Vətən sevgisinin cazibəsi

post-img

Salyanlı stomatoloqlar nəslinin Rusiyada davamçısı

Azərbaycandan uzaqda yaşayıb ürəyi Vətənlə döyünən həmyerlilərimizdən xoş xəbərlər almaq həmişə bizi sevindirir, qəlbimizi dağa döndərir. Qürurlanırıq ki, hansısa soydaşlarımız ölkəmizin xaricində də Azərbaycanı layiqincə təmsil edir. Onlar xalqımızın nələrə qadir olduğunu əməlləri ilə sübut edirlər. 

Redaksiyamıza Rusiyadan daxil ol­muş bir məktub məzmunca kövrək olsa da, hər cümləsi sevindirici olduğundan bizi çox duyğulandırdı. Öz uğurlarını Vətənə, ata-baba yurduna və uluları­na bağlayan həmin gənc qız qəzetimiz vasitəsilə nailiyyətləri ilə doğmalarını sevindirmək istəyir. 

Məktub sahibi Günel Sadıqova Ru­siyanın Moskva vilayətinə daxil olan Mıtişi şəhərində 2006-cı ildə doğulub. Lobnya şəhər orta məktəbini isə 2023-cü ildə qırmızı attestat və qızıl medalla bitirib.

Günel yazır ki, onu yaxşı oxumağa anası istiqamətləndirib. Kiçik yaşla­rından yaşıdları gəlinciklə oynayanda Günel və onun böyük qardaşı anasının onlar üçün aldığı maraqlı, rəngli kitab­larla məşğul olublar. Uşaqlar A.Bar­to və S.Marşakın şeirlərini bir dəfəyə yadda saxlayıblar. Qızcığaz 4 yaşında oxuyub-yazmağı öyrənməsi ilə evlə­rinə gələn qonaqlari heyrətləndirib. 

2012-ci ildə 6 yaşlı Günel çiyninə çanta alıb məktəbə getməsini belə xatırlayır:

– İbtidai sinifdə bir qədər çətinlik çəkdim. Çünki müəllimim çox tələb­kar idi. Amma buna baxmayaraq, mən çalışırdım ki, dərslərə elə hazırlaşım ki, müəllimim irad bildirməyə səbəb tapmasın. Rusiyada ibtidai sinif baş­lanğıc məktəb adlanır. Mən başlanğıc məktəbi bitirəndən sonra orta məktəb­də təhsilimə davam etdim və bütün siniflərdə əlaçı oldum. Sinif rəhbərim Qalina Nikolayevna yaxşı oxuyanlara dəstək olurdu. Məndə böyük potensial olduğunu də ilk dəfə valideynlərimə o, demişdi.

Mən məktəbdə keçirilən bütün təd­birlərdə iştirak edir, müsabiqələrə qatı­lırdım. Hər il siniflərarası, məktəbləra­rası olimpiadalarda iştirak edir, prizlər alırdım. 11-ci sinifdə oxuyanda mən şəhər mərhələsində də biologiya üzrə qalib oldum. Bundan sonra atacağım addım bəlli idi. Çünki fikrimi qətiləşdir­mişdim, stomatoloq olmaq istəyirdim”.

Bu sənətə maraq ona nənə - ba­balarından irsən keçib. Günel 7 yaşı olanda valideynləri ilə Azərbaycana, atasının doğulduğu Salyana gəlir. Yazır ki, orada mən ilk dəfə gördüm ki, diş həkimi olan nənəmin yanına çoxlu insan gəlir: 

– Nənəm onlara böyük həvəslə kömək edirdi. Çox sonralar öyrəndim ki, atamın nənə-babası da Salyanda tanınmış stomatoloqlar olublar. Sal­yanlılar hələ də pasiyentlərə nəvazişlə yanaşan, onlara doğması kimi xidmət göstərən diş həkimləri Sadıqovları sev­gi və qədirbilənliklə xatırlayırlar.

Günel sonda yazır ki, mən elə onda qarşıma ulularımın sənətini davam et­dirməyi məqsəd qoydum. Başa düş­düm ki, insanlara sağlamlıq, xoş təbəs­süm vermək üçün bacarıqlı diş həkimi olmalıyam. 

Günel Samid qızı Sadıqova hazırda Moskvada Piroqov adlna Rusiya Milli Tədqiqat Tibb Universitetinin stomato­loq tələbəsidir. Qazandığı nailiyyətdən çox sevinir. İnanır ki, gələcəkdə bilikli, incə zövqlü stomatoloq kimi insanlara layiqincə xidmət edəcək.

Zərifə BƏŞİRQIZI
XQ

Sosial həyat