Rektorun manifesti

post-img

Hidayət

 

Böyük ədibimiz, mütəfəkkirimiz, müəllimimiz Mir Cəlalın  "Bir gəncin manifesti"  romanını uşaqlıq çağlarında ürək ağrısı ilə – Baharın acı taleyinə yana-yana oxumuşam. Sonra əsərin ayrı-ayrı parçalarına dönə-dönə qayıtmışam, bu günün  özündə də müxtəlif epizodları ürəyimdə və gözlərimin önündədir. 

Və həmişə təəssüflənmişəm ki, bu ölməz nəsr əsəri niyə ekranlaşdırılmayıb? Nə üçün bu mövzu kino rejissorlarımızın diqqətindən yayınıb? Əsər filmə çəkilsəydi, dünyanın çox ekranlarında səslənərdi. Ədəbi təvazökarlıq nümunəsi olan Mir Cəlal müəllim isə buna qətiyyən təşəbbüs göstərməyib.

Buna görə də illər öncə “Mir Cəlal dünyasından sətirlər” essemi yazmaya bilməzdim. Esse rus, ingilis, fransız, qırğız dillərində də nəşr olundu.

Onda düşünürdüm: “Manifest”lə görüşüm  bitdi, sadəcə, xoş təəssüratı xatirə kimi həmişə yaşayacaq qəlbimdə”. Əgər "Bir səfirin manifesti" dünya işığına çıxmasaydı... “Səfirin Manifesti”nə janr etibarilə roman - esse deyərdim. Əsər məni elə tutdu ki, ürəyimdəkiləri – “Diplomatın manifesti” yazımı da qələmə almaya bilmədim.

Onda da düşünürdüm: bir ailənin manifestlik missiyası artıq yetərincədir və bununla sona çatdı. Demə, yanılmışam. 

Bu barədə bir az sonra... Öncə “Səfirin manifesti" prosesində üç məqam üzərində dayanmaq istəyirəm.

Əvvəlcə onu qeyd edim ki, Hafiz Mir Cəlal oğlunun ABŞ-da 13 illik ölkəmizin fövqəladə və səlahiyyətli səfiri missiyası dövründə iki dəfə bu ölkədə olmuşam və hər dəfə geriyə bitib-tükənməyən xatirələrlə dönmüşəm. 

İlk səfərim 1993-cü ilin aprel ayının əvvəllərinə düşdü. – Hafiz müəllimin təyinatının ilk aylarına. 907-ci bədnam akt ondan öncə bəyan edilmişdi, Kəlbəcər yenicə işğal olunmuşdu...

ABŞ-da Azərbaycan həqiqətləri haqqında, demək olar, təsəvvür yox idi. Buna görə Azərbaycan Respublikasının milli siyasət məsələləri üzrə Dövlət müşavirinin rəhbərliyi ilə ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların – Şeyxülislamın, rus pravoslav kilsəsinin, yəhudi icmasının rəhbərlərindən ibarət nümayəndə heyəti ilə Ştatlarda 10 günlük səfərdə olduq. Öncə Medisson şəhərində keçirilən nüfuzlu beynəlxalq konfransda iştirak və çıxış etdik, müxtəlif ölkə təşkilatlarının rəhbərləri, din xadimləri ilə görüşlər keçirərək onlara Azərbaycan gerçəklərini çatdırdıq.  Hafız müəllim səfirliyin diplomat əməkdaşını öncədən Medissona göndərmişdi və hər tədbir, hər görüş biz ora çatana qədər təşkil edilmişdi.  Sonra Vaşinqtona gəldik.

Paytaxtda rəsmi dairələrlə, qeyri-hökumət təşkilatların baçşıları, dini konfessiyaların rəhbərləri, media qurumları ilə çoxsaylı görüşlərimiz barədə danışmaq çox vaxt aparar, Ağ evə, hətta ...  Pentaqonacan gedib çıxdıq. Ağ evdə bizi yüksək səviyyədə qəbul etdilər, görüşümüz bir saatdan çox çəkdi, bizi axıracan maraqla dinlədilər, çox suallar verdilər.

Pentaqonda bizi müdafiə nazirinin müavini qəbul etdi. Bu görüşdən öncə görünür, İkinci Dünya müharibəsinin gedişi ilə maraqlanırmışlar. Kabinetinin divarında yazıları rus dilində olan Kursk döyüşünün xəritəsi asılmışdı. Bu görüşə politoloq Eldar Namazovla getdik. Biz tərəfdən əsas məsələ Ermənistan aqressiyası barədə məlumatları çatdırmaqla yanaşı, ABŞ-la Azərbaycan arasında müdafiə məsələləri üzrə saziş bağlanması mümkünlüyünün müzakirəsi idi.

Səfirliyimizin təzəcə açılmasını, səfirimizin yenicə işə başlamasını qətiyyən hiss etmirdik, elə bil, uzun illər fəaliyyət göstərən peşəkarlaşmış, püxtələşmiş səfirlik idi. Hafiz müəllim nümayəndə heyətimizi evinə – şam süfrəsinə dəvət etməyə də vaxt tapdı.

Dediyim kimi, 907-ci düzəliş yenicə bəyan edilmişdi. Hafiz müəllim bu əsassız qərarın tənqidi, ləğvi ilə bağlı apardığı məqsədyönlü, ardıcıl işlərlə yanaşı, Ştatların  qeyri-hökumət təşkilatlarının, şirkətlərinin ölkəmizə yardımının təşkilinə çalışmışdı və nail olurdu.

Vaşinqtondan sonra bir neçə gün Nyu-Yorkda işlədik, hər gün 5–6 görüşümüzün hərəsi bu nəhəng şəhərin bir bölgəsində olsa da, peşəkar təşkilatçılıq sayəsində hər məqam dəqiqliklə, vaxtında  baş tutdu. BMT-də isə Baş katib istisna olmaqla (o, səfərdə idi) bütün rəhbərlərlə, müvafiq qurumlarla müzakirələr apardıq. 

İkinci məqam: 1998-ci ilin may ayında, Xalq Cümhuriyyətimizin 80 illiyi yubileyi günlərində Hafiz müəllimin təşəbbüsü və təşkilatçılığı ilə  Vaşinqtonda ABŞ-da yaşayan soydaşlarımızın konqresi təşkil olunmuşdu. İştirakçıların tərkibi mürəkkəb idi, konqresə Azərbaycanı sevən vətənpərvərlərlə birlikdə, başqa ölkələrin rejiminə xidmət edən, faktiki olaraq birliyimizə qarşı duran insanlar da qatılmışdı. İş o yerə çatmışdı ki, bəziləri dövlət bayrağımızın səhnəyə qoyulmasına da etiraz edirdi. Azərbaycandan böyük nümayəndə heyəti getmişdi.  Millət vəkilləri, siyasi partiyaların rəhbərləri, elm adamları, politoloqlar və başqaları. Mən konfransın açılışında Prezident Heydər Əliyevin konqresə ünvanladığı məktubu iştirakçıların diqqətinə çatdırdım, sonra geniş çıxış etdim. İki gün açıq müzakirələr getdi,  çıxış edən hər kəs öz mövqeyini, düşüncələrini təqdim etdi. Müzakirələrdə çox məsələ aydınlaşdı və axırda Azərbaycan bayrağı, demək olar, bütün iştirakçıların alqışları altında səhnəyə qaldırıldı. 

Konqres bitən kimi, əslən Cənubi Azərbaycandan olan bir neçə ABŞ vətəndaşı gözlərindən sevinc yaşları axa-axa mənə yaxınlaşdılar:

− Bizim hərəmiz Amerikaya bir ölkədən gəlmişik. Dünya görüşümüzdə, əlbəttə, o ölkələrin Azərbaycana münasibətindən nə isə var. Amma hamımız bu konqresdən əsl azərbaycanlı kimi çıxdıq!

Hafiz müəllim o konqresin salonunda 2  gün fasiləsiz əyləşib susdu. Professional diplomat olduğu üçün susdu. Konqresi istiqamətləndirməmək, siyasiləşdirməmək üçün susdu. Və nəticədə, məqsədinə nail oldu. Sonralar o nəticəyə gəldim ki, həmin konqres 2001-ci ildə keçirilən möhtəşəm Dünya Azərbaycanlılarının I Qurultayının ilk baş məşqi imiş. 

Üçüncü məqam: Bu barədə öncə “Xalq qəzeti”nə verdiyim müsahibədə müfəssəlsöz açmışam. İndi isə qısaca bildirmək istəyirəm: Prezident Heydər Əliyev 23 may 2001-ci ildə həmin ilin 1–2 noyabrında Dünya Azərbaycanlılarının Birinci Qurultayının keçirilməsi haqqında sərəncam imzaladı. Bir müddət sonra qurultaya hazırlıqla bağlı Prezident Aparatında işçi qrupu yaradıldı. Təbii ki, mən də öz qrupumun üzvü idim. Qrup bir-iki dəfə toplaşdı, amma əsaslı bir iş görə bilmədi. Əsas iş bizim dövlət müşavirliyinin və onun rəhbəri kimi mənim üzərimdə idi.

Dünyanın elə bir ölkəsi qalmadi ki, orda yaşayan azərbaycanlılarla əlaqə qurmayaq – məktub göndərməyək, izahat aparmayaq. Başqa cür ola bilməzdi, çünki sərəncamda konkret vaxt göstərilmişdi və o vaxtacan hər şey hazır olmalı idi. Amerikadan başlamış Avropaya, Asiyaya, Avstraliyayadək. Təəssüf ki, işçi qrupunun bəzi üzvləri bu məsələni cidd-cəhdlə siyasiləşdirməyə başladılar. Guya, Prezidentə sədaqət nümayiş etdirmək istəyirlər deyə təklif edirdilər ki, ölkədən kənarda hakimiyyətə müxalifət olan diaspor üzvləri qurultaya dəvət edilməsin və onlara mandat verilməsin. 

Bu adamlar başa düşmürdülər ki, söhbət Dünya Azərbaycanlılarının qurultayından gedir. Nə müxalifət, nə qeyri- müxalifət? Onlara izah etməyə çalışdım ki, belə olsa, qurultayı soydaşlarımız ciddi qəbul etməzlər, məclis barədə mənfi rəy formalaşar. Azərbaycan övladlarını dosta-düşmənə bölmək olmaz. Yenə mənə qarşı çıxdılar. 

Biz səfirliklərimizlə, konsulluqlarımızla ardıcıl, sıx əlaqədə işləyirdik. Onda iqtidar–müxalifət adamları söhbəti qalxanda Hafiz Paşayevdən başqa, heç kəs mənim mövqeyimi dəstəkləmədi. Hafiz müəllimlə telefon söhbətimizdə o, birmənalı şəkildə mövqe nümayiş etdirərək dedi: “Doğru düşünürsünüz – bu məclisə ya hamı dəvət olunmalıdır, ya da heç kim dəvətedilməməlidir!” İnandığım, fikirlərinə, qənaətlərinə çox hörmət etdiyim səfirin belə birmənalı mövqeyi mənə yeni güc, yeni inam verdi.

Məsələni tam hazırlayandan sonra Prezident Heydər Əliyevə məruzə etdim. Dövlət başçısı bununla bağlı bir-iki sual verərək soruşdu: “Sən əminsən ki, qurultayda onlar insident törətməzlər?” Dedim: “Bəli, tam arxayınam. Orada başqa heç bir mənfi məqam ola bilməz”. Ulu öndər dedi: “Get, hamısını dəvət et, o adamlara da mənim adımdan de – qərarım belədir”.

Bundan sonra biz qurultaya nümayəndələr seçməyi buraxdıq xaricdə fəaliyyət göstərən milli təşkilatlarımızın ixtiyarına. Tam demokratik seçim oldu. Əlbəttə, xaricdə soydaşlarımızın təşkilatlarında təmsil olunmayan nüfuzlu, tanınmış azərbaycanlılar da vardı – onları biz xüsusi olaraq dəvət etdik. Amma əsas seçimi diasporanın ixtiyarına buraxdıq. Bu, yaxşı təşəbbüs idi və məmnunluqla qarşılandı.

İki gün davam edən qurultay çox möhtəşəm keçdi. Həmin dövrdə dünyanın əksər ölkələrində 300-dən artıq Azərbaycan icması fəaliyyət göstərirdi. Onların, demək olar, hamısının nümayəndələri qurultayda iştirak edirdilər. Ümumilikdə, məclisə dünyanın 36 ölkəsindən 403 nümayəndə qatılmışdı, iştirakçıların sayı isə 1105 nəfər idi. Bütün nümayəndələr qurultayı və Bakını heyranlıqla, Prezidentimizə sonsuz minnətdarlıqla tərk etdilər. 

Qurultayın ertəsi günü Prezident 4 nəfər yüksək vəzifəli şəxsi dəvət edib müşavirə keçirdi, bizə təşəkkür etdi. 10 il Ulu öndərin rəhbərliyi altında işlədiyim müddətdə çox yüksək səviyyəli  beynəlxalq tədbirlər keçirilmişdi, ancaq ilk dəfə idi ki, Prezident tədbirdən sonra təşkilatçılara təşəkkür edirdi. Sonra  tapşırıq verdi: “Mənə bir çox nümayəndə heyətlərindən müraciət olub ki, onları qəbul edim. Hidayət, Siz onları qəbul edin. Baxın, kimlər sizin qəbulunuzla kifayətlənməyib, mənlə görüşməkdə maraqlı olsalar, deyin, onları qəbul edim. Yox, Sizin qəbulunuzla qane olarlarsa, onda ehtiyac yoxdur”. Dedim: “Aydındır, cənab Prezident”.

Düz bir həftə səhər saat 10-dan axşam 8-ə qədər öz kabinetimdə onları bir-bir qəbul etdim, dinlədim. Yalnız razılıq, minnətdarlıq sözləri eşitdim. Heyrətlərini gizlətmədən deyirdilər: “İndi biz möhkəm arxası, dayağı olan azərbaycanlı kimi vətəndaşı olduğumuz qürbət ölkəyə gedirik. Arxayınıq, məmnunuq ki, arxamızda möhtəşəm, bizi unutmayan tarixi Vətənimiz, müstəqil ölkəmiz − Prezidentimiz var!

Bu görüşlərdən bir neçə gün sonra Prezidentin qəbulunda oldum, gündəlik məsələləri məruzə edib axırda bildirdim: “Cənab Prezident, qurultaya gələnlər böyük minnətdarlıqlarını və Azərbaycandan çox məmnun getdiklərini Sizə çatdırmağımı xahiş etdilər”. Ölkə rəhbəri soruşdu: “Nəsə bir problemləri, istəkləri yox idimi?” Dedim: “Xeyr, bəzi kiçik məsələlər var idi, onları da özüm yoluna qoydum”.

Dünya Azərbaycanlılarının Birinci Qurultayı yeni tariximizin ən möhtəşəm tədbirlərindən biri kimi yaddaşlara həkk olundu. Məhz o qurultaydan sonra xaricdə yaşayan on minlərlə soydaşımız müqəddəs azərbaycançılıq ideyasının ətrafında sıx birləşməyə, təşkilatlaşmağa, öz haqlarını vətəndaşlığı olduğu ölkədən tələb etməyə, Vətənimizin həqiqətlərini dünyaya yaymağa başladılar. Bu möhtəşəm qurultayı xatırlayanda həmişə Hafiz müəllimin həqiqətə, müdrikliyə söykənən birmənalı mövqeyi minnətdarlıqla yada düşür. 

Fövqəladə və səlahiyyətli səfirin fəaliyyətinin başlanğıcı olduğu kimi, gec-tez sonu da gəlir. Hafiz müəllim uzun illər ölkəmizi ABŞ-da yüksək səviyyədə təmsil etdikdən sonra düşünürdüm: Bakıya qayıdanda hansı vəzifəyə təyin oluna bilər? Qənaətim birmənalı idi: Yalnız Xarici işlər naziri.  Çünki başqa istedadlı, bacarıqlı adamı Hafiz müəllim kimi diplomatiya qurucusu səviyyəsinə qaldırmaq üçün çox illər lazımdır. Hafiz müəllim isə Xarici işlər nazirinin müavini ranqında Azərbaycan diplomatik Akademiyasının təməlqoyanı, yaradıcısı kimi fəaliyyətə başladı. Akademiya yaranandan, formalaşandan sonra isə nazir müavini postundan istefa verdi. 

Akademiyada təzə işə başlayanda mənə dedi: “Bizim ailə həmişə siyasi vəzifələrdən uzaq dayanmaq istəyir”.

Həqiqətdir! Mir Cəlal ocağının davamıdır. Arif müəllim Paşayevin rəhbərlik etdiyi Milli Aviasiya Akademiyasının regionda tayı-bərabəri yoxdur. Nərgiz xanım Paşayevanın qurucusu olduğu M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı da özünəməxsusluğu, bölgədə alternativsizliyi ilə diqqəti çəkir. Hər iki ali məktəb təhsil sistemimizdə elan olunmamış təhsil “manifestlər”idir.

Hafiz müəllim 2006-cı ildən akademiyanı yaratmağa başladı, 2014-cü ildən isə İnformasiya Texnologiyaları Universitetinin əsasında ADA Universiteti formalaşmağa başladı. 

Bir məqamı da qeyd etməyə bilmirəm: Hafiz müəllim rektorluq missiyasına başlayanda ADA-nın yerləşdiyi ilk binaya getdim. Şəhərin mərkəzində Şamil Əzizbəyov küçəsində köhnə bina idi, ancaq iş ab-havası, əhval-ruhiyyə tamam fərqli idi. Yeni tədris müəssisəsinə layiq müasir bina tikilməkdə idi. Hafiz müəllim  yenə məktəbə, təhsilə bağlılığını unutmadı. “Biz təzə binaya köçəndə bu binanı bir orta məktəbə versələr, yaxşı olar” – dedi.

Təzə binada bütün arzuların tam reallaşmasına hər cür şərait var və mövcud imkanlardan bacarıqla istifadə olunur. ADA Universitetinin ünvanı, şöhrəti Azərbaycandan çox-çox uzaqlara yayılır, xaricdən gələn tanınmış diplomatlar, pedaqoqlar heyranlıqlarını gizlətmirlər. Qırğızıstanın təhsil naziri mənə deyirdi: ”Fəxr edirəm ki, Azərbaycanda belə universitet var”. Xarici işlər naziri də heyranlığını gizlətmirdi. Universitetin birinci prorektoru Fariz İsmayılzadənin rəhbərliyi ilə Bişkekə gələn nümayəndə heyətini hər yerdə ən mötəbər təhsil müəssisələrindən gələn qonaqlar kimi qarşılayırdılar. Mən uzaqlara getmirəm, məsələn, Vaşinqtonda açılan ADA Universitetinin mərkəzindən, orada təsis edilən “Bir müəllimin manifesti” proqramından söz açmıram, oxuduqlarımı deyil, gördüklərimi yazıram.

 Ümumiyyətlə, Mərkəzi Asiyanın hər yerində  bu universitetimiz tanınır və sevilir. Bu ölkələrdən xeyli sayda gənclər ADA Universitetində təhsil alır, ölkələrinə yetkin ixtisas sahibi kimi dönürlər.

Fiziklər çoxtərəfli savadlı, həm də deyərdim ki, ümumiyyətlə, istedadlı adamlar olurlar. Mənim də içində olduğum “altmışıncılar” ədəbiyyata gələndə mətbuatda, müzakirələrdə sərt bir öcəş var idi”: Liriklər, yoxsa fiziklər? O vaxt ağıla gəlmirdi: fiziklər, yoxsa diplomatlar? Hafiz müəllim diplomatik karyerasına başlayanadək çox fizikin qibtə edəcəyi bir yol keçmişdi: Moskvada İqor Kurçatov adına Atom Enerjisi Institutunun  aspiranturasını bitirmişdi, sonra İrvani şəhərində yerləşən Kaliforniya Universitetində elmi tədqiqatlar aparmışdı. Fizika-riyaziyyat elmləri doktoru idi.

 Diplomatik fəaliyyəti isə fiziklərimizin arasında yeni  anlayışdır. Fizikada qalsaydı, çox görkəmli alim olacaqdı, ancaq diplomatik kariyerası başlayanda ixtisas sahəsinə əlvida dedi. Səfirlik missiyam vaxtı mənə verdiyi bir sual da bu baxımdan çox düşündürücü idi: “İndi şeir yaza bilirsən?” Nə deyəcəyimdən asılı olmayaraq, sualın dəqiq cavabını özü yaxşı bilirdi: səfir missiyası nə fizika ilə bir araya sığır, nə də poeziya ilə.

Yenə “Manifest”ə qayıdıram. Son vaxtlar Hafiz müəllimin təşəbbüsü ilə yalnız şeir-sənət ocağımız deyil, həm də tarixən maarifçilər yurdu sayılan, dünyəvi təhsilimizin mərkəzlərindən olan Qazaxda ADA Universitetinin mərkəzi yaradıldı. Hafiz müəllim bu barədə mənə danışanda xəyalım çox uzaqlara getdi – əvvəlcə Qori Müəllimlər Seminariyasına çatdı (axı, mən hələ yetmişinci  illərdə  Qoridə olanda o seminariyanın binasını tapıb ziyarət etmişdim), sonra isə əlbəttə, Qazaxa yetişdi. Xəyalıma ilk gələni dedim:

− Səməd Vurğun Dürrəni orada “tapıb”?

− Səməd Vurğunun partasını qoyduq mərkəzin muzeyinə.

 Xəyalımda misralar səsləndi:

“Dürrənin səsi“ ,

“Dilican dərəsi“ ,

“Şeirlərim”, “qəzəllərim”,

Lərim, lərim və nələrim...

Artıq gözlərimdən uzaqlaşdınız, 

Soyuq bir aləmlə qucaqlaşdınız…

...Yox, Səməd Vurğun “acığından” belə deyib.

...Uzaqlaşmaq istədi, amma uzaqlaşa bilmədi.

...O illərdə iki-üç sərbəst vəznli şeir yazdı, amma dərhal böyük poeziyamızın zənginliyinə, Qazax seminariyasında əyləşdiyi partaya qayıtdı.

ADA Universiteti Qazax mərkəzinin nəzdində isə “Bir müəllimin manifesti” ixtisasartırma proqramı geniş tədris olunmağa başladı. 

Əminəm ki, bu da Hafiz müəllimin son Manifesti deyil.

17 dekabr, 2023

 

Sosial həyat