İstedadlı yazıçı, nüfuzlu ictimai xadim

post-img

İmran Qasımov – 105

Görkəmli ictimai xadim, yazıçı, dramaturq İmran Qasımov ədəbiyyat, kino və teatrda iz qoymuş sənətkarlardan olub. Hələ 1940-cı ildə onun ilk ssenarisi əsasında “Yeni üfüq” bədii filmi çəkilib və sənətkar kimi yaradıcılıq üfüqlərinin geniş olduğu görünüb. 

...Hər dəfə paytaxtın Nəsimi rayo­nunda Səməd Vurğun prospekti ilə kə­sişən, Feyzulla Qasımzadə küçəsi ilə paralel yerləşən İmran Qasımov küçə­sindən keçəndə düşünürəm ki, nə yax­şı, bu ünvanda da onun adı ədəbi məs­ləkdaşları ilə yanaşıdır. Təsadüfi deyil ki, 2018-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə unudulmaz yazıçının 100 illik yubileyi geniş qeyd olunub. 

İmran Haşım oğlu Qasımov Bakıda ziyalı ailəsində anadan olub. Ona Üze­yir Hacıbəyli, Hüseynqulu Sarabski, Cəlil Məmmədquluzadə, Abbas Mirzə Şərifzadə, İsmayıl Hidayətzadə kimi şəxsiyyətlərlə çiyin-çiyinə işləyərək Azərbaycanda musiqili teatrın yaran­masında, inkişafında böyük rol oyna­mış əmisinin adını veriblər. Nümunə­vi həyat yolu, məhsuldar yaradıcılığı həmin adı layiqincə daşıya bildiyinə sübutdur. Əməkdar incəsənət xadimi (1960), Xalq yazıçısı (1979), Dövlət mükafatı laureatı (1980) fəxri adlarına layiq görülüb. 

Onu da vurğulayım ki, İmran Qa­sımovun Həsən Seyidbəyli ilə birgə yazdığı “Uzaq sahillərdə” romanı 22 dilə çevrilərək dönə-dönə nəşr edilib. Həmin roman əsasında Tofiq Tağıza­dənin çəkdiyi eyniadlı film də dünyada populyarlıq qazanıb (Nodar Şaşıqoğlu­nun yaratdığı Mixaylo – əfsanəvi par­tizan Mehdi Hüseynzadə vətənimizin hüdudlarından kənarda da sevilən kino qəhrəmanı olub). 

Azərbaycan Dövlət Universiteti­nin filologiya fakültəsini və Moskvada Ali ssenari kurslarını bitirmiş İmran Qasımov həyatda pillə-pillə ucalaraq, Azərbaycan Nazirlər Soveti yanında Kinematoqrafiya nazirinin 1-ci müavi­ni, Yazıçılar İttifaqı idarə heyətinin 1-ci katibi vəzifələrində çalışıb. Unudulmaz yazıçı 20-dək rоman, pоvest və hekayə kitabının müəllifidir. “Sən nə üçün yaşa­yırsan”, “Dairəni genişləndirin”, “İnsan məskən salır”, “Хəzər üzərində şəfəq”, “Ömrümüz qısadır” pyesləri tamaşaya qоyulub. “İllər keçir” (1968), “Fransız qobeleni (Yol qeydləri)” (1970), “İtaliya mozaikası” (1972) və s. kitabları, necə deyərlər, əl-əl gtəzib. Ssenari müəllifi olduğu “Onun böyük ürəyi”, “Əsl dost”, “Bizim küçə” və digər filmləri isə bu gün də maraqla baxılır.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın İmran Qa­sımovla bağlı özəl xatirələri var: 

– İmran müəllim atamın ən yaxın dostlarından idi. Rəsul Rza əvvəlcə Kino işləri idarəsinin müdiri, sonra Azər­baycanın ilk kino naziri olarkən İmran Qasımov onun müavini vəzifəsində çalı­şırdı, ancaq onların münasibətləri nazir–müavin münasibəti deyildi, çox yaxın, məhrəm dostluq əlaqəsi idi, ruhən yaxın insanların mənəvi yoldaşlığı idi. Atam onu nəvazişlə “İmrani” deyə çağırırdı. İmran da Rəsul Rza haqqında ən səmi­mi sözlər deyib və yazıb. Gözümü açan­dan İmran müəllimi evimizin əziz qonaq­larından biri kimi xatırlayıram, lap uşaq yaşlarımda onu Minarə xanımla birlikdə atamın Buzovnadakı bağına gəldiyi ya­dıma düşür. Müharibənin son illərində və müharibədən sonra Azərbaycana gətirilmiş Amerika maşınları - üstüaçıq “Villis”lə gəlmişdilər bağımıza və sükan arxasında İmran müəllim özü oturmuş­du. Atam da o vaxt həm maşın, həm də motosiklet sürürdü. Çimərlikdə İmran müəllimin “Villis”də, atamın isə motosik­letdə ötüşdüklərini xatırlayıram... O vaxt ən munis arzum böyüyüb motosiklet və maşın, özü də mütləq üstüaçıq “Villis” maşını sürmək idi. 

Sonralar İmran müəllimlə daha ciddi ünsiyyətimiz oldu. O, zəngin məlumatlı, geniş erudisiyalı, həm də çox maraqlı müsahib idi. Söhbətlərindən doymaq olmurdu. İmran dünyasını dəyişəndən çox-çox illər sonra Türkiyədə rəhmət­lik Çingiz Aytmatovla söhbətlərdə o, sıx-sıx mərhum yazıçımızı xatırlayır, İmranla ünsiyyətin insanı zənginləşdir­məsindən danışırdı. Bilirəm ki, İmran Qasımovla Çingiz Aytmatov həm də tez-tez məktublaşıblar. Bu məktubları hər iki yazıçının arxivindən tapıb mət­buatda dərc etmək nəcib iş olardı.

İmran Qasımovun ssenari müəllifi olduğu filmlərdən biri “İnsan məskən salır” adlanır. Bu gün onun unudulmaz xatirəsi əbədi məskən saldığı ürəklərdə yaşayır.

Ə.DOSTƏLİ
XQ

Mədəniyyət