Lavrovun Ermənistana mesajları… və suverenliyin itirilməsi təhlükəsi

post-img

Kremlin baş diplomatından İrəvana xəbərdarlıq

Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun 2023-cü ilin yekunları üzrə TASS-a eksklüziv müsahibəsində səsləndirdiyi fikirlərin təhlili onu göstərir ki, Kremlin ali diplomatı başa çatmaqda olan ildə ölkəsi üçün əhəmiyyət kəsb edən üç məqama diqqəti yönəldir. Bunlardan birincisi Ukrayna, ikincisi Yaxın Şərqdə baş verən proseslər, üçüncüsü isə Azərbaycanla Ermənistan arasındakı durumdur. 

Əslində, Lavrov müsahibəsində daha çox problemli istiqamətlərdən söz açıb. Ukrayna və Yaxın Şərq öz yerində, yazımızda daha çox Rusiya XİN rəhbərinin fikirləri kontekstində Moskvanın İrəvana münasibətindən bəhs edəcəyik. İstər-istəməz, Ba­kı-İrəvan ziddiyyətlərinə də toxuna­caq və Kremlin duruma baxış buca­ğının ayrı-ayrı istiqamətlərinə diqqət yetirəcəyik.

Səni sevəcəyəm, sən sevməsən də. Haşiyə çıxaraq bildirək ki, bu deyim hazırda Rusiyanın Ermənistana yanaş­masındakı başlıca prioritet kimi özünü göstərməkdədir. Bu deyim, eyni zaman­da, İrəvanın Moskvaya münasibətdəki özbaşınalığa dözümün obrazlı ifadəsi kimi də çıxış etməkdədir. Hərçənd, dö­zümün də bir həddi-hüdudu var. 

***

Ancaq Lavrov Ermənistanla bağlı bir çox problematik məqamlardan söz açaraq, hələlik vurğulayır ki, ölkə Rusi­yanın Cənubi Qafqazdakı strateji tərəf­daşı kimi qalmaqdadır. Başqa sözlə desək, İrəvanın Moskvadan qurtuluşu yoxdur. Əslində, buna bənzər fikri Be­larus Prezidenti Aleksandr Lukaşenko Ali Avrasiya İqtisadi Şurasının dekab­rın 25-də Sankt-Peterburqda keçirilmiş iclası öncəsi jurnalistlərin suallarını ca­vablandırarkən də dilə gətirmişdi: “Er­mənistan bizdən heç yerə qaçan deyil”. 

***

İndi isə TASS-ın müxbiri S.Lavrov­dan cavab alması üçün ona təxminən belə bir sual verir: Sizcə, son bir neçə ayda dialoqda yaranmış çətinlikləri nəzərə alsaq, Moskva ilə İrəvan ara­sında münasibətlər gələcəkdə necə inkişaf edə bilər? Rusiya hərbi bazala­rının Ermənistanda davamlı olmasının mümkünlüyünü və onunla NATO ara­sında əməkdaşlıq perspektivlərini necə qiymətləndirirsiniz?

S.Lavrov cavabında bildirib ki, rəs­mi İrəvan Qərbin təbliğatına uyaraq, özünün xarici siyasət xəttini yenidən formatlamağa çalışır. Kremlin baş dip­lomatı bundan təəssüfləndiyini dilə gə­tirir. Onun sözlərinə görə, Ermənistan Rusiya ilə zamanın sınağından çıxmış ittifaqını Qərbin konkret köməyi ilə deyil, yalnız qeyri-müəyyən vədlərinə müqabil olaraq dəyişir. Yəni, deyir ki, Qərb dünyasının İrəvan naminə hazır­kı canfəşanlığı yalnız sözdədir, bunun əməldə heç bir real ifadəsi yoxdur: “Strateji dönüş kursuna haqq qazandır­maq üçün respublikanın bütün bəlala­rını, o cümlədən Qarabağın itirilməsini Rusiyanın üzərinə yıxmağa çalışırlar. Biz dəfələrlə narahatlığımızı açıq şə­kildə demişik. İndi Ermənistan hakimiy­yətinin qeyri-dost addımlarını bir daha sadalamağın mənası yoxdur. Ermə­nistan Cənubi Qafqazda bizim üçün strateji tərəfdaş olub və belə də qalır. Əminik ki, bütün çətinliklər müvəqqəti­dir və siyasi iradə olarsa, onlar aradan qaldırılacaq. Məhz Rusiya-Ermənistan əlaqələrinin davamlı və sistemli inkişafı iki dövlətimizin ortaq dəyərləri və vahid mədəni kodu olan xalqların əsas ma­raqlarına cavab verir”.

***

İlk cümləsindəcə Ermənistanın üzə­rinə yüklənən və baş nazir Nikol Pa­şinyan iqtidarını tənqid edən S.Lavrov ardınca Moskva-İrəvan iqtisadi münasi­bətlərinə köklənir. Bildirir ki, Rusiya və Ermənistan arasında sənaye dialoqu və ticarət-iqtisadi əlaqələr təsirli templə inkişaf edir. Bu, qarşılıqlı əməkdaşlığın bünövrəsidir, həm də Ermənistan iqtisa­diyyatının davamlılığı və ölkə əhalisinin rifahı üçün ən mühüm yardımdır. Yəni, Lavrov xatırladır ki, Ermənistan haki­miyyəti nə qədər Qərbə meyillənsə də, ölkənin nəfəsliyi Rusiyadan asılıdır və deməli, İrəvan Moskvadan canını yalnız iqtisadi müstəvidə ona bağlılığı aradan qaldırdıqdan sonra qurtara bilər. 

Bəli, Kremlin baş diplomatının, ki­fayət qədər, həssas məqama toxun­duğu ortadadır. Onun belə yanaşması baş nazir Nikol Paşinyanın Ali Avrasiya Şurasının iclasında söylədiklərinə də cavab təsiri bağışlamaqdadır. Paşin­yan bildirmişdi ki, Avrasiya İqtisadi İt­tifaqı siyasi manipulyasiya üçün vasitə olmamalı, yalnız iqtisadi təşkilat kimi qalmalıdır. Yəni, Nikol istəyir ki, Qərb xətti götürməsinə rəğmən, Ermənis­tan Aİİ-nin imkanlarından faydalansın. Lavrov isə birbaşa buna toxunmasa da, əslində erməni baş nazirin düşün­cəsinin yolverilməzliyindən danışır. 

Diqqət yetirək, S.Lavrov vurğulayır ki, son illər Ermənistanın ümumdaxi­li məhsulunun sürətli artımı daha çox Rusiya ilə əməkdaşlıq və İrəvanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü ilə bağlıdır. “Dekabrın 14-15-də İrəvanda baş nazir müavinlərinin həmsədrliyi ilə İqtisadi Əməkdaşlıq üzrə Hökumətlə­rarası Komissiyanın 22-ci iclası keçi­rilib. Gələn il Ermənistan Aİİ-yə səd­rlik edəcək. Həmkarlarımıza uğurlar arzulayırıq”, – deyən XİN rəhbərinin Ermənistanın hazırkı inkişaf xəttinin mənbəyinin Rusiya olduğunu diqqətə çatdırdığı tam aydındır.

***

Rusiyanın baş diplomatı başqa bir məqama da toxunur. O deyir ki, Er­mənistan hazırda bir sıra problemlərlə üz-üzədir. Həmin problemlərin inkişaf trayektoriyasına Qərb oyunçularının köməyi ilə təsir mümkün olmayacaq. “ABŞ və Avropa İttifaqı Rusiyadan fərqli olaraq, respublikaya və bütöv­lükdə, Cənubi Qafqaza sülh və sabit­lik gətirməyə çalışmır. Onların vəzifəsi tamam başqadır – Moskvanı və digər regional gücləri sıxışdırıb çıxarmaq, Balkanlar, Yaxın Şərq və Ukrayna­dan sonra yeni gərginlik mənbəyi ya­ratmaq. Çətin vəziyyətdən çıxış yolu göz qabağındadır – İrəvan, Bakı və Moskvanın üçtərəfli razılaşmalarını ən yüksək səviyyədə həyata keçirmək”, – deyən Lavrovun Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıq­ları üçtərəfli bəyanatların məntiqindən kənara çıxılmamasının vacibliyini önə çəkdiyi aşkardır. 

Ancaq hazırda Ermənistan ha­kimiyyəti belə bir yanaşmadan tam uzaqdır. İrəvan üçtərəfli bəyanatları, faktiki olaraq, əhəmiyyətsiz sənəd­lər kimi qiymətləndirir. Digər tərəfdən, ölkə iqtidarının anti-Rusiya ritorikası o dərəcədə güclüdür ki, hazırda İrəvan–Moskva münasibətləri baxımından yeni gərginlik məntiqi görünməkdədir. Söhbət Lavrovun da müsahibəsində haqqında söz açdığı Ermənistandakı 102-ci Rusiya hərbi bazasından gedir. Məlum olduğu kimi, hazırda rəsmi İrə­van Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qarşı çıxmaqla, sözügedən bazanı da bu qurumun hərbi birləşməsi olaraq təqdim edir. 

Doğrudur, Paşinyan iqtidarının təmsilçiləri açıqdan-açığa rus hərbçilə­rinin Ermənistan ərazisindən çıxmasını tələb etmirlər. Ancaq, ümumən, KT­MT-nin ölkə üçün lazımsızlığı məntiqini qabartmaqla, eyni zamanda 102-ci ba­zanın da qeyri-funksionallığı mənzərə­sini formalaşdırırlar. Lavrov isə mü­sahibəsində belə müzakirələri zərərli saydığını vurğulayır: “Onun (102-ci hərbi bazanın -red.) orada yerləşdiril­məsi haqqında saziş 1995-ci il martın 16-da ilk növbədə milli maraqlara və dövlətlərimizin Cənubi Qafqazda sa­bitliyi möhkəmləndirmək məqsədinə əsaslanaraq bağlanıb. Bu gün ordu­muz bu regionda sülhün təmin edilmə­sində əsas elementdir”.

***

Lavrovun müsahibəsində toxun­duğu növbəti məqam isə son vaxtlar İrəvanın NATO və onun ayrı-ayrı üzv ölkələri ilə əməkdaşlığını inkişaf et­dirməsidir. Rusiya XİN rəhbəri bildirib ki, Ermənistan 2023-cü ildə alyansla bir neçə tədbirdə iştirak edib. Ölkə si­lahlı qüvvələrini NATO standartlarına uyğun modernləşdirməkdədir, respub­likanın hərbçiləri Şimali Atlantika blo­kunun bir sıra dövlətlərində təlim ke­çirlər. “Bu, bizi narahat etməyə bilməz. Biz dəfələrlə erməni həmkarlarımızın diqqətinə çatdırmışıq ki, NATO-nun əsl məqsədi regionda öz mövqelərini möhkəmləndirmək və “Parçala, hökm sür!” sxemi ilə manipulyasiyaya şərait yaratmaqdır. Ümid edirəm ki, İrəvan alyansla qarşılıqlı əlaqələrin dərinləş­məsinin milli müdafiə və təhlükəsizlik sahəsində suverenliyin itirilməsinə sə­bəb olduğunu bilir”. 

Bəli, Ermənistanın Qərblə yaxınlıq xəttinin, eləcə də bu xəttin vacib seq­mentini təşkil edən NATO ilə işbirliyinin Rusiyada qıcıq doğurduğu tam aydındır. Nəzərə alaq ki, hazırda da davam edən Rusiya–Ukrayna müharibəsinin motivini eyni amil təşkil etmişdi. Bu isə o demək­dir ki, NATO-nun Şərqə doğru genişlən­məsi, indiki halda İrəvan vasitəsilə Cə­nubi Qafqaza yol tapması Moskva üçün “qırmızı xətt”dir. Belə bir xəttin mövcudlu­ğu xüsusundakı vacib məqam isə Lavro­vun Ermənistanın suverenliyinin itirilməsi məsələsindən söz açmasıdır. 

***

Məlum olduğu kimi, ordusunu NATO standartları ilə yenidən qurmaq istiqamətində addımlar atan Ermənis­tan anti-Azərbaycan ritorikasını əsas götürməklə davam etdirir. İstər-istəməz belə nəticə hasil olur ki, NATO ilə əməkdaşlıq və ordunu gücləndirmək cəhdləri revanşizm naminədir. Nəzərə alaq ki, rəsmi İrəvan bütün platforma­larda Azərbaycanın suveren Ermənis­tan ərazisini işğal etdiyini bildirir. Mən­tiqlə belə qənaətə gəlmək mümkündür ki, erməni ordusunun qarşısında daya­nan bir nömrəli vəzifə məhz işğala son qoymaq olmalıdır. 

Hələ Qarabağ amili də nəzərə alın­malıdır. Azərbaycanla sülhdən dəm vuran Ermənistan iqtidarı Qarabağ er­mənilərinin geri dönüşü xüsusunda ta­mam başqa fikirlərdədir və hesab edir ki, bu qayıdış fövqəladə beynəlxalq tə­minatlar şərtilə gerçəkləşməlidir. Təmi­natın əldə olunmasının yeganə yolu isə gücdür. Çünki Azərbaycan öz mövqe­yində qətidir: Ya Qarabağ erməniləri Azərbaycan vətəndaşları qismində bölgəyə qayıtmalıdırlar, ya da ümumiy­yətlə, geri dönməməlidirlər. 

Bütün bunların fonunda Ermənista­nın ordu quruculuğunu gücləndirməsi, NATO ilə əməkdaşlığı yeni mərhələyə daşıması, üstəlik, xaricdən silah-sursat alması reallığına söykənsək, Azərbay­canla yeni – üçüncü müharibə məsələ­si də aktuallaşa bilər. Cənubi Qafqaz­da belə bir ssenarinin yaşanmasında maraqlı olmayan Rusiya məhz bu sə­bəbdən narahatdır. Regionun öz əlin­dən çıxmasının mümkünlüyündən də həmçinin. 

Deməli, bir halda ki, Moskvanın Cənubi Qafqazdan uzaqlaşdırılma­sının Ermənistan kartı hesabına re­allaşdırılması təhlükəsi var, o zaman Kremlin bölgəni qorumaq, öz orbitində saxlamaq naminə həmin kartı sadəcə qurban verməsi perspektivi də qaçıl­mazdır. Lavrovun Ermənistanın suve­renliyinin itirilməsindən söz açması da məhz bununla əlaqədardır. 

Ə.CAHANGİROĞLU
XQ

Siyasət