Güneydə Milli Hökumətin mətbu salnaməsi

post-img

(əvvəli qəzetimizin 4 oktyabr 2023-cü il tarixli sayında)

Söhbət 1945 – 1946-cı illər Təbrizdə Milli Hökumət qurmuş Azərbaycan De­mokrat Firqəsinin mərkəzi nəşri olmuş “Azərbaycan” qəzetindən gedir. Bu yazı isə konkret hadisənin, məsələnin, şəxsiyyətin, əsərin deyil, zəngin möv­zular çələnginin səciyyələndirilməsinə həsr olunub. 

1945–1946-cı illərin Təbriz jurnalistika məktəbi

XX əsrin birinci yarısında İranda qay­nar qazana bənzər Azərbaycanımız milli oyanışa, fəal ictimai-siyasi fəaliyyətə, hərəkatlara, üsyanlara, qiyamlara təkan verən mətbu nəşrlərin sayına, məzmun rəngarəngliyinə, keyfiyyətinə görə bütün əyalətləri üstələyən mərkəz funksiyası­nın daşıyıcılığını öz üzərimə götürmüşdü. 1905–1946-cı illər ərzində orada 160-a yaxın qəzet, jurnal, almanaxın çıxdığı təxmin edilir.

Bu nəşrlərin 50-yə yaxını milli oya­nışın zirvəsi sayılan Səttarxan üsyanı və Məşrutə hərəkatı (1905–1911-ci illər) dövrünə düşür. Şeyx Məhəmməd Xiya­bani hərəkatı (1918–1920-ci illər) zama­nına isə 20-dən çoxu aid edilir. Repres­siyaların, qadağaların 1921–1941-ci illər ərzində mətbu nəşrlərin sayına təsirsiz qalmadığını 20-yə yaxın rəqəmi təs­diqləməkdədir. 1941–1946-cı illərə aid rekord rəqəmi (50-dən çox mətbu nəşr) isə, ilk növbədə, ölkədə qəzet, jurnal, toplu nəşri üçün daha münbit şəraitin ya­ranması, yeni ictimai-siyasi canlanma ilə əlaqələndirmək olar. 

Çox təəssüf ki, bu bolluğa baxmaya­raq, kəmiyyət keyfiyyəti daim üstələyib. Bunun nəticəsidir ki, hər dövr üçün bar­maqla sayılacaq qədər dəyərli nəşrlərin adları xüsusi hörmətlə, vüqar hissi ilə çəkilir. “İran-e-nou” (“Yeni İran”), “Bahar”, “Sur-e İsrafil”, “Məşrutə”, “Təcəddüd”, “Azadistan” Şeyx Məhəmməd Xiyaba­ni hərəkatlarının cəhalətə, despotizmə, haqsızlıqlara daha fəal meydan oxuyan tribunaları idilər.

1941–1946-cı illərin siyasi mənzərəsi, münbit şəraiti bu çevrənin genişlənmə­sinə təsirsiz qalmadı. Proseslər İran Xalq Partiyasının orqanı “Rəhbəri”, antifaşist “Mərdom”u (“Xalq”), “Zəfər”i (Fəhlə və Zəhmətkeşlər Birliyinin Birləşmiş Mərkəzi Şurasının orqanı), “Xavər-r nou”nu (“Yeni Şərq”) önə çıxartdı. Hər birinin ictimai fik­rin inkişafında, azad mətbu sözün çatdı­rılmasında böyük xidmətləri var. Əfsuslar olsun ki, onların heç biri jurnalistika mək­təbi kimi formalaşa bilmədi. 

Sinfiliyə meyl, baxışlardakı məhdudiy­yətlər, müəllif, oxucu auditoriyası, yayım­la bağlı problemlər, digər kəm-kəsirlər öz sözünü dedi. “Azərbaycan” qəzeti isə mil­lətlərə, dillərə, dinlərə, mal-mülk imkan­larına fərq qoymadan, bütövlükdə, İran, fəallığı ilə seçilən Azərbaycan oxucusu­nun bəşəri duyğularının ifadəçisi kimi ye­nidən tarixləşdi, əbədiləşdi, məktəbləşdi.

Harada yaşamasından, hansı nəşrdə işləməsindən asılı olmayaraq demokratik ideyalar Seyid Cəfər Pişəvərini heç vaxt tərk etməyib. Tərəddüdlər, məsuliyyət 48 qəzeti öz ətrafında birləşdirən “Cəbhe-ye Azadi”nin (“Azadlıq cəbhəsi”) rəhbərinin seçimini uzun müddət təxirə salmışdı. Nəhayət, yekun qərarın qəbulunda “Azər­baycan” qəzeti üzərində dayandı. Fars­dilli “Ajir”in (Həyəcan siqnalı mənasında) redaktoru Seyid Cəfər əməkdaşlarına, məsləkdaşlarına niyyətini açıqladı, onları Tehrandan Təbrizə gətirdi. Təşkilatçı və ideya rəhbəri kimi Pişəvərinin “Azərbay­can” qəzeti fəaliyyətə başlamazdan əvvəl onun əməkdaşlarının hər birinə ilk tapşırı­ğı, tövsiyəsi milli dildə səlis yazma vərdiş­lərinə yiyələnmələri oldu.

Oxucularla ana dilində mütəmadi gö­rüşlər əvvəllər yarıfars, yarıazərbaycan dilində yazanları doğma dil orbitlərinə qaytardı. Anadilli ünsiyyət Firudin İbra­himi, Məhəmməd Biriya, Abbas Pənahi, M.Turabi, Qəhrəman Qəhrəmanzadə... kimi jurnalistlərə bütün ölkə miqyasında hörmət qazandırdı. İstedadı və təşkilat­çılıq bacarığı ilə seçilən mütəfəkkirlərə redaktorluq etibar olundu. Qəzet işinin mahir ustaları Hacı Əli Şəbüstəri (1–29-cu saylar), Əhməd Müsəvi (98–151-ci saylar), Fəthi Xoşginabi (152–246-cı say­lar), İsmayıl Şəms (247–293-cü saylar) nəsillərə yadigar jurnalistika məktəbinin yaradıcıları sırasında yer aldılar (30–97-ci və 294–370-ci sayların isə hazırlanma­sı redaksiya heyətinə tapşırılıb).

Tanınmış şairlər Əli Fitrət, Mir Mehdi Etimad, Mehdi Çavuşi ilə yanaşı, Yəhya Şeyda, Fəxrəddin Məhzun, Məhəmmə­dəli Fərzanə, Həbib Sahir... ən yaxşı ya­zılarını burada dərc etdirirdilər.

Qəzet rəsmən siyasi partiyanın orqanı olsa da dəst-xətti, orijinallığı, dolğunluğu ilə müasirlərindən əsaslı şəkildə fərqlənir­di. “Azərbaycan” qəzeti mövzu, janr rən­garəngliyi, obyektivliyi, həqiqətə xidməti ilə məmləkətin hüdudlarını da aşan oxu­cu gözləntilərini doğruldurdu. Auditoriya­ya gəldikdə, ADF-nin yaranması ilə onun sıralarına hamılıqla qoşulan İran Xalq Partiyasının (“Tudə”nin) Azərbaycan təş­kilatının minlərlə üzvü də bu mətbu nəşrin fəal oxucuları sırasında idilər.

Qəzetin ətrafına toplaşan Balaş Azəroğlu, Əli Tudə, Mədinə Gülgün, Hö­kümə Billuri, İbrahim Zakir, Hüseyn Ca­van, Məhəmmədtağı Zehtabi, Haşım Tər­lan, Bulud Qaraçorlu (Səhənd) və digər şair, yazıçı, publisistlər Təbriz ədəbi mək­təbinin əvvəlki nüfuzunu, şöhrətini özünə qaytardılar. Onların bir qismi mühacirət illərində daha da kamilləşərək, bütövlük­də, milli ədəbiyyatımızın, söz sənətimizin zirvələrinə, fəxrlərinə çevrildilər.

Yazar bolluğu jurnalistika məktəbi­nin formalaşmasının ilkin şərtidir. Həftə­də iki dəfə çıxan “Azad millət” qəzetinin (Milli Məclisin orqanı) mövcudluğu, rəs­mi sənədləri çap etməsi “Azərbaycan”ın əl-qolunu bir növ açmışdı. Nəşrin təş­kilatçısı Seyid Cəfər Pişəvərinin müva­fiq göstərişləri redaktorlar və redaksiya heyəti üzvlərinin yaradıcılıq imkanlarını sərbəst, bütün çalarları ilə nümayiş et­dirmələrinə şərait yaratmışdı. Xəbərlər, şərhlər, təhlillər, araşdırmalar, felyeton­lar, satira və yumorlar, xalq yaradıcılığı nümunələri də yazarların, həvəskarların jurnalistika dərslərini əxz eləmələrində əyani nümunələr idi.

Cildlərdə toplanan mətbu materiallar əski əlifbadadır. Bu amilin həmin hürufa­tı bilməyənlərə, yaxud lazımi səviyyədə bələd olmayanlara yaşadacağı problem­lər bəllidir. Belələri üçün də xoş xəbər var. Mütəxəssislər hazırda saylardakı yazıları latın qrafikasına çeviririr, fars dilindəki ma­terialları dilimizə tərcümə edirlər. Dəyərli xidmətdir, o gün olsun həmin cildləri də stolüstü kitablarımızın sırasında görək! 

 

Rəhim HÜSEYNZADƏ,
Əməkdar jurnalist

Sosial həyat