Yaşıl meydanın hökmdarı

post-img

Tofiq Bəhramovu xatırlayarkən

29 yanvar 1925-ci il. Beynəlxalq Futbol Federasiyası (FİFA) hakimlərinin Azərbaycanda ilk səlahiyyətli nümayəndəsi Tofiq Bəhramovun həyata göz açdığı gün. 99 il əvvəl anadan olmuş Tofiq müəllim 68 yaşında, 1993-cü il martın 26-da dünya şöhrətli hakim kimi əbədiyyətə qovuşub. 

T.Bəhramovun futbolda keçdiyi qürur­lu yol, xüsusən də Londonun “Uembli” sta­dionunda dünya çempionatı—66-nın İn­giltərə—AFR finalında qəbul etdiyi dəqiq qərar bu gözəl oyunun pərəstişkarlarına çoxdan yaxşı məlumdur və bu gün də həmyerlimiz minnətdarlıqla xatırlanır.

London—66-dan sonra Sovet İtti­faqının ən yaxşı hakimlərindən biri kimi daha da məşhurlaşan T. Bəhramov Mexi­co-70-ə də dəvət olunmuşdu. Moskvada nəşr olunan çox populyar “Sportivnıye iqrı” jurnalı Meksikada dünya çempio­natı günlərində Bəhramovun idarə etdiyi oyunlardan biri haqqında belə yazmışdı:

“İyunun 6-da Tofiq Mərakeş və Peru komandalarının görüşündə hakimlik etdi. Çempionat başlamazdan əvvəl hər iki komanda autsayderlər sırasına aid edi­lirdi. Lakin əvvəlki turda Peru futbolçuları bolqarlarla oyunda sübut etmişdilər ki, yaxşı futbol oynamağı bacarırlar. Onlar matçın gedişində 0:2 hesabı ilə uduzma­larına baxmayaraq, oyunda dönüş yara­dıb, qalib gəldilər—3:2. Mərakeşlilər də az qala sensasiyaya səbəb olacaqdılar. Bu komanda Qərbi Almaniya yığması ilə oyunda 1:0 hesabı ilə irəli çıxmışdı. Amma 1966-cı il dünya çempionatının ikinci mükafatçıları çətinliklə də olsa, qələbə qazanmışdılar. 

Bu təfsilatı ona görə xatırladırıq ki, bir çoxlarının fikrincə, Bəhramova asan oyun düşmüşdü. Hərçənd, dünya çem­pionatı görüşləri asan ola bilərmi?! Bir sözlə, bu adi oyun deyildi. Meydançada kəskin mübarizə getdi. Biz həmkarımızın hakimliyini çox diqqətlə, əlimizdə qələm izləyirdik. Demək olar, heç bir qeyd etmə­dik, hakimlik dəqiq və səhvsiz idi. Hətta deyərdik ki, gözəl hakimlik idi.

Final işarəsi eşidiləndə komandala­rın kapitanları dəqiq işinə görə hakimə səmimi minnətdarlıqlarını bildirdilər. Tofiq Bəhramov meydançanı yorğun halda tərk edirdi. Onun üzünü təbəssüm bürümüş­dü”.

Tofiq Bəhram oğlu Bəhramov təkcə həmin gün yox, ondan əvvəl də, sonra da dəfələrlə meydançanı razı halda tərk etmiş və hər dəfə də üzündə təbəssüm görünmüşdür. O, Azərbaycanın futbol hakimləri məktəbinin layiqli təmsilçisi ol­duğunu inamla sübuta yetirmişdir. 

Bu gün diqqətinizə çatdırdığımız foto da tarixin səhifələrinə Meksika mundi­alından köçüb. Həmin il iyunun 17-də Qvadalaxara şəhərində keçirilmiş Brazili­ya—Uruqvay görüşündə sovet hakimi To­fiq Bəhramov ispaniyalı baş hakim Xose Ortis de Mendibilin köməkçisi olmuşdur. Oyunda hesabı uruqvaylı Luis Kubilya açmış, braziliyalılar isə buna Klodoaldo, Jairzinyo və Rivelinonun 3 qolu ilə cavab vermişlər. Mario Zaqallonun komandası­nın 3:1 hesablı qələbəsi onu finala çıxar­mışdır.

Bu da çox maraqlıdır ki, təqdim etdi­yimiz fotoda Bəhramovla braziliyalıların kapitanı Karlos Alberto Torresi (sarı köy­nəkdə) yanaşı görürük. Onda kimin ağlı­na gələrdi ki, vaxt gələcək, Torres Bəh­ramovun vətəni Azərbaycanda bir neçə il millimizin baş məşqçisi olacaq…

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

İdman