Tarixi “İmarət” Ağdamın bugününə qayıdır

post-img

Söhbət Qarabağ xanlarının əbədiyyət ünvanının öyrənilməsindən və bərpasından gedir

Xəbər verdiyimiz kimi, Azərbayan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bu günlərdə Ağdamda olarkən şəhərin keçmişində “İmarət” adı ilə tanınan tarixi kompleksə də baş çəkmiş, burada aparılan elmi-tədqiqat və bərpa-quruculuq işləri ilə tanış olmuşlar. Xatırladaq ki, dövlət başçısı işğaldan azad edilmiş Ağdam şəhərində dövlət bayrağımızı ucaldarkən ilk baş çəkdiyi ünvanlardan biri Qarabağ xanlarının ata-baba mülkü və axirət evi olan “İmarət” tarixi kompleksi olmuşdu. Prezident o zaman Qarabağın keçmişi ilə bağlı bu önəmli tarixi məkanın tədqiq edilməsi və layiqincə bərpa edilməsi barədə göstəriş və tövsiyələrini vermişdi. 

Ötən müddətdə Mədəniyyət Na­zirliyinin Mədəni İrsin Öyrənilməsi və Bərpası Xidməti və Milli Elmlər Aka­demiyasının tarix, arxeologiya, et­noqrafiya qurumları bu qiymətli tarixi məkanda geniş tədqiqat və axtarış iş­ləri aparmış, Qarabağ xanları ailəsinin tarixi ilə bağlı bir çox qiymətli faktları aşkara çıxarmışlar. 

Dövlət başçısının səfərindən dər­hal sonra Mədəniyyət Nazirliyi və Milli Elmlər Akademiyası mərkəzi media təmsilçilərindən ibarət qrupun “İmarət” kompleksinə səfərini təş­kil etmişdir. Burada hər iki qurumun təmsilçiləri jurnalistlərə ötən iki ildə aparılmış axtarış işləri barədə ətraf­lı məlumat vermişlər. Bildirilmişdir ki, ərazidəki sərdabələrdə və kiçik qəbiristanlıqda Qarabağ hökmdar­larının və onların yaxın qohumları­nın 214 məzarı aşkara çıxarılmış, hazırda onların mənsubiyyəti barə­də tədqiqatlar davam etdirilir. Sovet zamanından şəhər stadionu kimi istifadə edilmiş bu ərazidə hazırda dünya şöhrətli Qarabağ atlarının “Cıdır” kompleksi yaradılır. “İmarət” kompleksi isə bərpa edildikdən son­ra muzey kimi fəaliyyət göstərəcək və ölkənin turizm marşrutuna daxil ediləcək. 

30 illik işğal dövründə erməni vandallarının darmadağın etdikləri, tövləyə çevirdikləri bu tarixi məkan Ağdamın ilkin bərpa edilən obyektləri sırasında onun azad bugününə qay­tarılır. 

Əməkdaşlarımızın media turdan hazırladıqları geniş materialı sabah­kı nömrəmizdə oxucularımıza təqdim edəcəyik.

XQ

Sosial həyat