Gözlərim önündə böyüyən əziz, doğma şəhərim – Mingəçevir!

post-img

         Mingəçevir mənə doğma, əziz və həyatımda qızıl hərflərlə yazılmış tarixi günlər yaşadığım şəhərdir.Onun xoş sorağı, indiki ağ günləri ömrümə ömür calayır. 2023-cü il mingəçevirlilər üçün ikiqat sevimli bayramdır. 2023-cü il fevral ayının 2-də Mingəçevir Gənclər Paytaxtı seçilmişdir. Bu gün - noyabrın 11-də isə Boz dağın ətəyində qərar tutmuş Mingəçevirdə fərqli bir payız yaşanır. Doğma Mingəçevirimizin 75 yaşı tamam olur. 

Mingəçevir  Azərbaycanın dördüncü sənaye şəhəridir. 4 fevral 1954-cü ildə respublika tabeli şəhər kateqoriyasına keçmişdir. Mingəçevir mərkəzi Azərbaycanın Kür-Araz ovalığında Bozdağ silsiləsinin cənub-şərq ətəklərində və Mingəçevir su anbarının kənarında dəniz səviyyəsindən 55 metr yüksəklikdə yerləşir. Şəhər Kür çayının hər iki sahilində yerləşir. 

Şəhərimizin qədim tarixi var. Bu ərazinin arxeoloji tarixi eneolit ​​dövründən (e.ə. 3000-ci il) eramızın 17-ci əsrinə qədər uzanır. 1871-ci ildə Qafqaz arxeologiya komitəsinin sədri Adolf Berge Sankt-Peterburqda keçirilən arxeoloqların II qurultayında Mingəçevirin arxeoloji abidələri haqqında məlumat vermişdi.

Bundan sonra Mingəçevir 1930-cu illərin ortalarına qədər su elektrik stansiyasının tikintisi çərçivəsində arxeoloji tədqiqatlar bərpa olunana qədər arxeoloqların diqqətindən kənarda qalmış, İkinci Dünya Müharibəsi tədqiqatın tamamlanmasına mane olmuşdur.

Su elektrik stansiyasının tikintisinə müharibədən dərhal sonra başlanıldı. Bu, Mingəçevirin qədim yaşayış məskəni kimi sistemli və planlı tədqiqinə start verdi. Azərbaycan Elmlər Akademiyası Ali Şurasının qərarı ilə Mingəçevir Su Elektrik Stansiyasının tikintisi ilə əlaqədar S.M.Qazıyevin başçılıq etdiyi bir qrup arxeoloq tərəfindən 1946-cı ilin aprelindən 1953-cü ilin avqustuna qədər arxeoloji qazıntılar aparılmışdır. Qazıntılar zamanı tarixi dövrləri xronoloji ardıcıllıqla əks etdirən 20.000 tarixi abidə – qəbirlər və tumullar, istehsal vasitələri, məişətlə bağlı əşyalar, zərgərlik məmulatları və s. aşkar edilmişdir. Qafqaz alban əlifbası ilə olan əksər qədim yazılı abidələr və digər arxeoloji tapıntılar Mingəçevirin 5000 illik yaşayış məntəqəsi olduğunu sübut edir. Bu tapıntıların əksəriyyəti hazırda Azərbaycan Tarix Muzeyində, bir hissəsi isə Mingəçevir Tarix Muzeyində saxlanılır. Tarixi mənbələr eramızdan əvvəl I əsrdə Kür çayının sahilindəki indiki bəndin ərazisində Roma sərkərdəsi Pompeyin qüdrətli ordusu ilə Alban qubernatoru Orisin ordusu arasında şiddətli döyüşün getdiyini göstərir. Tarixi faktlar da sübut edir ki, qədim İpək Yolu Mingəçevirdən keçib. Eramızın 17-ci əsrində yaşamış məşhur türk səyyahı Övliya Çələbi Mingəçevir haqqında yazaraq onu Kür çayının sağ sahilində, Bozdağ dağının yaxınlığında yerləşən böyük yaşayış məntəqəsi kimi təsvir etmişdir. Onun sözlərinə görə, bu qəsəbədə bir neçə məscid, lifli ipək və ipək parça istehsal edən emalatxanalar, hamamlar və s. fəaliyyət göstərirdi. Oradan keçən yola əvvəllər “elçi yolu” deyirdilər. “Qasid yolu” Yaxın Şərq ölkələrinə və Azərbaycanın Səki, Qəbələ, Samaxı, Bərdə, Beyləqan və s. şəhərlərinə dəvə və ticarət yollarını birləşdirirdi.

Mingəçevir Su Elektrik Stansiyasının tikintisi ilə əlaqədar Azərbaycanın bütün rayonlarından Mingəçevirə çoxlu sayda insan gəlmiş və bu elektrik stansiyasının tikintisində ümumilikdə 20 min nəfər iştirak etmişdir. 1940-cı illərin sonunda elektrik stansiyasının tikintisinə töhfə verənlər arasında təxminən 10.000 alman əsgəri də var idi. O vaxt Sovet İttifaqının ən böyük su elektrik stansiyası olan bu tikinti sahəsinin tikintisinə ölkənin ən təcrübəli mütəxəssisləri cəlb olunmuşdu.

Azərbaycan KP  Mərkəzi Komitəsinin  1969-cu il iyulun 14-də keçirilən Plenumda Azərbaycan   KP   Mərkəzi   Komitənin birinci katibi seçilmiş Heydər Əli Rza oğlu Əliyev bütün dövlət hakimiyyəti orqanlarının işini xalqın iqtisadi, sosial-mədəni tərəqqisi və milli oyanış siyasətinin reallaşdırılmasına yönəltdi.

Tarixən Azərbaycanın sənaye  potensialı Bakı və ona yaxın ərazilərdə formalaşmışdı.  1970-1980-ci illərdə başlanan quruculuq işləri respublikanın bütün şəhər və rayonları kimi  etmiş, Mingəçevirdə də özünü göstərirdi.

   1970-1980-ci illərdə respublikamızın inkişaf nailiyyətlərində Mingəçevir  şəhərinin özünəməxsus yeri olmuşdu. Mingəçevir şəhəri II Dünya müharibəsindən sonra, xalq təsərrüfatının bərpa və inkişaf etdirildiyi bir dövrdə yaranmışdı. O zaman yüksək ixtisaslı kadrlar, güclü texnika çatışmırdı.1955-1960-cı illər şəhərdə intensiv şəkildə sənaye obyektləri tikilib istifadəyə verilirdi. Bu illərdə şəhərdə respublikada ilk olaraq kabel istehsal edən “Azərkabel” zavodu, şəhərin ən böyük müəssisələrindən olan pambıq-parça fabriki, iri panellərdən evtikmə kombinatı, “Azərelektroizolyasiya”, qum-çınqıl, şüşə-mahlıc zavodları istifadəyə verilmişdi.

   1974-cü ildə Cənubi Qafqazın ən iri elektrik enerjisi istehsalı müəssisəsi olan Azərbaycan İES-in tikintisinə başlanmış və 1981-ci il oktyabr ayının 20-də Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə istifadəyə verilmiş, bu möhtəşəm hadisə Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsasını qoymuşdur. Sovetlər İttifaqında həcminə və görülən işlərin miqyasına görə nəhəng tikililər sırasında duran Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası Cənubi Qafqazın ən böyük enerji müəssisəsidir. DRES-in tikintisi eyni zamanda respublikada bu sahə üzrə yerli energetik, mühəndis, inşaatçı heyət üçün böyük təcrübə məktəbi oldu. 

 “Mingəçevir təkcə energetiklərin şəhəri deyil, kimyaçıların, toxucuların deyil, bütün Azərbaycanın  gözəl şəhəridir”,  deyən ümummilli liderin mingəçevirlilərə göstərdiyi bu diqqət hər birimizin qəlbində əbədi və silinməz izlər buraxıb. 

Respublikada bu dövrdə kimya sənayesinin inkişafına xüsusi diqqət yetirilirdi. Mingəçevirdə kimya sənayesi sahəsi üzrə istifadəyə verilən  müəssisələrdən   biri də Texniki-rezin məmulatları zavodu idi. Zavod 1971-ci ildə tam gücü ilə istifadəyə verilmişdi. Zavodda sənaye, kənd təsərrüfatı, dəmir yol nəqliyyatı, neft sənayesi və xalq təsərrüfatının başqa sahələri üçün 300-dən artıq müxtəlif növ  texniki-rezin məmulatları hazırlanırdı. 

   Mingəçevirdə fəaliyyət göstərən kimya profilli digər müəssisələrdən biri də şüşə mahlıc zavodu idi. Bu müəssisədə əsasən elektroizolyasiya, istilik izolyasiyası və hidroizolyasiya təyinatı üzrə parçalar və elektrik mühərriklərinin daxili sarğılarının izolyasiyası üçün şüşə lentlər istehsal edilirdi.

   Mingəçevirdə fəaliyyət göstərən “Azərelektroizolyasiya” zavodu respublikanın xalq təsərrüfatında mühüm əhəmiyyət kəsb edən müəssisələrdən sayılırdı. 1970-1980-cı illər ərzində zavodda yeni texnologiya və texnikanın, mütərəqqi iş üsullarının tətbiqi sahəsində əmək məhsuldarlığı xeyli artmışdı. Hər cür iş şəraitinə davam gətirən şüşə borular respublikada ilk olaraq məhz bu zavodda istehsal olunmuşdu.

  “Azərkabel” zavodu Mingəçevirin sənaye şöhrətini artıran, respublikada yeganə kabel istehsal edən sənaye obyektlərindən biri olmuşdu. “Azərkabel” zavodu dünyanın 16 ölkəsinə öz məhsullarıni ixrac edirdi. Bunlar arasında Türkiyə, Vyetnam, İran, Əfqanıstan, Almaniya Demokratik RespublikasI, Əlcəzair və sair ölkələr də var idi. İş prosesi zamanı zavodda əmələ gələn tullantılardan məişətdə istifadə məqsədilə təkrar emal sexi yaradılmışdı. Zavodun geofiziki məqsədlər üçün istehsal etdiyi kabellər xarici ölkələrdə uğurla satılırdı. “Azərkabel” zavodu Ümumittifaq əhəmiyyətli müəssisələr səviyyəsinə yüksələrək “Zaqafqaziyakabel” birliyinə daxil edilmişdi. 

1970-1980-cı illərdə respublikada kənd təsərrüfatının sənaye təməli üzərində qurulmasına, kənd təsərrüfütı təyinatılə maşınqayırma sənayesində daha əhəmiyyətli müəssisələrin yaradılması sahəsində ciddi işlər görülürdü. Bu baxımdan Mingəçevir yol maşınları zavodu mühüm əhəmiyyət kəsb edirdi. Bu zavodda istehsal olunan müxtəlif markalı maşınlar keçmiş ittifaqın onlarla kənd təsərrüfatı rayonlarına göndərilirdi. Bu zavodda hazırlanan çalaqazan maşınlar, avtoyükləyicilər, su nasosları, buldozerlər lazımi təsərrüfat sahələrində çox uğurla istifadə edilirdi. 

1972-ci ildə kənd təsərrüfatının inkişafına olan diqqəti Mingəçevirdə açilmış daha bir müəssisənin fəaliyyətində görmək olardı. Mingəçevir Tikinti Yol maşınları təmiri zavodu 1972-ci ildə Azərbaycan SSR Kənd Tikintisi  Nazirliyinin dəstəyi ilə yaradılmışdı. 1973-cü ildə tam gücü ilə fəaliyyətə başlayan zavod xüsusilə kənd təsərrüfatında istifadə olunan maşın və mexanizimlərin təmiri üzrə ixtisaslaşdırılmışdır. Zavodda kənd təsərrüfatı üçün müxtəlif maşınlar, mexanikləşdirilmiş yedəklər, eləcə də heyvandarlıq və quşçuluq fermaları üçün metal konstruktorlar istehsal olunurdu.

Mingəçevirdə kənd təsərrüfatı sahəsində ixtisaslaşan və yenidən qurulan müəssisələrdən biri də Təcrübi Eksprimental Sınaq zavodudur. Zavod müxtəlif kənd təsərrüfatı və digər maşınların əsaslı təmiri ilə məşğul idi. 

   Mingəçevirdə kənd təsərrüfatına xidmət edən idarə və müəssisələrdən: 5 nömrəli Kənd tikinti tresti, 5 nömrəli avtonəqliyyat kontoru, 5 nömrəli mexanizasiya idarəsi, 5 nömrəli dəmir-beton məmulatı və ağac emalı zavodlarını da göstərmək olar.

   1970-1980-cı illər Azərbaycanda tikinti materialları istehsalının artırılması və bu sahədə yeni sahələrin tikilib istifadəyə verilməsinə xüsusi diqqət yetirilirdi. Mingəçevirdə fəaliyyət göstərən qum-çınqıl zavodu, iri panellərdən ev tikmə kombinatı, dəmir-beton konstruksiyaları zavodu və digər oxşar profelli müəssisələr həm şəhərin özündə, həm də digər rayon və kəndlərdə sürətli tikinti işləri aparmaq üçün imkanlar yaradırdı. Mingəçevir mənzil tikintisinin həcminə görə respublikada fərqlənən şəhərlərdən olmuşdu.  Sosial həyatın ən mühüm göstəricilərindən olan mənzil tikintisinin həcmi 1970-1980-çı illərdə şəhərdə xeyli artmışdı. Hər il Mingəçevirdə təqribən 35-40 min kv.m-dən çox mənzil tikilib istifadəyə verilirdi. 

Mingəçevirdə təhsilə, yeni tədris binalarının tikintisinə, təhsil müəssisələrinin müəllim kadrları ilə təmin edilməsinə də ciddi diqqət yetirilirdi. 1972-ci ildə şəhərdə 1000 yerlik məktəb binası tikilib istifadəyə verilmiş, 13 məktəb binasından 6-da əsaslı təmir işləri aparılmış, şəhər tabeli Tərəvəzçilik sovxozunda 5 nömrəli səkkiz illik illik məktəb üçün 120 şagird yeri olan 3 sinif otağı və 2 yardımçı otaq hazırlanıb istifadəyə verilmişdi. Şəhər zəhmətkeş Deputatlar Soveti İcraiyyə Komitəsi tərəfindən Gənc Texniklər Stansiyası üçün 17 otaqdan ibarət yeni bina ayrılmış, şəhər müəllimlər evi və Səhər Maarif Şöbəsi üçün də yeni bina istifadəyə verilmişdi. 1973-cü ildə Mingəçevirdə 21 ümumtəhsil məktəb var idi ki, onların 6-sı gündüz, 6-sı axşam, 8-i səkkizillik, 1-i qiyabi məktəb kimi fəaliyyət göstərirdi. Şəhərin ümumtəhsil məktəblərində 14 mindən çox şagird təhsil alırdı ki, onlara da 751 müəllim dərs deyirdi. Şəhərdəki 13 uşaq bağçası və körpələr evində 2 mindən çox uşaq tərbiyə olunurdu. Mingəçevirdə Politexnik texnikumu, Tibb məktəbi, texniki peşə məktəbləri, musiqi və mühasib məktəbi də fəaliyyət göstərirdi. Mingəçevir gəncləri arasında idmanın avarçəkmə, baydarka, sərbəst güləş, yüngül atiletka kimi növləri geniş yayılmışdır. Şəhər idmançılarının ən çox uğur qazandığı idman növü avarçəkmə idi. 

   Ötən əsrin 70-80-cı illərində respublikada sosial və mədəni quruculuğun bütün sahələrində böyük nailiyyətlər əldə edilmişdi. Artıq 1972-ci ildə şəhərdə 9 kitabxana, 4 klub, Dövlət Dram Teatrı və Tarix Diyarşünaslıq Muzeyi fəaliyyət göstərirdi. Həmçinin 5 kinoteatr, 4 kinoqurğu, 3 səyyar kinoqurğu da əhaliyə xidmət edirdi. 1978-ci ildə şəhərdə mərkəzləşdirilmiş kitabxana sistemi yaradılmışdı.

   Azərbaycan SSR Nazirlər Sovetinin 13 yanvar 1969-cu il tarixli qərarı ilə Mingəçevir şəhərində üzun müddət fəaliyyət göstərən xalq teatrının bazası əsasında Dövlət Dram Teatrı yaradılmışdı. Teatrın binası 1974-cü ildə Mədəniyyət Nazirliyinin xətti ilə əsaslı təmir olunmuşdu. Mingəçevirdə fəaliyyət göstərən tarix-diyarşünasləq muzeyində şəhərin qədim və müəsir dövrlərini əks etdirən çoxlu maddi-mədəniyyət nümunələri, ev əşyaları, təsərrüfat alətləri, şəhər sənaye müəssisələrinin istehsal etdiyi məhsullardan nümunələr toplanıb nümayiş etdirilirdi. 

   Mingəçevirdə səhiyyə sistemi də həmişə diqqət mərkəzində olan sahələrdən olub. Mingəçevirdəki tibb  müəssisələri təkcə şəhər sakinlərinə deyil, ətraf rayon və kəndlərin əhalisinə xidmət göstərirdi. 1977-ci ildə şəhərdə yeni xəstəxana fəaliyyətə başlamış, şəhərdə xidmət şəbəkələrinin sayı xeyli artırılmış, xidmət növləri çoxaldılmışdı.

Ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəlində baş vermiş hadisələr, Sovet İttifaqının süqutu Mingəçevirə də təsirsiz ötüşmədi. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində vaxtilə tikilib istifadəyə verilmiş "Azərbaycan" İES olmasaydı, respublikanın enerji təchizatında ciddi problemlər yaşana bilərdi. 

1998-ci ilin oktyabrında Heydər Əliyevin Mingəçevir şəhərinə növbəti gəlişi, vətəndaşlarla görüşü, Məscid Kompleksinin açılış mərasimindəki çıxışları mingəçevirlilər üçün bir proqram olmuşdur. Mingəçevirlilərlə  görüşdən məmnun olduğunu dilə gətirən Ulu Öndər xüsusilə vurğulayıb ki, “Mingəçevirin tikilməsində, qurulmasında, inkişaf etməsində mən vaxtilə çox zəhmət çəkmişəm. İndi mən buraya gəlib bu hündür binaları, gözəl meydanları, gözəl yaşıllıqları görəndə sevinirəm. Çünki, 30 il bundan öncə mən Azərbaycana rəhbərliyə başlayarkən biz Azərbaycanın hər yerində quruculuq işləri aparırdıq. Ancaq Mingəçevir gənc şəhər olduğuna görə, energetiklər şəhəri olduğuna görə buraya xüsusi fikir verirdik. Mən çox şadam ki, bizim gördüyümüz işlər yaşayır, inkişaf edir və insanlar burada yaranmış bütün imkanlardan istifadə edirlər, yaşayırlar”. 

Hər zaman öz gözəlliyi, təmizliyi, insanların gülərüz münasibətilə turistlərin diqqətini cəlb edən Mingəçevir artıq öz keçmiş nüfuzunu qaytarmaqdadır. MDB məkanında oxşarı olmayan “Kür” Olimpiya Tədris-İdman Mərkəzi energetiklər şəhəri Mingəçevirdə gerçəkləşdirilən ən böyük layihələrdən biridir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Mingəçevir şəhərində sənaye müəssisələrindən olan “Kür” Elektron Avadanlıqları İstehsalı MMC açılmışdır. “Mingəçevir Tekstil” MMC  Qafqaz regionunun ən böyük iplik istehsal edən müəsissəsidir. Burada istehsal olunan məhsullar daxili bazarın ehtiyacını ödəməklə yanaşı xarici ölkələrə də ixrac edilir və tekstil sahəsində beynəlxalq markaya çevrilir.

Regionda yerləşən sənaye müəssisələrinin ehtiyaclarına uyğun kadrların hazırlanması məqsədilə 1991-ci ildə M.Əzizbəyov adına Azərbaycan Sənaye Universitetinin (hazırki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Mingəçevir filialı açılmışdır. 1992-ci ilin avqustun 25-də filialın bazasında Mingəçevir Energetika İnstitutu yaradılmış, 1993-cü ilin avqustun 4-də Mingəçevir Energetika İnstitutu Mingəçevir Politexnik İnstitutu adlandırılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli Sərəncamı ilə Mingəçevir Politexnik İnstitutunun bazasında Mingəçevir Dövlət Universiteti (MDU) yaradılmışdır. 300-dən çox əməkdaşı olan MDU-da 200-ə yaxın professor-müəllim heyəti çalışır ki, onlardan 5 nəfərin elmlər doktoru, 57 nəfərin isə fəlsəfə doktoru elmi dərəcəsi, 3 nəfərin professor və 43 nəfərin isə dosent elmi adı var. Hazırda fəaliyyətini müasir Azərbaycan təhsilinin strateji hədəflərinə uyğun quran Mingəçevir Dövlət Universiteti (MDU)  bu gün də milli iqtisadiyyatımız və sənayemiz üçün yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsi üçün qarşıya qoyulmuş vəzifələrinin öhdəsindən layiqincə gəlir. MDU-da həyata keçirilən kompleks tədbirlər ilk növbədə əsas strateji hədəflərə – yeni dövrün universitetinə çevrilmək, regional inkişafa töhfə vermək və paytaxt səviyyəli ali təhsil müəssisəsi olmaq məqsədlərinə çatmaq yolunda irəliləyişə nail olmağa hesablanır.

 Mingəçevir gəncləri vətənini layiqincə təmsil etməyə qadir olan əsil vətəndaş kimi formalaşmışlar. 44 günlük Vətən Müharibəsində qazanılan tarixi Zəfərdə Mingəçevir gənclərinin də payı var. Onlar torpaqlarımızın işğaldan azad olunmasında igidlik və mərdlik nümunələri göstərilmişlər. Tarixi zəfər yürüşündə Mingəçevir gəncləri şəhidlik zirvəsinə yüksəlmiş, qazi olmuşlar.

Bu gün də Mingəçevirdə tikinti abadlıq işləri geniş vüsət almış, yeni sosial infrastrukturlar, mədəni-məişət obyektləri tikilməkdədir. 13 fevral 2023-cü il tarixində Bakıda “Gülüstan” sarayında Azərbaycanın energetiklər şəhəri olan Mingəçevirdə tikiləcək 1300 MVt gücündə istilik elektrik stansiyasının təməlqoyulma mərasimi keçirilmişdir. 

Mən Mingəçevir şəhərində doğulub, boya-başa çatmışam. Orta məktəbi bitirdikdən sonra Bakı şəhərində ali təhsil almışam. Ali təhsilimi başa vurduqdan sonra yenidən doğma, əziz şəhərimizə qayıdıb fəaliyyətimi burada davam etdirmişəm. Bir mingəçevirli kimi həmişə doğma şəhərimlə fəxr edib, qürur duyuram. Gözlərim önündə böyüyən əziz, doğma şəhərim – “yeni yaşın mübarək” deyirəm. Mingəçevirliləri bu şəhəri sevməyə, çiçəkləndirməyə çağırıram.

 

Almaz Əliyeva

Mingəçevir Dövlət Universiteti

 "Mühəndislik" fakültəsinin dekanı, dosent

Sosial həyat