Təşkilat sədri: Ermənistanı ətraf mühitin qorunması məsələlərində məsuliyyətli davranışa dəvət edirik

post-img

Bir neçə ay bundan öncə qeyri-hökumət təşkilatları olaraq “Environmental Protection First” (EPF) Koalisiyasını yaratdıq. Həmin koalisiyanın məqsədi Ermənistanda aparılan qeyri-şəffaf dağ mədən sənayesi işlərinin dayandırılması və burada çalışan yerli və xarici şirkətlərin məsuliyyətli davranışa cəlb edilməsi, beynəlxalq ətraf mühitin qorunması üzrə norma və standartların gözlənilməsinə çağırış etmək idi. Hazırda bütün dünyada ən çox trend olan məsələ iqlim dəyişmələridir. Ətraf mühitə əsasən insan təsirinin nəticəsi olan həmin qlobal dəyişikliklər bütün bəşəriyyət üçün narahatlıq doğurur. Ermənistan Respublikasının dağ mədən sənayesi işləri də havanın, su ehtiyatlarının çirklənməsinə gətirib çıxarır. Bu, təkcə Ermənistan sərhədlərində qalmır, eyni zamanda, Cənubi Qafqaz regionunu da təhdid edir. Belə ki, aparılan dağ mədən sənayesi işləri transsərhəd çayları, regionun atmosferini, şirin su ehtiyatlarını, torpaq ekosistemini çirkləndirir, fauna və florasının məhvi ilə nəticələnir.

Bunu müsahibəsində “Sağlamlığa Xidmət” İctimai Birliyinin sədri Pərvanə Vəliyeva “Environmental Protection First” Koalisiyasının Ermənistanın dağ-mədən sənayesində çalışan yerli və xarici şirkətləri Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi sənədlərini, yaxud qiymətləndirmənin nəticələrini ictimaiyyətə açıqlamaq çağırışı ilə bağlı deyib.

P.Vəliyeva bildirib ki, BMT təmiz hava və sağlamlığı əsas insan hüququ kimi tanıyıb. BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri də 2030-cu ilə qədər sağlam gələcək, eyni zamanda, ətraf mühitin qorunması ilə bağlı bir sıra hədəflər ortaya qoyur. Bütün dünya dövlətləri də 2030-cu ilə qədər həmin hədəflərə çatmaq üçün öhdəliklər götürüblər. Ətraf mühit məsələləri insanların sağlamlığına ciddi şəkildə təsir göstərir. Hava və suyun çirklənməsi respirator xəstəliklər, ürək-qan damar problemlərinin yaranması, eyni zamanda, uşaqların vaxtından əvvəl doğulması və ölümü ilə nəticələnir.

“Təsadüfi deyil ki, həmin məsələ COP28-də yəni BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında – COP28-də açıq şəkildə qeyd edilib. Nəzərə alsaq ki, bu il COP29 Cənubi Qafqazda, yəni Azərbaycanda keçiriləcək, Ermənistanı da ətraf mühitin qorunması məsələlərində məsuliyyətli davranışa dəvət edirik. Burada dağ-mədən sənayesinə cəlb edilmiş şirkətlər ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə sənədlərini ictimaiyyətlə bölüşməlidirlər. Koalisiya olaraq əsas hədəflərimizdən, prioritetlərimizdən, tələblərimizdən biri həmin sənədlərin geniş ictimaiyyətlə bölüşülməsi, şirkətlərin öz veb-saytlarında sənədlərin mətnini bütöv şəkildə yerləşdirmələridir. Dəfələrlə həmin şirkətlərə müraciət etsək də təəssüf ki, qarşı tərəf susur. Növbəti mərhələdə biz həmin şirkətlərin Avropa ölkələrində yerləşən baş ofislərinə müraciət edərək, görüşlər almaq, Ermənistanın dağ-mədən sənayesində aparılan işlərin region ekosistemini korlaması barədə onlara məlumat vermək, burada insan hüquqlarının açıq-aşkar şəkildə pozulmasını qeyd etmək niyyətindəyik. Biz həm xarici şirkətlərə, həm də Ermənistan hökumətinə çağırış edərək bildirmək istəyirik ki, dağ-mədən sənayesi müəssisələrinin qapısını beynəlxalq ətraf mühit və səhiyyəyönümlü qeyri-hökumət təşkilatlarına (QHT), eyni zamanda, ekspertlərinə açsınlar, orada aparılan fəaliyyətin monitorinqini, qiymətləndirilməsini, eyni zamanda, müvafiq nümunələrin götürülərək ölçü işlərinin aparılmasını təşkil etmək üçün həmin QHT və beynəlxalq ekspertlərə şərait yaratsınlar”, - deyə təşkilat sədri bildirib.

Sosial həyat