Murovdağdan Dəlidağa döyüşsüz Zəfər yürüşü

post-img

25 Noyabr Kəlbəcər Şəhəri Günüdür

Kəlbəcər ölkəmizin təbiətinə görə ən gözəl, təbii sərvətləri baxımından isə ən zəngin bölgələrindən biridir. Bir vaxtlar nəhəng Sovet İttifaqının hər yerindən insanlar buradakı “İsti­su” sanatoriyasına axışıb gələrdilər. Qayıdanda isə Kəlbəcərin ecazkar təbiətindən, şəfalı bulaqlarından, ən başlıcası sadə, mərd, qonaqpərvər insanlarından ürəkdolusu söz açar­dılar. 

İndiki nəsillərə Kəlbəcəri xalq şairi Səməd Vurğunun aşıq Şəmkirlə deyiş­məsi yadigarı olan, o illərdə dillər əzbə­rinə çevrilən məşhur qoşma sevdirib. Yəqin ki, çoxlarınızın yadındadır. Böyük S.Vurğun kəlbəcərli el aşığına xitabən demişdir:

Bəxt məni bu yerə qonaq göndərdi.

Gedirəm, yamandı ayrılıq dərdi.

Demə, Səməd Vurğun gəldi-gedərdi,

Unutmaz bu oba, bu mahal məni.

Bu gözəl misralardan özüm üçün həm də onu anlamışam ki, dağlar, çeşmələr di­yarı Kəlbəcərdə əsrlər boyu folklorumuza, xüsusilə aşıq sənətinə və bu sənəti yaşa­dan və zənginləşdirən istedadlı sənətkar­lara dərin hörmət və ehtiram bəslənilib. Peşəm ilə bağlı bu gözəl məkana hər dəfə yolum düşəndə hamı kimi mən də onun gözəlliklərinə heyran qalmışam. 

Açı təəssüf hissilə həm də belə bir faktı xatırlamalı oluruq ki, Kəlbəcər ermə­ni qaniçənlərinin caynağına keçən ilk böl­gəmizdir. Belə ki, 1992-ci ilin 2 aprelində Kəlbəcər yağı düşmən əsarətinə düşən­də, hər birimizin ürəyinə sanki bir xəncər sancılmışdı, bu dərin yaranın ağrısını illər boyu hiss edərək əzab çəkmişik. 

Lakin qəhrəman türk övladının yurdu əbədi əsarətdə qala bilməzdi! Buna milli heysiyyatımız heç cür yol verə bilməzdi. Bir də axı ilahi ədalət var. Bu torpağın ta­rixiən əsl sahibləri var. Onlar qanları, can­ları hesabına haqqı, ədaləti bərpa etdilər! 

Xoşbəxtlikdən artıq 3 ildir ki, Kəlbə­cər azaddır! Bu gözəl diyar Azərbaycan ordusunun 2020-ci ilin payızında 44 gün­lük savaşdan sonra imzalanan Üçtərəfli Bəyənatın tələblərinə uyğun olaraq siya­si yolla azad olundu. Haqq nazilər, üzül­məz deyirlər! Həyat hər şeyi öz yerinə qoydu! 

Hörmətli oxuculara xatırlatmaq istə­yirəm ki, işğal nəticəsində rayonun 53 min nəfərdən çox əhalisi öz dədə-baba yurdundan didərgin düşmüşdü. Ermənis­tanın silahlı quldur dəstələri ilə ağır dö­yüşlərdə 511 dinc sakin öldürülmüş, 321 adam əsir götürülmüş və itkin düşmüşdü. Kəlbəcərlilər yurddan ayrı düşdükləri 28 il ərzində çox ağrı-acılara tab gətirdilər. Lakin onlar geri dönəcəklərinə olan ümid­lərini heç vaxt itirməmişdilər. 

Kəlbəcərin işğalı nəticəsində rayon mərkəzi, 150-yə yaxın kənd, həmçinin onlarca tarixi-mədəniyyət abidəsi, bir mu­zey, “İstisu” sanatoriyası və digər mühüm obyektlər erməni quldurları tərəfindən xa­rabazara çevrilmişdi.

Kəlbəcər rayonunun işğalı o dönəm­də Qarabağ müharibəsində Azərbayca­nın ən böyük hərbi-strateji məğlubiyyəti idi. Təəssüf ki, bunun nə qədər böyük itki olduğunu ovaxtkı iqtidar anlamırdı. Hətta yanlış olaraq düşünürdülər ki, BMT Kələbəcərə görə Ermənistanı təcavüzkar dövlət kimi cəzalandıracaq. Bu, çox sa­dəlövh yanaşma idi! 

Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul etmişdi. Ancaq, bu qətnamə və sonrakı daha üç qərar ye­rinə yetirilmədi. Yalandan vədlər verildi, saxta müzakirələr aparıldı. Beynəlxalq qurumlar ədalətini bərpa olunmasını sa­dəcə istəmirdilər. 

Əlbəttə, bu tarixi ədalətsizlik əbədi davam edə bilməzdi. Üç il əvvəl Azərbay­canın igid əsgər və zabitləri Ali Baş Ko­mandan İlham Əliyevin rəhbərliyi altında böyük şücaət və qəhrəmanlıqlar nümayiş etdirərək düşməni Qarabağdan qovdu­lar. Məhz bundan sonra Kəlbəcərin azad olunması üçün real zəmin yarandı. 

Kəlbəcər azad olunan gün ölkəmiz­də böyükdəın kiçiyə hamı sevinirdi. Bu müjdəni xalqa çatdıran Prezident İlham Əliyev hamıdan çox xoşbəxt görünür­dü. Möhtərəm dövlət başçımız demişdir: “Əziz kəlbəcərlilər, gözünüz aydın olsun! Doğma rayonunuz işğaldan azad olun­du. Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi. Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal edil­mişdir. Günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə qovulmuşdur. Kəlbəcərin tarixi abidələrinə, təbiətinə böyük ziyan vurulmuşdur. ...Biz Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi olma­sın və həyat qayıdacaq”. 

...Kəlbəcər azad olunan günün ertəsi günün avtobusda kəlbəcərli tələbə yolda­şım, şair Adil Cəmillə təsadüfən görüş­dük. Doğulub boya-başa çatdığı rayonun azad olunması ilə bağlı onu təbrik etdim. 

Adil çox sevinirdi. Dedi ki, nə yaxşı belə bir qürurlu, xoşbəxt anları yaşamaq ona nəsib olub. O, bir vətəndaş və ziya­lı kimi, yenilməz Azərbaycan Ordusunun hər bir əsgərinə, zabitinə, xüsusilə Ali Baş komandan İlham Əliyevə bütün ömrü boyu minnətdar olacaq. 

Bu gün Kəlbəcər rayonu və onun kəndləri yenidən qurulur, burada bir-bi­rindən gözəl, yaraşıqlı evlər, rahat yollar, uşaq bağçaları, məktəb və mədəniyyət evləri inşa edilir. Prezident İlham Əliye­vin sərəncamı ilə təsdiq edilmiş, 2022–2026-cı illəri əhatə edən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Böyük Qayıdışa dair I Dövlət Proqramı” rayonda böyük uğurla həyata keçirilir. 

Kəlbəcəri, əlbəttə, “İstisu”suz təsəvvür etmək olmaz. Yeri gəlmişkən, Prezident İlham Əliyev 2022-ci il iyunun 26-da Kəl­bəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimində iştirak edib. Qeyd olunub ki, hələ 1928-ci ildən fəaliy­yət göstərən, lakin işğal dövründə yarar­sız hala salınan sanatoriya yeni simada tam bərpa olunacaq. 

Məlumat verilib ki, 34 hektar ərazi­də salınması nəzərdə tutulan “İstisu” İstirahət-Müalicə Kompleksi gündəlik 300 nəfəri qəbul etmək imkanına malik olacaq. Kompleksdə sağlamlıq-bərpa mərkəzi ilə yanaşı, 10 kottecin tikilməsi də planlaşdırılır.

Bu gün isə Kəlbəcərin və kəlbəcərlilə­rin bayramıdır. Axı, Prezident İlham Əliye­vin 31 iyul tarixili sərəncamı ilə 25 noyabr Kəlbəcər Şəhəri Günü elan edilmişdir. Bu xəbər hər bir kəlbəcərlinin qəlbində dərin coşqu yaratmışdır. 

...Dünən axşam yazı çapa hazırla­narkən mənə Azərbaycan Turizm və Me­necment Universitetinin professoru, ta­nınmış kulturoloq Minəxanım Əsədli zəng etmişdi. Söhbət Kəlbəcərin turizm imkan­larından söz düşəndə dedi ki, burada yerli və regional turizmin inkişafı üçün olduqca böyük potensial və fürsətlər var. 

Deməli, ən yaxın illər ərzində böyük Səməd Vurğunun qeyd etdiyi kimi, Kəlbə­cərdə Dəlidağdan keçənlərin sıraları birə on artacaq, bu ecazkar məkan insanlara könül xoşluğu və rahatlıq bəxş edəcək! Bayramın mübarək, əziz Kəlbəcərim! 

 

Məsaim ABDULLAYEV
XQ

Sosial həyat