Lənkəranda ABŞ-ın Monterey şəhəri ilə qardaşlaşması çərçivəsində salınan “Dostluq parkı” açılıb

post-img

Lənkəran rayonunun İstisu qəsəbəsində Lənkəranın ABŞ-ın Monterey şəhəri ilə qardaşlaşması çərçivəsində salınan “Dostluq parkı”nın açılışı olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Lənkəran-Monterey Dostluq Assosiasiyasının həmsədri Nensi Selfric və Azərbaycanın Los-Anceles şəhərindəki baş konsulu Ramin Qurbanov iştirak ediblər.

Tədbirdə çıxış edən Taleh Qaraşov bildirib ki, 2011-ci ildən qardaşlaşan Lənkəran və Monterey şəhərləri ötən müddət ərzində daim qarşılıqlı əlaqədə olub, münasibətlərimizin daha da yaxınlaşması üçün mütəmadi ünsiyyət saxlanılıb. Yeni salınan parkda gələcəkdə Monterey günlərinin keçirilməsi təklifi ilə çıxış edən icra başçısı bunun iki şəhər və toplum arasındakı münasibətlərin daha da yaxınlaşmasına xidmət edəcəyini söyləyib.

Ölkəmizin Los-Anceles baş konsulu Ramin Qurbanov qardaşlaşan Lənkəranla Monterey şəhərlərinin əlaqələrin davamlılığı və inkişafı baxımından nümunə təşkil etdiyini vurğulayıb. O, Vətən müharibəsindən sonra erməni diasporunun Montereydə daha fəallaşdığını deyib və bu baxımdan Lənkəranla Monterey şəhərləri arasındakı münasibətlərin inkişafının daha da genişlənməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, şəhərlər arasındakı qarşılıqlı əlaqələrin hərtərəfli dinamik inkişafı və toplumlar arasındakı yaxınlaşma Azərbaycan diasporunun fəaliyyətinə müsbət təsir göstərir.

Lənkəran-Monterey Dostluq Assosiasiyasının həmsədri Nensi Selfric tədbirdə iştirakdan və Lənkəranda olmaqdan məmnunluğunu ifadə edib. “Dostluq parkı”nın salınmasından danışan həmsədr qeyd edib ki, son bir ildə ərazidə böyük quruculuq işləri həyata keçirilib və yaradılan şəraitdən məmnundurlar. Lənkərana xüsusi sevgisini ifadə edən xanım Nensi şəhərlərimiz arasındakı əlaqələrin inkişafında maraqlı olduqlarını vurğulayıb. O, qarşılıqlı əlaqələrin inkişafı və adət-ənənələrimizin təbliği baxımından Montereydə də Lənkəran günlərinin keçirilməsinin əhəmiyyətindən danışıb.

Qeyd edək ki, İstisu qəsəbəsində Yaşılçay FT-nin rəhbəri Araz Yağubova məxsus ümumi sahəsi 5 hektar olan ərazidə salınan “Dostluq parkı” iki hissədən - göl və bağdan ibarətdir. Tikintisinə 2022-ci ildən başlanılan parkın birinci hissəsi yekunlaşıb. Ərazidə süni göl salınıb, göldə gənclərin istirahəti üçün katamaranlar yerləşdirilib, söhbətgahlar quraşdırılıb və yaşıllıqlar salınıb. Ərazidə, eyni zamanda, Lənkəran-Monterey Dostluq assosiasiyasının həmsədri Nensi Selfric tərəfindən hədiyyə olunan “Cırtdan” heykəli qurulub. Azərbaycan folklorunun sevimli qəhrəmanlarından olan “Cırtdan” ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərində adına park olan oxşar qəhrəman “Denis the Menace”i salamlayır.) İkinci hissədə isə meyvə bağları, lavanda sahəsi və gənclərin istirahəti məqsədilə düşərgələr qurmaq üçün sahənin yaradılması nəzərdə tutulub.

Sonda yeni salınan gölə tədbir iştirakçıları tərəfindən balıq buraxılıb.









Sosial həyat