Almatıda Ümumi türk əlifbasının inteqrasiyada rolu ilə bağlı konfrans keçirilib

post-img

     Qazaxıstanın Almatı şəhərində“Ümumi türk əlifbasının inteqrasiyada rolu:elmi və sosial aspektlər”” adlı beynəlxalq konfrans keçirilib.

Tədbir Türk Dövlətləri Təşkilatı (TDT) katibliyinin dəstəyi ilə Astanadakı Türk Akademiyası tərəfindən Atatürk adına Mədəniyyət, dil və tarix üzrə Ali Şura yanında Türkiyə Dilçilik Cəmiyyəti və Əl-Fərabi adına Qazaxıstan Milli Universiteti ilə birgə təşkil olunub. 

     Konfransda Qazaxıstandan başqa Azərbaycan, Türkiyə, Qırğızıstan və Özbəkistanın tanınmış linqvist alimləri, bu sahənin ekspertləri, aparıcı elm təşkilatlarının nümayəndələri, dövlət strukturlarının təmsilçiləri, Qazaxıstan parlamentinin deputatları, ölkədəki diplomatik missiyanın üzvləri iştirak edib.  

Azərbaycanı konfransda Milli Məclisin deputatı, akademik Nizami Cəfərov təmsil edib. 

     Tədbir iştirakçıları əvvəlcə Əl-Fərabi Muzeyinə, həmçinin “Böyük çölün yeddi tərəfi” sərgisinə baxıblar.

     Konfrans Qazaxıstan Prezidenti Qasımcomərd Tokayevin  iştirakçılara təbriki ilə açılıb. 

     Türk dövlətləri nümayəndlərinin, Türk Dövlətləri Təşkilatının və Türk Dövlətləri Parlament Assambleyasının yüksək səviyyəli nümayəndələrinin iştirak etdiyi konfransda Türk Akademiyasının Prezidenti, akademik Şahin Mustafayev  2021-ci ildə TDT dövlət başçılarının səkkizinci Zirvə görüşündə qəbul olunan “Türk dünyasının baxışı-2040” sənədində qeyd olunduğu kimi, ümumi əlifba və terminologiya yaradılması üzrə Türk dövlətləri akademik cəmiyyətlərinin fəaliyyətlərinin əlaqələndirilməsi ilə bağlı Türk Akademiyasının gördüyü işlər haqqında məlumat verib. Akademiyanın prezidenti bildirib ki, bu günə qədər aparılan tədqiqatlar göstərir ki, ümumi əlifbanın yaradılması prosesində dil xüsusiyyətləri böyük əhəmiyyət kəsb etsə də sosial-mədəni amillər də nəzərə alınmalıdır. 

     Ş.Mustafayev qeyd edib ki, Türk dövlətlərinin akademik dairələri vahid əlifbanın sosial-mədəni mahiyyətini diqqətdə saxlamalıdırlar. 

     Müzakirələrdə Nizami Cəfərov ümumi Türk əlifbası ilə bağlı fikirlərini bölüşüb. 

     Sonra konfrans “Əlifba, dil və bənzərlik” və “Əlifba inteqrasiya istiqaməti kimi” plenar sessiyalarda davam edib.  

 

Qulu Kəngərli 

XQ-nin xüsusi müxbiri

Daşkənd

 

 

 

 

 

 

 





Mədəniyyət