“Qarabağ” Qarabağa qayıtdı

post-img

30 ildən sonra ilk dəfə Azərbaycanın işğaldan azad olunmuş ərazisində möhtəşəm futbol matçı keçirildi. Həyatın bütün sahələrində böyük uğurların qazanıldığı 2023-cü il il daha bir tarixi hadisə ilə əlamətdar oldu. 

Əslində, əzəli və əbədi yurd yeri­miz Xankəndidə Azərbaycanın qədim diyarı Qarabağın adını şərəflə daşıyan “Qarabağ” yığması ilə düşmən üzərin­də böyük Zəfər qazanan hərbçilərimi­zin komandası – Mərkəzi Ordu İdman Klubunun görüşünün çox dərin rəmzi mənası var. 

Xankəndi stadionunda Azərbaycan Prezidenti İlham Əliyevin oyun ərəfə­sindəki çıxışında qeyd etdiyi kimi, Qa­rabağ–Ordu–Xalq birliyi bizim Zəfərimi­zin əsas mənbəyidir. Hər dəqiqəsində, saniyəsində belə Qələbə ruhunun ya­şandığı möhtəşəm oyunda “Yaşasın Qarabağ!”, “Yaşasın şanlı Ordumuz!”, “Qarabağ Azərbaycandır!” sədaları al­tında böyük izdiham yaşandı. 

Əsl idman mübarizəsi şəraitində başa çatan yarışda “Qarabağ”ın xey­rinə 1:0 hesablı qələbə qeydə alındı. Yeganə qolun sahibi olan “Qarabağ”ın futbolçusu Nəriman Axundzadə isə iş­ğaldan azad olunmuş ərazilərdə 30 il­dən sonra keçirilən ilk futbol matçında fərqlənən hücumçu kimi tarixə düşdü.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra jurnalistlərə müsahibəsində illərlə bu günün həs­rətində olduqlarını, məhz Xankəndi stadionunda meydana çıxdıqları üçün çox sevindiklərini deyib. Şəhidlərin qəhrəmanlığı sayəsində Xankəndidə olduqlarını vurğulayan, böyük Qələ­bəyə görə Prezident İlham Əliyevə və Azərbaycan Ordusuna minnətdarlığını bildirən baş məşqçi xalqımıza hər za­man sağlam və xoşbəxt yaşamağı ar­zulayıb. 

Matçla bağlı fikirlərini bildirən Qurban Qurbanov meydanda gər­gin mübarizənin getdiyini, qolun son saniyələrdə vurulmasının isə oyunu daha da maraqlı etdiyini söyləyib. Son saniyəyədək mübarizə aparan MOİK komandasını təbrik edən 51 yaşlı mütəxəssis rəqibdən bu cür əzmkar oyun gözləmədiyini də dilə gətirib. Qeyd edib ki, MOİK-in belə mübarizə aparması gələcəyə ümid verir. Onlar da belə bir əlamətdar gündə tarixə düşdülər. 

Baş məşqçi onu da deyib ki, ku­bok matçlarının hamısını Xankəndi­də keçirmək istəyirlər: 

– Finala qədər getsək, burada oy­namağı planlaşdıra bilərik. Gələcəkdə bu sahədə addımlar atılacaq. Prezi­dent İlham Əliyev bir neçə aydan sonra Ağdam şəhərində “İmarət” stadionu­nun yenidən inşasına başlanılacağını bildirdi. Bu məsələyə belə diqqət ayır­dığına görə dövlət başçısına minnət­daram. Böyük məmnuniyyətlə orada oynayarıq.

MOİK komandasının baş məşq­çisi Qəzənfər Abbasov tarixi tor­paqlarımızda möhtəşəm oyuna görə Prezident İlham Əliyevə və Ordumu­za minnətdar olduğunu bildirib: 

– Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik. Onların sayə­sində bu gün buradayıq. Meydanda so­nadək mübarizə apardıq. Gözəl futbol göstərmək istəyirdik. Hansı komandaya qarşı oynadığımızı yaxşı bilirdik. 

Mütəxəssis “Qarabağ”ın gücü­nün hər kəsə bəlli olduğunu deyib: 

– Rəqib komandanı təbrik edirəm. Qurban Qurbanov baxımlı oyuna görə mənə öz təbriklərini çatdırdı.

Q.Abbasov onu da bildirib ki, gələ­cəkdə Premyer Liqada çıxış edə bilər­lər. Baş məşqçi ev oyunlarını Xankən­didə keçirməyin onlar üçün şərəf olduğunu da sözlərinə əlavə edib. 

Beləliklə, 30 illik həsrətdən sonra doğma stadionuna qovuşan futbolumuz möhtəşəm qələbəsini qeyd etdi. Bu, Azərbaycan xalqının əbədi Zəfəridir!

L.QURBANOVA
XQ



İdman