İspaniyaya işgüzar səfər çərçivəsində iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bir sıra şirkət və maliyyə institutlarının rəhbərləri ilə görüşlər keçirib. Görüşlərdə İspaniya ilə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, investisiya əməkdaşlığının təşviqi, ixracın maliyyələşdirilməsi imkanları və birgə layihələrin reallaşdırılması istiqamətində fikir mübadiləsi aparılıb.
İspaniyanın İxrac Kredit Agentliyinin (CESCE) icraçı direktoru Pablo de Ramon-Lasa Klausen ilə görüşdə ixrac kreditləri, sığorta mexanizmləri, Azərbaycan biznes subyektlərinin İspaniya avadanlıqlarının idxalı üçün maliyyə resurslarına çıxış imkanları və Azərbaycan Biznesinin İnkişafı Fondu ilə əməkdaşlıq perspektivləri müzakirə olunub. Tərəflər sahibkarların beynəlxalq maliyyə alətlərindən istifadə imkanlarının genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
“Grupo Azvi” şirkətinin Baş direktorunun müavini, Risk və Müqavilələrin İdarəedilməsi üzrə direktoru Viktor Martin Qomez ilə görüşdə Azərbaycanın tranzit-logistika potensialı, ölkədə həyata keçirilən iri infrastruktur layihələri və bu istiqamətdə xarici tərəfdaşlarla əməkdaşlığın perspektivləri barədə məlumat verilib. Nəqliyyat, infrastruktur və mühəndislik sahələrində əməkdaşlıq imkanları nəzərdən keçirilib.
“Fomento al Desarrollo del Comercio Internacional SL” şirkətinin baş direktoru Juan Sebastian Garrigues Diaz-Llanos ilə görüşdə isə ticarət əlaqələrinin inkişafı, investisiyaların təşviqi, özəl sektorlar arasında tərəfdaşlığın genişləndirilməsi və yeni biznes təşəbbüslərinin dəstəklənməsi müzakirə olunub.

