Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30 illiyi və 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin 5 illiyi münasibətilə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması çərçivəsində Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən həyata keçirilən qrant müsabiqəsinin qaliblərindən olan “Qarabağın Konstitusiya Elçiləri” layihəsi Qarabağ Universitetində uğurla həyata keçirilmişdir.
Qarabağ Universitetində həyata keçirilən “Qarabağın Konstitusiya Elçiləri” layihəsinin əsas tərəfdaşı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti olmuşdur. 4 gün davam edən layihə gənclər arasında konstitusiya dəyərlərinin təbliği, hüquqi savadlılığın artırılması və dövlətçilik prinsiplərinə bağlılığın gücləndirilməsi məqsədi daşıyırdı.
Layihə çərçivəsində Qarabağ Universitetinin Hüquq, Beynəlxalq Münasibətlər, Tarix, İqtisadiyyat və Dövlət və Bələdiyyə İdarəetməsi ixtisasları üzrə təhsil alan 25 tələbə seçilərək təlim proqramına cəlb olunmuşdur.
Proqram müddətində iştirakçılar konstitusiya hüququnun əsas prinsipləri, vətəndaş hüquq və azadlıqları, hüquqi savadlılığın cəmiyyət üçün əhəmiyyəti və gənclərin ictimai həyatda rolu kimi mövzular üzrə geniş və interaktiv təlimlərdə iştirak etmişlər. Təlimlər yalnız nəzəri biliklərlə məhdudlaşmamış, eyni zamanda praktiki yanaşmalarla zənginləşdirilmişdir.
Təlim sessiyaları çərçivəsində keçirilən case study müzakirələri, qrup işləri və simulyasiya əsaslı tapşırıqlar vasitəsilə iştirakçılar real həyatda rast gəlinə biləcək hüquqi vəziyyətləri analiz etmək və düzgün qərarvermə bacarıqlarını inkişaf etdirmək imkanı əldə etmişlər. Bu yanaşma gənclərin tənqidi və analitik düşünmə qabiliyyətinin gücləndirilməsinə əhəmiyyətli töhfə vermişdir.
Layihə çərçivəsində çıxış edən spikerlər konstitusiya dəyərlərinin qorunmasının yalnız hüquqşünasların deyil, bütövlükdə cəmiyyətin hər bir üzvünün məsuliyyəti olduğunu vurğulamış, xüsusilə gənclərin bu prosesdə aktiv rol oynamasının vacibliyini qeyd etmişlər.
Layihə rəhbəri Nərmin Məmmədova qeyd etmişdir ki, layihə çərçivəsində formalaşan bilik, bacarıq və dəyərlər gənclərin daha məsuliyyətli və aktiv vətəndaş kimi yetişməsinə, eyni zamanda cəmiyyətdə hüququn aliliyinin təşviqinə mühüm töhfə verəcəkdir.


















