Ermənistanın Qərbə inteqrasiyası və Rusiyanı aldatmaq cəhdi

post-img

Nikol Paşinyanın Avrasiya İqtisadi İttifaqındakı çıxışı ilə bağlı müzakirələr bitmək bilmir

Baş nazir Nikol Paşinyanın Ali Avrasiya İqtisadi Şurasının dekabrın 25-də Sankt-Peterburqda keçirilmiş iclasında iştirakı Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına ittihamları çərçivəsindəki təhlükəsizlik məsələlərini iqtisadi müstəvidən ayırmaq istəyinin nümayişi kimi yadda qaldı. Yəni, əslində Nikol ölkəsinin bu quruma rotasiya qaydasındakı sədrliyinin qarşıdakı prioritetini məhz bu cür dəyərləndirdi. 

Əlbəttə, bu, həm də Qərbin gözündə Ermənistanın nüfuzunu qaldırmaq istə­yidir. Paşinyan, bir növ, Türkiyəni təqlid etməklə məşğuldur. O, öz aləmində An­karanın NATO-dakı mövcudluq para­metrlərini təkrarlayır. Bunu Rusiyanın həlledici rol oynadığı təşkilatda, guya, müstəqil oyunçu olduğunu nümayiş et­dirməklə reallaşdırmağa cəhd göstərir və bildirir ki, İrəvan quruma geosiyasi çalar qazandırılması istəklərini yolverilməz sayır. Paşinyan deyir: “Avrasiya İqtisa­di İttifaqı iqtisadi birlikdir, onun siyasi və xüsusən də geosiyasi gündəmi olmama­lıdır”. 

Ancaq N.Paşinyanın belə bir fikir səs­ləndirməsində fövqəladə heç nə yoxdur. Çünki Aİİ-nin sözügedən iclasında çıxış edən ölkə liderlərinin, demək olar ki, ha­mısı qurumun iqtisadi ampluada güclən­dirilməsindən söz açıblar. Yəni, hər bir halda, Aİİ iqtisadi təşkilatdır. Ancaq Nikol konkret məqama toxunur. O, Ermənista­nın, ümumən, Avrasiyaya inteqrasiyası­nı siyasiləşdirmək naminə olacaq bütün cəhdləri sıradan çıxarmaq əzmini ortaya qoyur ki, bunun özündə də aşkar siyasi motivin gizləndiyi şübhəsizdir: “Avrasiya İqtisadi İttifaqı və onun iqtisadi prinsipləri siyasi ambisiyalarla əlaqəli olmamalıdır. Ticarət və inteqrasiyanın əsas azadlıqları siyasi mülahizələrə görə məhdudlaşdırıla bilməz və bu, mütləq birləşmənin funda­mental prinsiplərinin korroziyasına gətirib çıxaracaq”.

Əslində, Nikolun sonuncu fikrini təh­did kimi də qiymətləndirmək mümkün­dür. Məlumdur ki, o, yenə də anti-Rusiya xəttini götürür. Əslində, İrəvanın Aİİ-yə indiki sədrliyi qurumun daxilinə qoyulmuş Qərb bombasıdır. Bunu bir sıra ermə­ni ekspertlər də təsdiqləyirlər. Məsələn, politoloq, “APRI Armenia” mərkəzinin tədqiqatçısı Beniamin Poqosyan bildirir ki, Paşinyanın bəyanatlarının əsas hədə­fi Moskvadır. O, eyni zamanda, KTMT və MDB çərçivəsindəki tədbirlərə qatılmaq­dan imtina edən baş naziri Aİİ liderlərinin sammitində iştiraka vadar edən ən azı iki səbəbi müəyyənləşdirir: “Bu görüşün Ermənistan və şəxsən baş nazir Nikol Paşinyan üçün bir neçə mənası var idi. Birincisi, o, Rusiya ilə qarşıdurma məqsə­dinin olmadığını göstərmək istəyirdi. Bəli, İrəvanın Kollektiv Təhlükəsizlik Müqa­viləsi Təşkilatından şikayətləri var. Lakin, bu, o demək deyil ki, Ermənistan bütün formatlarda Rusiyaya qarşıdır. İkincisi, o, göstərmək istəyirdi ki, Ermənistan nə Mixeil Saakaşvilinin prezidentliyi dövrün­dəki Gürcüstandır, nə də indiki Ukrayna”. 

Bununla yanaşı, Poqosyanın fikrincə, Paşinyanın Aİİ-də nələri bildirməsindən asılı olmayaraq, hazırda Ermənistan iqti­darı üçün Avropa İttifaqı ilə sürətli yaxın­laşma xətti başlıca prioritetdir və məsələ­nin daxili siyasi konteksti var. Politoloq hesab edir ki, Paşinyan Qarabağın tama­milə itirilməsindən və bölgə ermənilərinin Ermənistana köçündən sonra ölkəsində siyasi xallar qazanmaq niyyətindədir. Bu­nun üçün imkanlardan biri isə Avropa ilə viza rejiminin ləğvidir. Nikol belə bir pers­pektivi yaxınlaşdırmaq, ölkəyə yardım və investisiyalar cəlb etmək fikrindədir. Deməli, İrəvan Avropa İttifaqına, ümu­miyyətlə, Qərbə Rusiyadan uzaqlaşmaq cəhdlərini davam etdirdiyini göstərməli­dir. Poqosyanın fikrincə, Nikolun Avrasi­ya regionunun geosiyasiləşdirilməsinin yolverilməzliyi ilə bağlı sözləri bundan qaynaqlanır. Yəni, Paşinyan Aİİ-yə yalnız özünə sərf edən sırf iqtisadi müstəvidə yanaşdığını nümayiş etdirir. Əlbəttə, bu ritorika həm də Rusiyanın məsələnin ma­hiyyətini anlaması üçündür. Anlaması və Ermənistandan özünə yaxınlıq baxımın­dan hansısa fövqəladə gözləntidə olma­ması üçün. 

Qərb erməni baş nazirinin mesajını tam başa düşmüş kimidir. Təsadüfi deyil ki, Paşinyanın məlum çıxışından sonra İrəvanın Qərbdəki tərəfdaşları Ermənis­tanın Moskvadan uzaqlaşmaq cəhdləri müstəvisində aktiv təşviqata start ve­riblər. Məsələn, NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina İrəvanın xarici siyasə­tini dəyişmək qərarında olduğunu açıq­layıb. “Ermənistan açıq şəkildə xarici siyasətini dəyişmək və Moskvadan bir qədər uzaqlaşmaq qərarına gəlib. Biz bunu təşviq edirik”, – deyən NATO rəs­misi Gürcüstanın “Birinci kanalı”na mü­sahibəsində N.Paşinyanın özünün və komandasının təmsilçilərinin ölkənin xa­rici siyasət vektorunun Rusiyadan Qərbə dəyişdirilməsi ehtimalını hər cür inkar et­diklərindən də söz açıb. X.Kolominanın söylədiklərindən bu qənaət hasil olub. Ermənistanın iqtidar nümayəndələri belə fikirlərlə iz azdırmaq məqsədi güdürlər.

Ancaq reallıq budur: Hazırda Ermə­nistan, demək olar ki, bütün istiqamət­lərdə Rusiyadan asılıdır. Hər halda, Paşinyan iqtidarı mövcud məqamı da hesablamamış deyil. Poqosyanın fik­rincə, Nikolun Aİİ-yə ciddi iqtisadi birlik kimi baxması və Sankt-Peterburqa get­məkdən imtina etməməsi mövcud amillə bağlıdır. Ancaq politoloq bu məqamı da vurğulamağı yaddan çıxarmır: “Bunların hamısı Ermənistan hakimiyyətinin Qərb tərəfdaşları üçün siqnallardır. Onlar bildi­rirlər ki, Ermənistan Aİİ-nin üzvü olması­na baxmayaraq, NATO-da Türkiyə və ya Avropa Birliyində Macarıstan kimi orada Qərbin gizli tərəfdaşı qismində çıxış edə bilər. Bu iki dövlət bəzən ABŞ və Avro­pa Birliyinə əks mövqe tutur. Beləliklə, Paşinyan eyham vurur ki, Ermənistan Avrasiya İqtisadi İttifaqında qalır. Bəlkə də Qərb üçün onun silahdaşının təşki­latdakı təmsilçiliyi daha yaxşı variant­dır”, – deyən erməni politoloq vurğulayır ki, Qərb Aİİ daxilindəki proseslər barədə informasiya əldə etmək niyyəti güdür və Ermənistanın orada mövcudluğu möv­cud anlamda vacibdir. Əlbəttə, İrəvanın köməyi ilə qurumun müəyyən qərarlarına veto qoyulması da həmçinin.

Əvəz RÜSTƏMOV
XQ

Siyasət