Fevralın 7-nə təyin olunan prezident seçkilərində polis əməkdaşlarının xidməti fəaliyyətinin təkmilləşdirilməsinə dair seminar-müşavirəsi keçirilib.
Mərkəzi Seçki Komissiyası (MSK) və Daxili İşlər Nazirliyi tərəfindən birgə təşkil olunan seminar-müşavirədə MSK-nın, nazirliyin, şəhər və rayon polis idarələrinin nümayəndələri və dairə seçki komissiyalarının sədrləri iştirak ediblər.
Tədbirin təşkilində əsas məqsəd seçki qanunvericiliyinin və polisin üzərinə düşən vəzifələrin izah edilməsi olub.
Seminar-müşavirədə Mərkəzi Seçki Komissiyasının üzvü Fuad Cavadov seçki qanunvericiliyi, seçki sistemi, səsvermə prosesi, onun mərhələləri və müddətləri, seçki komissiyaları və polis orqanlarının birgə fəaliyyəti mövzularında çıxış edib.
Daxili İşlər Nazirliyinin nümayəndələri Sənan Əliyev və Cavid Cəfərov seçki kampaniyası dövründə və səsvermə günü ictimai qaydanın təmin edilməsi ilə bağlı polis əməkdaşlarının hüquq və vəzifələrindən danışıblar. Səsvermədən sonra seçki bülletenlərinin və digər sənədlərin dairə və Mərkəzi Seçki Komissiyasına gətirilməsi zamanı yüksək təhlükəsizlik tədbirlərinin görülməsinin vacibliyi vurğulanıb.
Mərkəzi Seçki Komissiyasının katibliyinin əməkdaşı Cavid Zeynalov isə seçki subyektləri, onların hüquq və vəzifələri, seçki subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilənin yolverilməzliyi barədə çıxış edib.
Seminar-müşavirənin sonunda müxtəlif mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.