Silahlı münaqişələrin beynəlxalq-hüquqi aspekti barədə yeni nəşr

post-img

Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sabiq sədr müavini Üzeyir Məmmədovun və Bakı Dövlət Universitetinin “Hüquq Klinikasının” rəhbəri Turqay Hüseynovun redaktorluğu ilə “Silahlı münaqişələr zamanı və münaqişədən sonrakı vəziyyətlərdə insan hüquqlarının müdafiəsi: beynəlxalq-hüquqi aspekt” adlı kitab (rus dilində) nəşr olunub.

Kitabda beynəlxalq insan hüquqları və beynəlxalq humanitar hüququn ümumi məsələləri, silahlı münaqişələr zamanı ayrı-ayrı insan hüquq və azadlıqlarının müdafiəsi, eləcə də münaqişədən sonrakı dövrdə onların bərpası və həyata keçirilməsi xüsusiyyətləri araşdırılıb. Bu tədqiqat işində beynəlxalq-hüquqi sənədlərdən, universal və regional səviyyəli məhkəmə və kvaziməhkəmə orqanlarının praktikasından və presedentlərindən, habelə doktrinadan geniş istifadə edilib.

1104 səhifədən, 8 bölmədən ibarət olan nəşr ilk növbədə insan hüquqları sahəsində magistr proqramı üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulub. 

Kitabdan, eyni zamanda, universitetlərin tələbə, doktorant və müəllimləri, hərbi və ya hüquq-mühafizə təhsili müəssisələrinin kursant və müdavimləri, mütəxəssislər, ümumiyyətlə, silahlı münaqişələr zamanı və münaqişədən sonrakı vəziyyətlərdə insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsinin beynəlxalq-hüquqi aspektləri ilə maraqlanan hər kəs istifadə edə bilər.

Qabil YUSİFOĞLU
XQ

 

 

Sosial həyat