Daşkənddə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindəki Heydər Əliyev muzeyində yazıçı-publisist, türkoloq alim, tarixi romanlar müəllifi Yunus Oğuzun özbək dilində çap edilən “Cığır” romanının təqdimatı keçirilib.
Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə çap edilən, Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə həsr olunan kitabı orijinaldan özbək dilinə dosent Gülbahar Aşurova çevirib.
Mərkəzin əməkdaşı Kərim Məmmədzadə Yunus Oğuzun yaradıcılığı haqqında ətraflı məlumat verib, bu gün sevincini yaşadığımız Zəfər tariximizdən bəhs edən əsərin əhəmiyyətindən danışıb.
Alim və tərcüməçi Babaxan Şərif bildirib ki, bundan əvvəl Yunus Oğuzun özbək dilində “Əmir Teymur”, “Şah arvadı və cadugər”, “Sultan Alp Arslan”, “Atabəy Eldəgiz”, “Ovçu” romanları işıq üzü görüb və populyarlıq qazanıb. Əminəm ki, Yunus Oğuzun bundan sonra da yeni-yeni əsərləri özbək dilində çap ediləcək.
Alim “Cığır” romanının bədii dəyəri haqqında da söhbət açıb, gələcəkdə tarixi araşdırmaq üçün dəyərli bir mənbə olacağını qeyd edib.
Gülbahar Aşurova Yunus Oğuzun Özbəkistanda yaxşı tanındığını diqqətə çatdırıb. O bildirib ki, Y.Oğuz Özbəkistanda çap olunan ilk kitabı – “Əmir Teymur” romanı ilə məşhurlaşıb. O, özbək tarixi ilə bağlı elə bir kitab ortaya qoyub ki, onu sevməmək mümkün deyil.
Digər çıxış edənlər Yunus Oğuzun yaradıcılığı haqqında söhbət açıblar.
Sonda müəllif özü çıxış edərək kitab üzərindəki işindən danışıb. Y.Oğuz əsərin çapına və təqdimat mərasiminə görə Mədəniyyət Mərkəzinə və muzeyə toplaşanlara minnətdarlığını bildirib.
Tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, soydaşlarımız, jurnalistlər iştirak edib.
Qulu Kəngərli,
XQ-nin xüsusi müxbiri
Daşkənd