Azərbaycan Dövlət Pedaqoji Universitetində Qərbi Azərbaycanın Dərələyəz mahalının Keşkənd və Paşalı icmalarının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində “Qərbi Azərbaycana doğru – Vətən bizi səsləyir” adlı ümumpespublika konfransı keçirilib.
Məclisdən əvvəl universitetin filologiya fakültəsinin hazırladığı iki hissədən ibarət “Zəfər guşəsi”nin açılışı olub. Birinci hissədə Pedaqoji Universitetin Qarabağda şəhidlik zirvəsinə ucalmış tələbə və məzunlarının hünəri yer alıb. İkinci hissədə isə Şuşanın işğaldan azad edilməsini və xalqımızın möhtəşəm “Dəmir yumruq” birliyini əks etdirən kompozisiya təqdim olunub. Konfrans iştirakçıları universitetin foyesində Qərbi Azərbaycan mədəniyyətini və folklorunu, eləcə də tarixi abidələrini əks etdirən fotolarla, kitab sərgisi ilə də tanış olublar.
ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya fakültəsinin dekanı, Dərələyəz mahalı Keşkənd rayonu üzrə icma rəhbəri, professor Mahirə Hüseynova konfransı açıq elan edərək Qərbi Azərbaycan İcmasının tarixi torpaqlarımız uğrunda mübarizəsinin dövlət və ümumxalq dəstəyi ilə qarşılanmasının önəmini vurğulayıb.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov qeyd edib ki, əsası Ümummilli lider Heydər Əliyevin yaratdığı bünövrə üzərində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı öz gücü hesabına ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Bu gün isə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının reallaşdırılması ilə bağlı məqsədyönlü siyasət həyata keçirilir.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, Prezident İlham Əliyev 2022-ci il dekabrın 24-də İcmanın yeni inzibati binasındakı nitqində Qərbi azərbaycanlıların tarixi Vətənlərinə qayıdışı üçün Azərbaycan dövlətinin köməyinə arxalana biləcəyini bəyan edib. Dövlət başçısının həmin görüşdə qarşıya qoyduğu vəzifələr Ulu öndər Heydər Əliyevin 1997-ci ildə imzaladığı “1948—1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” fərmandan irəli gələn hədəfləri gündəmə gətirdi.
Konfransda ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya fakültəsinin dekanı, Dərələyəz mahalı Keşkənd rayonu üzrə icma rəhbəri, professor Mahirə Hüseynova, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü Abel Məhərrəmov, deputatlar Hikmət Babaoğlu, Musa Quliyev, Fəzail Ağamalı, Məlahət İbrahimqızı və digər natiqlər əzəli torpaqlarımıza qayıdışla bağlı kütləvi maarifləndirmə tədbirlərinin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
Konfrans bədii hissə və Qərbi Azərbaycanla bağlı videoçarxın nümayişi ilə sona yetib.
Namiq ƏHMƏDOV
XQ