Firudin Kazım oğlu Kazimi 1932-ci ildə Bakı şəhərində anadan olub. 1937-ci ildə İran təbəələri Azərbaycandan çıxarılanda həyatının ilk sürgününü yaşayan Firudinin cəmi 5 yaşı var idi. Bakı dəniz limanında sovet NKVD-si məmurlarının sərt nəzarəti ilə dustaq kimi gəmilərə doldurulub İranın Ənzəli limanına deportasiya olunma səhnələri onun yaddaşında çox dumanlı qalıb. Söhbətlərində o günləri bir yuxu kimi xatırladığını deyir.
Mühacir kimi butay Azərbaycandan sürgün olan ailə otay Azərbaycanda da mühacir kimi qəbul edildi. Bu hadisələrin iştirakçıları xatırlayırlar ki, mühacirləri gətirən gəmi limana yan alanda Ənzəlidə insanlar bir-birinə dəyibmiş. Tacirlər dükanlarını bağlamış, imkanlılar şəhərdən çıxmış, sadə əhali də qorxusundan bayıra çıxmamışdı. Hamı dəhşətli hadisələrin baş verəcəyini gözləyirmiş.
Təbrizə gəlmiş ailə az müddətdən sonra başçısını itirdi. Köməksiz ailə şəhərin ağır illərində ayaqda qalmaq üçün çox əziyyətlər çəkməli oldu. Burada keçən uşaqlıq illəri, böyük çətinliklər Firudini də vaxtından əvvəl böyüməyə məcbur etdi. Ancaq, o zaman Azərbaycanda hamının vəziyyəti ağır idi. İkinci dünya müharibəsi başlamış, Sovet qoşunları İrana daxil olmuş, şah Rza pəhləvi qaçmış, iqtisadiyyat çökmüş, sabaha ümidlər də itmişdi. Hər kəs başını salamat saxlamağın dərdində idi.
Seyid Cəfər Pişəvəri Azərbaycanda Milli Hökuməti elan edəndə Firudinin artıq 13–14 yaşı var idi. Hər gün səhər tezdən Azərbaycan ruznaməsinin mətbəəsinə gedərək yeni çapdan çıxmış qəzetləri alır və şəhər meydanında satırdı. O günləri qürurla xatırlayan Firudin Kazimi kiçik yaşda olmasına baxmayaraq ona edilən etibar və etimadı doğrultmağa çalışırdı. Bir gün qəzetin redaktoru məsləhət gördü ki, “min Təbriz–Culfa qatarına və qəzetləri paylaya-paylaya get sovet sərhədinə və həmin qatarla da geri qayıt”. Firudin belə də etdi. Hər gün Təbriz–Culfa qatarının qəzetsatan müsafiri oldu.
Milli Hökumətin bir illik mövcudluğu ilə bağlı yaddan çıxmayan xatirələr, Təbrizin “Saat qabağı”nda keçirilən mitinqlər, Azərbaycanın görkəmli şəxsiyyətlənin çıxışları, Millət bağında flarmoniyanın keçirdiyi konsertlər, Milli Hökumətin Fədailər qoşununun fəxri keçidləri onun sonrakı həyatında böyük bir iz buraxdı.
1946-cı ilin dekabr ayında Milli Hökümətin xəyanətlə devrilməsi nəticəsində Pəhləvi rejimi amansız repressiyalara başladı. ADF ilə əməkdaşlığa və Milli Hökumətə xidmətlərə görə İran dövləti gənc qadını və onun 14 yaşlı oglu Firudini də həbs etdi. Onları da minlərlə digər Azərbaycanlı kimi edam edə bilərdilər. Firudin həddi-buluğa çatmadığına görə, anası isə bakılı olması səbəbindən edam yox, sürgün olundular.
Ailə ikinci dəfə sürgünə göndərildi. Gənc qadın yeniyetmə oğlu ilə ikinci dəfə İranın cənubunda yerləşən Kaşan şəhərinə sürgün edildi. Doğma insanlardan, yaxınlardan uzaqda, fars mədəni mühiti ilə ilk tanışlıq da məhz burada baş verdi. Bu sürgün Müsəddiqin islahatlara başlamasına qədər davam etdi. Bu kiçik ailənin 1951–53-cü illərdə həyatı ölkənin siyasi ab-havası kimi qaynar keçdi.
Artıq 20 yaşını keçmiş gənc Firudin Tehrana qayıtmış, orada çoxsaylı azərbaycan ziyalıları, tacirlər və iş adamları ilə münasibət qurmuş və cəmiyyətdə özünə yer etmişdi. Demokratik düşüncənin təhlükəli olması, hər an tutulmaq və edam edilmək təhlükəsi qalırdı. İran pəhləvi rejimində ən qorxulu məsələ milli hərəkat idi. Milli düşüncəli insanlar daim təqib altında idi. 1946-cı ilin represiyaları hələ də unudulmamışdı.
1953-cü illərin sonlarında ölkənin siyasi vəziyyəti ağırlaşır və Müsəddiqin devrilməsi ilə represiyalar yenidən başlanır. Gənc Firudin bakılı anasının təkidi ilə gizli yolla Sovet Azərbaycanına gəlməyi planlaşdırır. İranın bütün qonşu ölkələri ilə sərhədləri açıq, yalnız “Şurəvi” tərəf nəzarətdə idi. Butaya keçmək təhlükəli idi. Bundan əlavə, bu ailəyə sürgündən sonra Güney Azərbaycan şəhərlərində yaşamaq icazəsi verilməmişdi. Onların sovet sərhədinə gəlməsi üçün xüsusi plan hazırlamaq lazım idi.
Ailə sovet sərhədini keçərkən bir neçə gənclə tanış olur. Mühacirətdən sonrakı həyatında bu insanlarla əlaqəsini davam etdirən Firudin Kazimi Azərbaycan Demokratik Firqəsinin mübariz üzvləri doktor Makulu Pənahi və Əkrəm Bijə ilə dastluqları sona qədər davam edir. Firudinin anası bakılı qızı olsa da, ailəni şəhərə buraxmırlar və Şamxora (Şəmkir) göndərirlər.
ADF sıralarında Seyid Cəfər Pişəvəri, Qulam Yəhya, Mirqasım Çeşmazər, Əmirəli Lahuridi, Ənuşirəvan İbrahimi kimi siyasi rəhbərlərlə çiyin-çiyinə fəaliyyət göstərdiyini daim qürurla xatırlayır, Məhəmməd Birya, Balaş Azəroğlu, Söhrab Tahir, Əli Tudə və ADF-nin yüzlərcə qiymətli kadrları haqqında iftixarla söhbətlər edirdi.
İkinci Dünya müharibəsinin yaralarını sarıyan ölkədə tədricən həyat qaydasına düşürdü və Firudin seçim qarşısında qalır. Ya oxuyub təhsil almalı, ya da işləyib ailəsini saxlamalı idi. Siyasi fəaliyyətini bütün hallarda davam etdirəcəkdi.
1958-ci ildə Bakı şəhərində, təsədüfən mübariz firqəçilərdən olan Əkrəm Bijə ilə rastlaşır. Əkrəm Bijə Firudinin firqə nəşriyyatında fəaliyyətindən xəbərdar olduğu üçün ADF nəşriyyatında ona ehtiyac olduğunu bildirir və onlar birlikdə, o zaman “Azərbaycan” qəzetinin baş redaktoru olan Pənahi Makulinin yanına gəlirlər. Həmin görüşün sabahından başlayaraq Firudin mətbəədə işə başlayır. Bu zaman artıq Firidun Muğanın fədai başçılarından olan Məşədi İbrahim Cəlilvəndin qızı ilə ailə qurur və gələcəyin mübariz firqəçilərindən biri – qəzetimizin oxucularına öz yazıları ilə tanış olan fəlsəfə doktoru Pərviz Kazımi bu ailədə dünyaya gəlir. Firudinin ADF-nin siyasi mətbuatında fəaliyyəti 1979-cu ilə qədər davam edir.
1979-cu ilin fevralında, İrandakı inqilabi hərəkatın qələbəsi ilə artıq iyun ayında Firudin ADF rəhbərləri ilə birlikdə Təbriz şəhərində idi. ADF rəhbərliyinin tapşırığı ilə o, mühacirətdən qayıtmış bir qrup firqə rəhbəri ilə birlikdə yenidən Təbrizdə siyasi fəaliyyət qurdular və “Azərbaycan” qəzetini nəşr etməyə başladılar.
1981-ci ilin sonlarında ADF mətbutının nəşri zorakılıqla dayandırıldı və bir neçə aydan sonra tamamilə qadağan edildi. 1982-ci ildən İran İslam Respublikası ADF rəhbərlərini həbs etdi və az müddətdən sonra onları edam etdi. Firudin ADF rəhbərlərinin kütləvi həbslərindən bir ay qabaq məzuniyyətə göndərildiyindən həbsdən yaxasını qurtara bildi.
Lakin beynəlxalq təşkilatlar, sovet dövlət qurumları, ictimai birliklərin bu repressiyalara biganəliyi onu dəhşətə gətirirdi. Hər gün xəbərləri izləyirdi ki, Azərbaycan demokratlarını müdafiə edəcək bir bəyanat eşitsin. Lakin demokratları dünyada, eləcə də, guya, onların arxası olan SSRİ-də müdafiə edən olmadı.
Kamal NİKBİN

