Hulusi Kılıç: Senatın qətnaməsi Fransanın dünya miqyasında nüfuzuna daha ciddi zərbə vuracaq

post-img

Fransa parlamentinin yuxarı palatası Senatın “Ermənistanın ərazi bütövlüyü” adlı sənədi müzakirəyə çıxarması, üstəlik, məhz bu qətnamədə Qarabağdan bəhs etməsi, təkcə beynəlxalq hüququn pozuntusu deyil, bu, həm də açıq-aşkar təxribatdır. “Ermənistanın ərazi bütövlüyü” məsələsinin önə çıxarılmalı olduğu sənədin izah hissəsində yazılan cümləyə baxın: “Azərbaycan Ermənistanla atəşkəsi pozaraq sentyabrın 19-da Dağlıq Qarabağa hücum edib”. Təkcə bu cümlənin özü ərazi bütövlüyünü guya müqəddəs hesab edən bu insanların nə qədər qərəzli və xəstə təfəkkürə, əqidəyə malik olduqlarını sübuta yetirir. Onlara bu haqqı kim verib ki, Qarabağı az qala ayrıca subyekt və ya Ermənistanın tərkib hissəsi kimi göstərsinlər?!

Bu fikirləri  açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç səsləndirib.

Hulusi Kılıç qeyd edib ki, sənəddə, həmçinin Azərbaycanın guya erməni əhalini blokadada saxladığı diqqətə çatdırılır, Ermənistanın UNESCO-dakı nümayəndəsinin sözlərində sitat gətirilib. Nümayəndənin söylədiyi böhtan xarakterli fikirləri senatorlar insanlıq əleyhinə cinayət kimi xarakterizə ediblər və Senatı da bu yalan və uydurmalarla dolu sənədə səs verməyə çağırırlar.

“Araik Arutyunyanın və Ruben Vardanyanın həbsini qeyri-qanuni adlandıran senatorlar həmin o Araikin “Gəncənin vurulması mənim əmrim idi!” etirafını da görməzdən gəlirlər. Azərbaycan və Türkiyə prezidentlərinin Naxçıvan görüşü də bunları narahat edib. Bu, hətta Ermənistan üçün təhdid adlandırılır və Fransanın Ermənistanı silahlandırması faktı xüsusi müsbət amil kimi qeyd olunur. Zəngəzur dəhlizi xofu bu izahda elə təqdim olunur ki, sanki bu məsələ bölgənin gələcəyi üçün real təhdid təşkil edir. Bu cümləyə xüsusilə diqqət yetirin: “Məhz buna görə bu qətnamə təklifi Azərbaycanın Dağlıq Qarabağda həyata keçirdiyi hərbi hücumu pisləmək, Azərbaycan rəsmilərini hədəf alan Avropa səviyyəsində sanksiya rejiminin yaradılması, Ermənistana vasitələr verməklə hər hansı növbəti təcavüz cəhdinin qarşısını almaq, onun müdafiəsini təmin etmək, Ermənistanın ərazi bütövlüyünün pozulmasının qarşısını almaq məqsədini daşıyır”. Bu sözlərin mənası və çirkin məqsədi nədir? Gəlin buna diqqət edək. Burada əsas amillərdən biri hadisələrin əsl mahiyyətini saxtalaşdırmaq, həmçinin Azərbaycana və Türkiyəyə böhtan ataraq həm Fransanı, həm də dünya ictimaiyyətini çaşdırmaqdır. Bu, həm də iki qardaş ölkənin timsalında düşmən obrazı formalaşdırmaq, “barbar türk” obrazını yenidən canlandırmaq, Avropada və Fransada türk düşmənçiliyini daha da artırmaqdır.

Bu amillərə daha bir neçəsini də əlavə etmək olar. Məsələn, Azərbaycana və Türkiyəyə təzyiq edərək beynəlxalq müstəvidə və regional miqyasda dividend əldə etmək. Məlumdur ki, Fransa faktiki olaraq Afrikada və başqa bölgələrdə bu mənada ciddi itkilərə məruz qalıb. Ölkələrdən qovulur. Həmin dövlətlərin təbii ehtiyatlarının istismarında böyük problemlər yaşayır. Türkiyəni isə bu problemləri yaşadığına görə əsas rəqiblərindən biri hesab edir. Bununla Fransa hakimiyyəti erməni lobbisinə, necə deyərlər, “yarınmaq” istəyir ki, baxın, biz Ermənistanı tək qoymadıq. Bunlar aydındır. Lakin Fransa bir məsələni əsla unutmamalıdır”, - deyə sabiq səfir vurğulayıb.

Azərbaycan və Türkiyənin heç vaxt bu uydurma qətnamədən qorxmayacağını xüsusi qeyd edən Kılıç bildirib: “Əksinə, bu qətnamə Fransanın dünya miqyasında nüfuzuna daha ciddi zərbə vuracaq. İki qardaş ölkə xarici siyasətlərində Fransa cinayətlərinin ifşasına daha da çox yer ayıracaqlar. Xüsusilə də Afrikada və digər koloniyalarda həm Azərbaycanın, həm də Türkiyənin artan təsiri, gücü və rolu Fransanın başını hələ çox ağrıdacaq. Artıq həmin müstəmləkələrdə keçirilən mitinqlərdə belə Azərbaycan Bayrağı qaldırılır. Fransa bu mesajı unutmamalıdır. Sanksiya bir xülyadır. Hansı adla sanksiya olacaq? Azərbaycan separatçılığın kökünü kəsdiyinə və beləliklə, postsovet məkanında bir presedent yaratdığına görəmi sanksiya alacaq?! Buna ancaq axmaqlar inanar. İkincisi, sənəddə deyilir ki, Azərbaycandan neft və qaz alınmasına sanksiya tətbiq olunsun. Axı, buna indiki şəraitdə kim və hansı dövlət gedər?! Onsuz da Rusiya sanksiyalarına qarşı Avropada narazılığın hər keçən gün artması bir faktdır. Belə bir şəraitdə “biz Azərbaycandan qaz almırıq” deyərək məsələ bitər?! Əsla yox! Bəs o zaman insanlara nə deyəcəklər? Deyəcəklər ki, Azərbaycan separatçılığa son qoyduğu üçün ondan qaz almağı dayandırırıq? O zaman əhali soruşmayacaq ki, bəs Ukrayna öz ərazisində nə ilə məşğuldur və biz Ukraynanı bu məntiqlə niyə dəstəkləyirik!? Digər tərəfdən, qaz və neft müqavilələrindən birtərəfli qaydada imtina milyardlarla dollar cərimə deməkdir. Həmin şirkətlər bununla barışacaqlarmı? Əsla yox! Həm də niyə barışsınlar axı?! Emmanuel Makron bu gün deyir ki, “Biz Ukraynaya dəstəyimizi davam etdirməliyik. Çünki Rusiyanın qələbəsi beynəlxalq nizamı poza bilər”. Belə olan halda Ermənistanın Qarabağı işğal altında saxlaması dünya nizamı üçün təhdid deyildi bəs nə idi?!”.

Sabiq səfir bu şəxslərə tövsiyə verib və onlardan tələb edib ki, tariximizlə, tarixi şəxsiyyətlərimizlə belə formada rəftar etməsinlər. Vaxtilə Fransanı İspaniya Kralının əlindən Osmanlı padşahları xilas ediblər. Çox yox, cəmi beş yüz il əvvəl Fransa Kralı Fransuanın sultan Süleymandan necə imdad diləməsini unutmasınlar. “Tarix yalan, böhtan və təhqiri sevmir. Biz tariximizlə üzləşməyə hazırıq. Ancaq görək Fransa da öz ləkəli tarixi ilə üzləşməyə hazırdırmı?! Qətiyyən yox! Digər tərəfdən əgər siz ermənilər üçün ikinci dövlət qurmaq fikrindəsinizsə, Fransanın ərazisi daha böyükdür. Orada bu dövləti rahatlıqla qura bilərsiniz. Məsələn, məncə, paytaxtı Marsel olan Artsax Xalq Demokratik Respublikası pis ideya deyil. Hətta Marselin adını dəyişib Stepanakert də qoymaq olar”, - deyən H.Kılıç sözlərinə belə davam edib: “Baxın, Fransa Qəmər adalarına məxsus Mayot adasını rəsmən işğal edib və oranı bu gün də azad etmək istəmir ki, bu da beynəlxalq hüquqa ziddir. Fransa neokolonializm siyasətini ən iyrənc şəkildə davam etdirir. Gedin Korsikaya, Yeni Kaledoniyaya və ya Qvianaya, xalqla danışın. Onlar sizə dəqiq deyəcəklər ki, Fransa o xalqlara hansı zülmü edir, özü də XXI əsrdə, bu “adil” dünyanın gözü qarşısında. Sonda Fransaya verdiyim tövsiyə budur ki, yanlış yoldasınız, nə qədər tez dönsəniz, qazanan siz olacaqsınız, dönməsəniz, itirən də yenə siz olacaqsınız. Azərbaycan indi çox güclüdür. Bu faktı da unutmayın ki, Azərbaycana müdaxilə Türkiyəyə müdaxilə deməkdir. Bu iki dövlətlə hər mənada qarşı-qarşıya gəlmək heç kim üçün faydalı və uğurlu ola bilməz. Bunu əsla yaddan çıxarmayın”.

Siyasət