Vətən şəhidlərin uyuduğu torpaqdan başlayır

post-img

Bu gün Azərbaycanın hər yerində olduğu kimi, Bakının Səbail rayonundakı 51 nömrəli tam orta məktəbdə də İkinci Qarabağ müharibəsində şəhid olanların xatirəsi yad edildi.  Tədbiri məktəbin direktoru Tərlan Bayramova açaraq bildirdi ki, üçüncü ildir ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 27 sentyabr ölkəmizdə “Anım günü” kimi qeyd edilir. 2020-ci ilin sentyabrın 27-də başlayan 44 günlük müharibə ermənilərin 30 ilə yaxın işğal altında saxladığı torpaqlarımızın azad edilməsi ilə başa çatdı. Bu Zəfər savaşında minlərlə əsgər və zabitimiz qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı. Xalqımız həmişə öz qəhrəman oğulları ilə fəxr edir, yeni yetişməkdə olan gənc nəsil onların yolunu davam etdirərək torpaqlarımızın müdafiəsinə həmişə hazır dayanır.

Şəhid Murad Qurbanovun anası Mehriban Qurbanova, mayor İkin Əhədzdənin ailə üzvləri, Cavidan Ağayevin anası Gülnarə Ağayeva, Əli Tağıyevin anası Təranə Tağıyeva, Bilal Qənbərovun anası Gültəkin  Qənbərov və Yusif Budaqovun anası Lətafət Budaqova çıxış edərək övlad itirməyin nə qədər ağrılı olmasına baxmayaraq torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhadətə yüksələn qəhrəmanlarla fəxr etdiklərini dilə gətirdilər. “İnsan ölür torpaq olur, şəhidlərin uyuduğu torpaq isə Vətən olur”–deyə çıxış edən şəhid valideynləri məktəbliləri gələcəkdə Vətən uğrunda mübarizəyə səslədilər.

Sonda ədəbi bədii kompozisiya nümayiş etdirildi. Məktəbin uşaq xorunun ifasında “Bu yol Zəfər yoludur” mahnısı ifa edildi.

Qeyd edək ki, məktəbin dörd məzunu 2020-ci ildə İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalıb.

Yaqub ƏLİYEV,

Bakının Səbail rayonundakı 51 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi



















Sosial həyat