Elm və Təhsil Nazirliyi və Azərbaycan Dillər Universitetinin birgə hazırladığı dəyərli salnaməyə qısa nəzər
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin və Azərbaycan Dillər Universitetinin Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Müstəqillik illərində ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)” kitabı, sözün əsl mənasında, yüksək çəkiyə malik vəsaitdir. Ön söz müəllifi və layihə rəhbəri ADU-nun rektoru, akademik Kamal Abdulla olan nəşr Heydər Əliyevli müstəqil Azərbaycanın xaricdən görünüşünün aynasıdır. Məqalələr toplusundan ibarət kitab respublikamızın 1993-2003-cü illər dövrünü əhatə edən, kifayət qədər, faydalı və sanballı mənbədir.
Toplunun faydalılığını bir neçə cəhətdən əsaslandırmaq mümkündür. İlk növbədə, həmin illərdəki obyektiv durumun öyrənilməsinə dəstək amili vurğulanmalıdır. İkincisi, hesab edirik ki, kitab Heydər Əliyev şəxsiyyətinin nəhəng obrazını fərqli çalarlarla vurğulamaqdadır. Üçüncüsü, nəşr yaşadığımız zaman kəsiyini bizə ibrət götürülməli dövr kimi xatırladır. Dördüncüsü, bu vəsaitdə kövrək qədəmlərə malik Azərbaycan dövləti və dövlətçiliyinin inkişaf trayektoriyasındakı qlobal siyasi mahiyyət vurğulanır. Beşinci məqam isə ondan ibarətdir ki, kitabda toplanmış məqalələr o dövr üçün bizə məlum olmayan, yaxud məlum olub kluar söhbəti təsiri bağışlayan, hazırda müəyyən mənada, unutduğumuz epizodları yaddaşlara qaytarır, onları tarix kimi görməyimizə imkan yaradır. Axı, yaxşı deyiblər ki, tarixdə baş verənlərin özünə vətəndaşlıq hüququ qazanması üçün əlahəzrət zamana ehtiyac var. Artıq zaman ötüb. Yenicə çapdan çıxmış nəşr isə ötən zamanın salnaməli böyüklüyünü vurğulamaqdadır.
Əlbəttə, yeni nəşrin məziyyətləri baxımından digər məqamları da ayırd edib qruplaşdırmaq mümkündür. Amma bu yazıda daha çox kitabın bir keçmiş yaşantılı təqdimat məhsulu olması üzərində dayanmaq istərdik. Oradakı məqalələrə həyəcansız nəzər salmaq mümkünsüzdür. Bəzən həyəcan ağrı-acılarla və üzüntülərlə əvəzlənir. Məsələn, ABŞ-ın “The Gazette” nəşrinin 28 iyun 1993-cü il tarixli sayında qələmə alınmış, müəllifi Nyu Jonson olan “Erməni qoşunlarının Azərbaycan ərazisinə basqını” məqaləsinin sərlövhəsi hər şeyi deyir. Ermənistan-Azərbaycan ixtilafının keçmiş Sovet İttifaqında ən dəhşətli etnik münaqişə kimi qələmə verildiyi məqalənin, belə demək mümkünsə, basqın yükü erməni silahlılarının Ağdama hücumu və 120 min rayon sakininin öz doğma yurd-yuvasını tərk etməsidir. Təsəvvür edin ki, mövcud fonda “erməni silahlıları Dağlıq Qarabağda bufer zona yaratmağa çalışırlar”, “Seçkidə qələbə qazanan prezident Əbülfəz Elçibəyə qarşı qiyamdan sonra hakimiyyətə gələn Azərbaycanın yeni baş naziri Sürət Hüseynov işğal olunmuş əraziləri geri alacağına söz verib” kimi fikirlər diqqət çəkməkdədir. O dövrdə Azərbaycan xalqı neçə belə populistlərdən yalan vədlər görmüşdü. Hələ biri var idi, Şuşanın işğal olunacağı təqdirdə, başına güllə vuracağını deyirdi...
Vədlərdən söz düşmüşkən, kitabda “Nyu-York Tayms”ın 9 iyul 1993-cü il tarixdəki “Müharibə və siyasət Azərbaycanın zənginliyə gedən yolunu bağlayır” məqaləsində (müəllifi Serge Şmeman) Vətənimiz belə təsvir edilir: “Xəzərin sahilindəki bu kiçik ölkə iki ildən də az müstəqillik dövründə müharibə, seçkilər, çevrilişlər, qırğınlar, korrupsiya, İslam dirçəlişi, kommunistlərin yenidən fəallaşması, beynəlxalq intriqalar, iqtisadi xaos və zənginlik vədlərinin nə olduğunu bilir – böyük neft sərvətləri var və əgər digər məsələlər həll olunarsa, onlardan istifadə etmək olar”.
Bəli, bütün özbaşınalıqlara Ulu öndər Heydər Əliyev son qoydu. Yeri gəlmişkən, məqalədə Heydər Əliyevin təsvir edilən qarışıqlığı aradan qaldırmaq üçün təcrübəyə və cəsarətə malik şəxs olaraq rəhbərliyə çağırıldığı vurğulanır. Ancaq bunun fonunda yazıda Azərbaycanın Ermənistan qarşısında cəbhə məğlubiyyətləri ilə bağlı ağrılı fikirlər də yer alır ki, əslində, detallarını təsvir etmək istəmədiyimiz bu cür sərt yanaşmanın özü də keçmişin ibrət dərsidir.
“Dağlıq Qarabağın etnik erməniləri son bir ildə Azərbaycanın 10 faizini ələ keçiriblər. Anklavı artıq əsas dəstəkçisi olan Ermənistanla iki quru dəhliz birləşdirir. Bu necə ola bilər?”, – deyə sual verən ABŞ nəşri “Deyli Herald”ın müxbiri M.Lederer “Qələbəsinə ümidini üzən Ermənistan Azərbaycandan uzaqlaşır” sərlövhəli məqaləsində təəccüb içərisində 100 minlik erməninin 7 milyonluq Azərbaycanla müharibədə necə qalib gələ bilməsindən söz açır. Müəllif bu baxımdan əfsanədəki Davudun Goliata ilə qeyri-bərabər mübarizəsini təsvir etsə də, məqalədəki digər məqamlar, əslində, Qarabağ separatçılarına kənardan dəstək motivlərinin qabardılmasını rəhbər tutur. Əlbəttə, mövcud gedişatda əsas vurğu Azərbaycanın daxili-siyasi vəziyyətinin gərginliyinə, özbaşınalığın və hərc-mərcliyin təsvirinə qoyulur: “London institutuna görə, Ermənistan ordusunda 50000 əsgər var və Rusiyanın 7-ci Ordusunun təxminən 23000 əsgəri Ermənistanın Leninakan şəhərindədir. Ermənistan və Rusiya rəsmiləri heç bir əsgərin münaqişədə iştirak etmədiyini israr edirlər. İnstitut bildirir ki, yalnız bir il əvvəl ordu qurmağa başlayan Azərbaycan 40000 nəfərlik qüvvə toplayıb”.
Kitabda erməni işğalının doğurduğu məşəqqətləri vurğulayan yazılardan biri də “Nyu-York Tayms”ın 28 avqust 1993-cü il tarixli sayında yayımlanmış “Azərbaycandakı müharibə köçə təkan verib” sərlövhəli məqaləsidir. Məqalədə Zəngilanın və Füzulinin işğalının doğurduğu ağır humanitar vəziyyət təsvir edilir. Bu təsvir səhnələrini nəzərdən keçirəndə, istər-istəməz, Qarabağ ermənilərinin bölgəni tərk edərkən yola salınması ilə bağlı epizodları xatırlayırsan. Düşünürsən ki, azərbaycanlılar ermənilərlə necə xoş rəftar etmişdilər, bəs ermənilər necə etdilər? Məqalədəki ən təsirli yer isə ABŞ-ın o zamankı müvəqqəti işlər vəkili Robert Finnin qəzetə bildirdikləridir: “Mən dünyanın müxtəlif hissələrində çox qaçqının vəziyyətini görmüşəm. Bu gördüyüm ən pislərdən biridir”. Yaxud: “Birləşmiş Millətlər Təşkilatı ağır döyüşlərin getdiyi bölgəni o dərəcədə təhlükəli elan edib ki, Qaçqınların İşi üzrə Agentliyin orada işləməsinə icazə verilmir”. Görəsən, xalqımız bütün bunları necə yaşayıb?
Kitabda toplanmış məqalələrə nəzərən qardaş Türkiyənin Azərbaycanla bağlı həssaslıq nümayişinin, torpaqlarımızın işğalını ağrı ilə qarşılamasının ayrı-ayrı epizodlarının ingilisdilli mətbuatda geniş əksini tapdığını görmək fərqli hisslər yaşadır. Bu baxımdan Birləşmiş Ştatların “Press Demokrat” nəşrində yer almış “Türk qoşunları sərhəddə” (4 sentyabr 1993-cü il) və “Pitsburq Post-Gazetta” nəşrindəki “Türkiyə lideri Qafqaz müharibəsini müzakirə etmək üçün Rusiyada” sərlövhəli (9 sentybar 1993-cü il) məqalələri vurğulamaq mümkündür. Bu yazılarda Türkiyənin o zamankı baş naziri Tansu Çillərin nə qədər canfəşanlıq etdiyi aşkar duyulmaqdadır. Eyni zamanda, bu məqalələrdə dövrün qlobal siyasi mahiyyətinin ayrı-ayrı səhnələri açıqlanır ki, həmin təqdimatlar fonunda Heydər Əliyev şəxsiyyətinin necə böyük fədakarlıq və siyasi səriştə göstərdiyi, hansı çətinlikləri aradan qaldırdığı bir daha dolğun təsdiqini tapmaqdadır. Məqalələrdəki Heydər Əliyev obrazı dövrün mürəkkəbliklərinə və ziddiyyətlərinə qarşı Azərbaycan naminə son dərəcə düşünülmüş siyasi addımlar atan müdriklik nümunəsi kimi parlamaqdadır. Bu obraz həm də Vətənə sevginin örnəyi kimi çıxış etməkdədir. Təsəvvür edin ki, “sovet idarəçiliyinin şinelindən çıxmış” Heydər Əliyev Sovetlər Birliyinə zidd mövqeyi ilə seçilən Qərb mediasının sanki rəğbət simvoludur. O, ağır məhrumiyyətlər içərisində canı ilə əlləşən ölkənin tək ümididir. Kitabda toplanmış digər məqalələrə xronoloji ardıcıllıqla nəzər salanda, kövrək ümidin tədricən qığılcıma çevrildiyini görmək mümkündür.
Bəli, Ulu öndər Heydər Əliyev, necə deyərlər, iki cəbhədə vuruşmağa başlayır. Birincisi, o, bütün dünyaya Ermənistanın təcavüzkar mahiyyətini usanmadan anladır, ikincisi isə Azərbaycanın inkişafı üçün qətiyyətli addımlar atmağa başlayır. Paralel olaraq, daxildəki antimilli, pozucu qüvvələri zərərsizləşdirir. Bütün bunlar kitabdakı ayrı-ayrı məqalələrdə yazılanların fonunda, sanki kino lenti kimi insanın gözünün önündən keçir. Nəhayət, təcavüz layiqli qiymətini almalı idi və dahi liderin yorulmaz əməyi bəhrəsini verir. ABŞ-ın “EBSCO” nəşrinin 1993-cü ildəki məqaləsinin başlığına diqqət yetirək: “Qurban zorakıya çevriləndə”. Məqalədə bildirilir: “Ermənilər ənənəvi olaraq tarixin qurbanları sayılırlar, lakin görünür, onlar ssenarini yenidən yazmaq niyyətindədirlər. Son yeddi ayda erməni qoşunları və tankları Azərbaycan torpaqlarını işğal edərkən, serblərin Bosniyada etdiklərini də üstələdilər”.
Kitabda toplanmış ayrı-ayrı məqalələrdə Azərbaycanın haqq səsi ifadəsini tapır, Qarabağ reallıqları görünməyə başlayır. Bu, Heydər Əliyev şəxsiyyətinin fədakarlığının məhsulu kimi meydana çıxır. Heydər Əliyev dünya mediası üçün obrazlı şəkildə desək, Qafqazda çayın axarını tamamilə başqa istiqamətə çevirmiş liderdir. Ulu öndər bunu nəhəng neft kontraktlarının imzalanması, Qərb kapitalını tarixən Rusiyanın təsir dairəsi olan Qafqaza gətirməsi ilə gerçəkləşdirməkdədir. İngilisdilli mediada mövcud məqam müxtəlif təqdimat çalarları ilə əksini tapmaqdadır. Əlbəttə, görülən tədbirlər ölkədə asayiş və əmin-amanlıq mühiti formalaşmadan mümkünsüz olardı. Ona görə də “Europe Journal”ın 18 fevral 1994-cü il tarixli məqaləsi belə adlanır: “Xaos içində nizam: Respublikada kim kimdir?”.
“Müstəqillik illərində ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)” kitabının məqalələrindəki Heydər Əliyevli Azərbaycan 1994-cü ildə Ermənistanla atəşkəsdən və “Əsrin müqaviləsi”nin imzalanmasından sonra sürətli inkişaf yoluna çıxır. Bu yoldakı başlıca hədəfin Qarabağ amalı olduğu özünü Ümummilli liderin fəaliyyətinin qayəsi kimi göstərməkdədir. Sanki dünya Azərbaycandan neft istəyir, Azərbaycan isə dünyaya “Qarabağa ədalət!” hayqırır. Bu hayqırtı illər keçdikcə daha da güclənir. Heydər Əliyev ölkəmizi mötəbər tribunalara çıxarır.
Əlbəttə, dünya riyakardır, ermənipərəstdir və ikili standartlar siyasətinin əsiridir. Ulu öndər bu siyasətə qarşı məhdud imkanlarla mübarizə aparmasına rəğmən qalib ayrılmaqdadır. Bu mənada, 1996–1997-ci illərə aid müxtəlif məqalələrdəki “Dağlıq Qarabağ məsələsinin həlli yaxındır” və “Qafqazda sülhə doğru” sərlövhələri çox şey deyir. Amma topludakı digər yazılara diqqət yetirəndə görürsən ki, dünya başqa havadadır və bu hava əsasən haqq və ədalətin təntənəsi deyil, neft maraqları üçün əsməkdədir. Belə dolaşıq labirintdə Heydər Əliyev obrazı əlində çıraq atıldığı dərin quyudan ədaləti tapıb çıxaran və dünyaya nümayiş etdirən liderdir. Elə bir lider ki, Azərbaycanın milli maraqlarını dövlətçilik mənafelərini hər fürsətdəcə irəliyə çəkir, mövcud istiqamətdə prinsipiallıq və qətiyyət göstərir. Ayrı-ayrı məqalələrdə, həmçinin Heydər Əliyev dühasının necə böyük ustalıqla bir-birinə zidd qüvvələr arasında manevr etdiyini görmək mümkündür. Bu baxımdan “Vaşinqton post”da 1998-ci il oktyabrın 4-də dərc olunmuş “Sərvət ovçuları ABŞ-ı qeyri-sabit regiona cəlb etdilər” adlı məqalənin təkcə başlığı çox şeydən xəbər verir. Əlbəttə, məsələ yalnız sərlövhədə deyil: “Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti, ölkə Prezidentinin oğlu İlham Əliyev deyib: “Biz neftdən əsas məqsədimiz üçün... əsl ölkə olmaq üçün istifadə etdik”.
Bəli, o zaman Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsində işləyən Prezident İlham Əliyev “Vaşinqton post”un diqqətə çatdırdığımız sitatında son dərəcə doğru ifadə etmişdi: Azərbaycan neftdən əsl ölkə olmaq üçün istifadə etdi. Bu istifadənin ideoloqu Ulu öndər Heydər Əliyev idi.
“Müstəqillik illərində ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)” kitabı bu dahi şəxsiyyətin Azərbaycan üçün etdiyi misilsiz fədakarlıqlara dünyanın nəzər salnaməsini özündə birləşdirmək baxımından son dərəcə dəyərli vəsaitdir. Belə bir toplunun işıq üzü görməsi, heç şübhəsiz, Heydər Əliyev şəxsiyyətinin 100 illik yubileyinə respublika miqyaslı ən böyük töhfələrdən biridir. Bu kitab yüksək qədirbilənlik nümunəsi yaratmaq yolundakı zəhmət kimi də qiymətlidir. Ona görə də onu ərsəyə gətirənlərə təşəkkürümüzü bildirir, hər bir oxucunu kitabla ətraflı tanışlığa dəvət edirik.
Əvəz CAHANGİROĞLU
XQ