onu elə sehrli, sirli-soraqlı oğlan kimi tanıdım. Halbuki yuxarıda qeyd etdiyim kimi, həddin­dən artıq səmimi, mehriban, komplekssiz bir oğlan idi.

Yay tətillərində bibimlə tez-tez bizə gəlirdi. Göygölə, Kürün sahillərinə gedərdik. 13-14 yaşlarında artıq özünü peşəkar aktyor kimi aparırdı. Elə də yaş fərqimiz yox idi. Gələn kimi mənə, bacılarıma, ondan ötrü ətrafımıza yığı­şan uşaqların hərəsinə bir rol tapşırır, özü də oxuyub-oyna­maqla yanaşı, həm də gözəl rejissorluq edirdi.

Bakıda Azərin sonuncu sinifdə oxumağı ilə mənim tələbəlik illərimin başlanma­sı eyni vaxta düşdü. Tez-tez onlara gedirdim. Bibim deyir­di ki, Azər Ümumittifaq Kine­motoqrafiya İnstitutuna daxil olmaq istəyir. Gecə-gündüz hazırlaşırdı. Bir gün də onlara gələndə gördüm ki, dostları, tanışları bura yığışıb. Sən demə, Bakıya həmin institut üçün tələbə seçməyə gələn SSRİ xalq artisti Yevgeni Mat­veyev 200 abituriyent içəri­sində yalnız Azərə 5 qiymət yazıb və beləliklə də o, Mos­kvaya təhsil almağa getdi. Səhv etmirəmsə, Xalq artisti Həmidə Ömərova da həmin ali məktəbin tələbəsi adını qazanmışdı.

Bax, elə Azərin sirli-so­raqlı həyatı da bundan son­ra başladı.Tez-tez Azərdən hal-əhval tuturdum. Deyirdi yataqxanada qalır, çox yax­şı da oxuyur, elə bir nara­hatlıq yoxdur. Amma sonra müəyyən səbəblərdən Azər Kinematoqrafiya İnstitutunu Leninqraddakı Şukin adına Teatr İnstitutuna dəyişdirməli olmuşdu...

Bir müddət Bakıda qaldıq­dan sonra, 90-cı illərin əvvəl­lərində Azər ABŞ-a köçməyi qərara aldı. Fikirləşdi ki, ulduz kimi orada da parlamaq olar. Təəssüf ki, o cür düşündü və aktyorluq sənətini davam et­dirə bilmədi. Orada özünün dərzi şirkətini yaratdı. Gözəl əl işləri vardı. Lakin müəyyən vaxt keçdikdən sonra o işdən də əl çəkməli oldu. O qədər də qazanc gətirməyən başqa bir işin qulpundan yapışdı. Amma razı idi. Yeganə narahatlığı bibimdən idi. Azər ona həddin­dən artıq bağlı adam idi. Tez-tez mənə də yazırdı, bibim hər həftə zəng edirdi. Və bir gün Azərin telefondan qırıq-qırıq səsi gəldi. Bibim vəfat etmişdi.

Son vaxtlar əlaqələrimiz çox azalmışdı. Nəsə yazır­dım, 10-15 gün sonra cavab verirdi, ya vermirdi. Görü­nür, ciddi xəstəliyə tutulması sehrli, sirli-soraqlı oğlanı öz aləminə – acılı-şirinli, səhv­li-səhvsiz günlərə, xatirələ­rinə qaytarmışdı...

Bir neçə il qabaq ondan müsahibə götürən saytların hansısa Azərin dediyi “Vətə­ninizi heç vaxt tərk etməyin” sözlərini yazının sərlövhəsinə çıxarmışdı...

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri



Sosial həyat