“Azərbaycan dilinin Meğri şivələri”

post-img

Qərbi Azərbaycanla bağlı mənəvi sərvətlərimizin yenidən dövriyyəyə gətirildiyi günlərdə mərhum tədqiqatçı-pedaqoq Əhmədəli Əliyevin “Azərbaycan dilinin Meğri şivələri” monoqrafiyasının yoxlanılmış və təkmilləşdirilmiş ikinci nəşri işıq üzü görüb. 

Ana dilimizin tədqiqi sahəsində dəyərli mənbələrdən biri sayılan kitabın redaktoru Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Abbas Abbasov, rəyçiləri filologiya elmləri doktorları, professor Elbrus Əzizov və professor İbrahim Bayramovdur. Monoqrafiyada ilk dəfə olaraq qədim Zəngəzurun cənubunda yerləşən Meğri ərazisindəki Nüvədi, Aldərə, Vartanizor, Ernəzir, Lehvaz, Maralzəmi, Tuğut kənd şivələri öyrənilib. Müəllif bu şivələrin fonetik, leksik, morfoloji və sintaktik xüsusiyyətlərini zəngin dil materialları əsasında tədqiq etməklə yanaşı, ərazinin, bütövlükdə, türkmənşəli toponimlərini əhatəli şəkildə oxuculara çatdırıb. Bunlar dilimizin tarixinin tədqiqi, qədim türk ərazilərinin öyrənilməsi baxımından çox qiymətli materiallardır.

Tədqiqatın birinci fəslində Meğri rayonu şivələrində nitq prosesində qarşıya çıxan sait səslər və onların variantları, sait səslərin bir-birilə asanlıqla əvəzlənməsi, daha doğrusu, ön sıra saitlərinin arxa sıra saitləri ilə və yaxud arxa sıra saitlərinin ön sıra saitlərilə əvəzlənməsi, dodaqlanmayanların dodaqlananlarla, açıq saitlərin qapalılarla əvəzlənməsi və s. qeyd edilir. Eləcə də bəzi sözlərin əvvəlində, ortasında və sonunda təsadüf edilən səs artımı (proteza) hadisəsi misallarla göstərilir.

Kitabın ikinci fəsli Azərbaycan dilinin Meğri şivələrinin qrammatikasından bəhs edir. Orada əsas nitq hissələri sadalanır, hər bir izah şivə nümunələri ilə tamamlanır. Əsərin üçüncü fəsli isə “Sintaksis” bəhsinə həsr olunub. Orada mürəkkəb söz birləşmələri, o cümlədən təyini söz birləşmələrinin növləri sadalanır. Yarımbaşlıqlarda, ümumiyyətlə, cümlə, mürəkkəb cümlənin növləri haqqında izahlar, omonimlər, sinonimlər, habelə ayamalar, müxtəlif məzmunlu ağız ədəbiyyatı nümunələri barədə də maraqlı misallar diqqətə çatdırılır.

Monoqrafiyanın əlavə bölməsində Meğri şivələrinin  zəngin leksika əksini tapıb. Lüğətə daxil edilmiş material minə yaxın söz və söz birləşmələri şəklində şərh edilir.

Yeni nəşrin redaktoru, professor Abbas Abbasov XQ-yə bildirdi ki, bu monoqrafiya müstəqil Azərbaycan dövlətinin apardığı məqsədyönlü “Qərbi Azərbaycana Qayıdış” strategiyasının tərkib hissələrindən biri kimi dəyərləndirilə bilər. Əsər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Zəngəzur dəhlizinin açılması, Türk Dövlətlər Birliyinin birbaşa quru yolla əlaqələrinin möhkəmlənməsi, Şərqlə Qərb arasında açılacaq yeni yola elmi dəstəkdir. 

Bu monoqrafiyanı elmi ictimaiyyət Zəngəzurun bir hissəsi olan Meğri rayonunun qədim türk torpaqları olmasının təsdiqi haqqında nadir bir salnamə kimi qəbul edib. Bu qiymətli qaynağın ilk nəşri Ulu öndər Heydər Əliyevin anadan olmasının 80 illiyinə hədiyyə edilmişdi. Yeni nəşr isə Ümummilli liderin 100 illik yubileyinə töhfədir.

XQ

 

Sosial həyat