Kibertəhlükəsizlik virtual məkanın sipəridir

post-img

Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Qarabağ müharibəsində Qələbədən sonra Azərbaycanın regionda və dünyada nüfuzu kəskin artıb. Düşmən üzərində ədalətli Qələbəmizi həzm edə bilməyən bəzi ölkələr informasiya təhlükəsizliyi sahəsində də müəyyən problemlər yaratmağa çalışırlar. Bu kimi məsələlər elektron təhlükəsizliyin təmin edilməsini vacib şərt kimi önə çəkir. 

Virtual dünyada var olmaq indi artıq bizdən məlumatlarımızın təhlükəsizliyini qorumağı tələb edir. İstər fiziki şəxslər, isər dövlət qurumları, istərsə də bizneslər texnologiyanın gətirdiyi üstünlüklərlə daxili və xarici kiber hücumlardan özlərini müdafiə etməyə çalışırlar. 

“Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”nda da kritik informasiya infrastrukturlarının təhlükəsizliyinin təmin edilməsinə xüsusi yer verilib. Həmçinin son illər bu istiqamətdə görülən işlər, qəbul edilən normativ hüquqi aktlar, yaradılan kiberməktəblər də bunun bariz nümunəsidir. Ölkəmizdə kibertəhlükəsizliyin vacibliyi nəzərə alınaraq bir çox tədbirlər həyata keçirilib. Məsələn, İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi və Beynəlxalq  “Alqoritmika” qurumu  birgə “İT Akademiya” formalaşdırıblar və yaxın müddətdə 3000 mütəxəssis hazırlamağı hədəfləyiblər. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində informasiya texnologiyalarının tədrisi üzrə Azərbaycan–İsrail Təlim Mərkəzi kibertəhlükəsizlik sahəsində İsrail mütəxəssislərinin köməyi ilə kadr hazırlamağı planlayıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə 2021-ci ildən “Technest” layihəsinə start verilib. Məqsəd İT üzrə milli kadrların yetişdirilməsini sürətləndirməkdir. Nazirlik  “İKT Lab” Tətbiq və Tədris Mərkəzi , “Code Academy”, İsrail–Azərbaycan Təlim Mərkəzi, Tech Academy, “ABB Tech” ilə bu istiqamətdə əməkdaşlıq edir.

Eləcə də, kibertəhlükəsizlik sahəsində mütəxəssislərin hazırlığı məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti ilə İsrailin tanınmış “Technion” Universiteti arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən fəaliyyətə başlayacaq Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi növbəti 3 il ərzində 1000-dən çox peşəkar mütəxəssis hazırlamağı hədəfləyib.

Elektron Hökumətin İnkişafı Mərkəzi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və “B.EST Solutions” şirkəti birgə memorandum imzalayıb və Estoniyanın kibertəhlükəsizlik şirkəti – “CybExer” ilə birgə sahə üzrə təlimlər verməyi planlaşdırır, Azərbaycan Texniki Universitetində Elmi Şuranın qərarı ilə Kibertəhlükəsizlik İnstitutu və Kibertəhlükəsizlik kafedrası yaradılıb. XRİT Dövlət Xidməti ilə əməkdaşlığa başlanıb. Burada artıq Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası ilə birgə kadr hazırlığına başlanıb. Elm və Təhsil Nazirliyi “Code Academy” ilə birgə BDU və AzTU-da İT sahəsi üzrə xüsusi kurslar təşkil edib.

“Heydər Əliyev İli” çərçivəsində Bakı Konqres Mərkəzində keçirilmiş kiberfestival (“Critical İnfrastructure Defence Challenge 2023”) mövzunun əhəmiyyətini bir daha diqqətə çatdırmış olub. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən tədbir kiber sahə üzrə yerli və xarici şirkətləri, dövlət və özəl sektorda fəaliyyət göstərən qurumları, tələbə və ekspertləri bir araya toplamışdı. Kiberfestivalın məqsədi dövlət qurumları, kritik infrastrukturlar, maliyyə və telekommunikasiya sektorları əməkdaşlarının informasiya təhlükəsizliyi üzrə təcrübə, bilik və bacarıqlarının təkmilləşdirilməsi, dövlət və özəl sektorlararası şəbəkələşmənin və koordinasiyanın gücləndirilməsi idi.  

Tədbir çərçivəsində 14-ü yerli və 
27-si xarici olmaqla, ümumilikdə, 41 şirkət, 5 dövlət qurumu və 8 startapın qatıldığı “Kibertəhlükəsizlik” sərgisi, “Hack the future” (“Gələcəyi hədəf seçin”) proqramı üzrə müxtəlif bilik səviyyələrinə və yaş kateqoriyalarına uyğun İT üzrə ustad dərsləri təşkil olundu və iştirakçılara kiberdünyada qlobal çağırışlar, kibertəhdidlər üzrə panel müzakirələrini dinləmək imkanı yaradıldı.

Eyni zamanda, festivalda Azərbaycanda ilk dəfə kiberhücumların simulyasiyası ilə virtual müharibədə dövlət qurumlarının, kritik infrastrukturların, bankların, telekommunikasiya müəssisələrinin İT üzrə 3–5 nəfər tərkibli 20 komandası 2 gün ərzində yarışdılar. Qalib komandalara 30 min manat (1-ci yer 15000, 2-ci yer 10000, 3-cü yer 5000 azn)sanballı məbləğdə pul mükafatları verildi. İlk  yerin qalibi Dövlət Neft Şirkətinin “UEİB” komandası oldu, 2-ci yeri “Azercell” şirkətinin “Cybercell” komandası,3-cü yeri isə Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinin “Dəmir Yumruq” (“Iron Fist”) komandası tutdu.   Həmçinin, təşkilatçılar tərəfindən informasiya təhlükəsizliyi mövzusunda 10 təqdimat, 5 panel müzakirəsi və 6 fərqli sahə üzrə ödənişsiz təlimlər keçirildi. 

Festivalda qərara alındı ki, tədbirlər növbəti illərdə də həm sahəvi infrastrukturlar üçün xüsusiləşdirilmiş formada, həm də beynəlxalq səviyyəli kibermüharibə yarışı formatında davam etdirilsin. 

Sadalanan tədbirlər görülmüş və görüləcək işlərin bir qismini əhatə edir. Hazırda vətəndaşların, dövlər və özəl qurumların təhlükəsizliyi prioritet məsələ seçilərək, bu istiqamətdə yeni layihələr üzərində də çalışılır.

Osman Gündüz, 
Azərbaycan İnternet Forumunun prezidenti

Azərbaycanda kibertəhlükəsizliklə bağlı infrastrukturun və qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində ciddi addımlar atılıb. Son bir-iki il ərzində ölkədə informasiya texnologiyaları, xüsusilə də kibertəhlükəsizlik sahəsində mütəxəssislərin hazırlanmasında sanki bir yarış başlandığı müşahidə olunur. Əvvəllər bu sahədə universitetlər və az sayda qurumlar, “Step İT Academy”, “Code Academy” və sair, bu tip qurumlar peşəkar İT hazırlığı ilə məşğul olurdular. İndi xeyli sayda yeni qurumlar bu istiqamətdə fəaliyyətə başlayıblar. 

Hətta Elm və Təhsil Nazirliyindən fərqli bir çox dövlət  qurumları da peşəkar İT təhsil sektoruna baş vurublar. Bilmirəm, bəlkə də bu yaxşıdır. Çünki ölkəmizdə bu sahədə mütəxəssis qıtlığı var. İnanmaq istərdim ki, keyfiyyət də unudulmayacaq. Ümid edirəm, bu sektorda yeni olan iddialı qurumlar keyfiyyətli mütəxəssis hazırlığı sahəsində qarşıya qoyulan məqsədlərə çata biləcəklər.

Kənan Yusubov, 
Mobil Platforma üzrə mütəxəssis 

Ənənəvi platformadan elektrona keçid üstünlüyü ilə yanaşı, təhlükələrlə də bizi qarşılayır. Elektron məlumatlar elə qorunmalıdır ki, kiber hücumların qurbanına çevrilməsin. Məsələn, hansısa bankda təhlükəsizlik baxımdan kiçik boşluq milyon, milyardlarla manat pulların mənimsənilməsinə gətirib çıxaracaq. Təhlükəsizlik qurumlarının məlumatlarının ələ keçirilməsi isə dövlət üçün təhdid və təhlükə yarada bilər. Bütün bunları nəzərə alaraq vurğulanmalıdır ki, bu və bu kimi festivalların önəmi olduqca yüksəkdir. 

Azər¬baycanda virtual sahəyə həvəs və maraq artmaqdadır. Qanunvericilik baza-sının təkmilləşdirilməsi, ali və orta-ixtisas təhsil müəssisələrində bu istiqamətdə kadrların hazırlanması atılan önəmli ad¬dımlardandır. Prezident İlham Əliyevin müxtəlif vaxtlarda imzaladığı fərman və sərəncamlar, verdiyi tapşırıqlar rəqəmsal aləmdə çalışanların inkişafı üçün yeni imkanlar yaradıb.





Sosial həyat