Dekabrın 16-da Tbilisidə “Qərbi Azərbaycana Qayıdış beynəlxalq müstəvidə” mövzusunda forum keçirilib.
Tədbirin təşkilatçısı “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri Toğrul Allahverdili çıxışında bildirib ki, forumun əsas məqsədi Gürcüstanda yaşayan soydaşlarımız, eləcə də Qərbi Azərbaycandan olan soydaşlarımızla Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını müzakirə etmək, gürcü politoloqların, tarixçilərin məsələ ilə bağlı fikirlərini öyrənməkdir.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Naqif Həmzəyev bildirib ki, Azərbaycan daim sülhün və əmin-amanlığın tərəfdarı olub. Lakin bəzi separatçı qüvvələr regionda sülhü pozmağa çalışıblar və Azərbaycan regionda davamlı sülhün təmin olunması üçün bütün ilkin zəruri tədbirləri görüb. Bu tədbirlər Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtmaq ümidlərini artırıb və onlar inanırlar ki, bu gün heç də uzaqda deyil.
Sonra Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov, KOBİA yanında ictimai şuranın sədri Fərhad Qaraşov və başqaları çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Forum panel iclaslarda işini davam etdirib.
XQ