Cari tədris ilinin hazırlıq planına əsasən, Azərbaycan Ordusunda hərbi qulluqçular arasında atıcılıq üzrə birinciliyə start verilib.
Müdafiə Nazirliyindən XQ-yə verilən məlumata görə, tədbirin açılış mərasimində əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Birinciliyin ilkin mərhələsində yarışa qatılan komandalar arasında püşkatma mərasimi keçirilib.
Sonra şəxsi heyətə təhlükəsizlik qaydaları və yarışın şərtləri çatdırılıb.
Yarışın proqramına uyğun olaraq, mübarizə aparan hərbçilər müxtəlif məsafələrdə yerləşən hədəflərin məhv edilməsi üzrə tapşırıqları yerinə yetirəcəklər.
Sonda praktiki atışlar zamanı fərdi və komanda hesabında ən yüksək nəticə göstərən hərbi qulluqçular mükafatlandırılacaqlar.
Qeyd edək ki, Azərbaycan Ordusunda idman və hərbi-idman yarışlarının təşkili, keçirilməsi və yarış qaydalarının tələblərinə uyğun olaraq keçirilən birinciliyin əsas məqsədi hərbi qulluqçuların atıcılıq üzrə praktiki vərdişlərinin və bacarıqlarının təkmilləşdirilməsidir.



