Bu gün Dünya Qoruqlar və Milli Parklar Günüdür

post-img

Ölkə ərazisindəki bütün milli parklarda “Açıq qapı” günü elan olunub.

Bu gün Dünya Qoruqlar və Milli Parklar Günüdür. 1917-ci il yanvarın 11-də dünyada ilk dəfə Rusiyada nadir heyvanların qorunması məqsədilə Baykal gölü üzərində Barquzin Dövlət Qoruğu yaradılıb.

Bu təqvim günü 1997-ci ildən etibarən Ümumdünya Vəhşi Təbiət Fondunun təşəbbüsü ilə qeyd olunur.

Bu günün keçirilməsində məqsəd biomüxtəlifliyin, təbii ekosistemlərin qorunmasında və planetin rifahının təmin edilməsində milli parklar və qoruqlar kimi mühafizə olunan təbiət ərazilərin əhəmiyyətini vurğulamaqdır.

Azərbaycanın xüsusi mühafizə olunan təbiət əraziləri

Hazırda Azərbaycanda 893 min hektar sahəni əhatə edən mühafizə olunan təbiət əraziləri fəaliyyət göstərir. Bunlardan 10-u milli park, 10-u dövlət təbiət qoruğu, 24-ü dövlət təbiət yasaqlığıdır. Ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10.31 faizini, ayrılıqda milli parklar ölkə ərazisinin 4.87, dövlət təbiət qoruqları 1.39, dövlət təbiət yasaqlıqları isə 4.05 faizini təşkil edir. Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng biomüxtəliflik və landşaft komplekslərini əhatə edir.

Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılmasına 1910-cu ildən başlanılıb. 3 min 500 hektar sahədə yaradılmış Eldar şamı Botaniki Yasaqlığı Azərbaycanın, eləcə də Cənubi Qafqazın ilk xüsusi mühafizə olunan təbiət ərazisi hesab edilir. İlk qoruq 1925-ci ildə yaradılmış Göygöl Dövlət Təbiət Qoruğu, ilk milli park isə 2003-cu ildə yaradılmış Həsən Əliyev adına Zəngəzur Milli Parkıdır. 2018-ci ildə yaradılan ən sonuncu milli park isə 100 hektaradək ərazini əhatə edən Qızılağac Milli Parkıdır.

Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən Zaqatala Dövlət Təbiət Qoruğunun bazasında “Zaqatala-Balakən bioloji rezervatı”nın və Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun bazasında geoparkların yaradılması təşəbbüsləri irəli sürülüb. Hər iki layihənin icrası davam edir. Həmçinin İlisu Dövlət Təbiət Qoruğuna Milli Park statusunun verilməsi və Axar-baxar dağ silsiləsində yeni Milli Parkın yaradılması üçün işlər görülür. Bundan əlavə, Acınohur çölündə milli parkın yaradılması da planlaşdırılır.

Ötən il sentyabrın 17-də UNESCO-nun Ümumdünya İrs Komitəsi Azərbaycanın Hirkan meşələrini UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edib.

Xüsusi mühafizə olunan təbiət ərazilərindən - Bəsitçay, Qaragöl dövlət təbiət qoruqları, Laçın, Qubadlı, Daşaltı, Arazboyu dövlət təbiət yasaqlıqları işğaldan azad edilmiş ərazilərdə yerləşir. Təəssüf ki, 30 ilə yaxın davam edən işğal dövründə həmin təbiət ərazilərinə ciddi ziyan vurulub. Lakin torpaqlarımız işğaldan azad edilən kimi həmin ərazilərdə yerləşən xüsusi mühafizə olunan təbiət ərazilərinin də bərpası istiqamətində işlərə başlanılıb. Belə ki, ölkə başçısının müvafiq Sərəncamına uyğun olaraq Bəsitçay Dövlət Təbiət Qoruğunun yenidən bərpa olunması ilə bağlı tədbirlər görülür. Ərazilər minalardan təmizləndikcə digər qoruq və yasaqlıqların bərpası, həmçinin onlara dəymiş ziyanın daha dəqiq hesablanması istiqamətində tədbirlər davam etdiriləcək.

Milli parklarda meşə, dağ, dəniz və digər təbii ekosistemləri əhatə edən 116 ekoturizm marşrutu mövcuddur

Milli parklar xüsusi mühafizə edilən təbiət əraziləri olmaqla, ətraf mühitin, bioloji müxtəlifliyin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində Azərbaycanın beynəlxalq səviyyədə götürdüyü öhdəliklərin yerinə yetirilməsində xüsusi əhəmiyyət kəsb edir. Ölkə üzrə rəngarəng təbiət komplekslərinə malik 10 milli park fəaliyyət göstərir və hər gün ekoloji turizm həvəskarları üçün açıqdır. Milli parklarda meşə, dağ, dəniz və digər təbii ekosistemləri əhatə edən 116 ekoturizm marşrutu mövcuddur.

Ötən il Azərbaycanın milli parklarını 260 mindən çox turist ziyarət edib. Ən çox ziyarətçiləri olan milli parklar arasında ilk üçlükdə Göygöl, Abşeron və Şahdağ milli parkları qərarlaşıb.

2024-cü “Yaşıl dünya naminə həmrəylik ili”nin ilk bayram günlərində isə Azərbaycanın müxtəlif ekosistemlərini əhatə edən milli parklara 5005 turist səfər edib.

Qeyd edək ki, bu gün ölkə ərazisindəki bütün milli parklarda “Açıq qapı” günü elan olunub. Hər kəs Azərbaycanın müxtəlif bölgələrində yerləşən milli parklara gəlməklə burada füsunkar təbiət ərazilərindən zövq ala və səmərəli gün keçirə bilərlər.

Kiçik addımlar atmaq və təbiətə töhfə verə biləcək təşəbbüslərdə iştirak etməklə biz hamımız təbiət ərazilərinin qorunmasını və gələcək nəsillər üçün davamlı olmasını təmin edə bilərik.

Sosial həyat