Cənnətdə ilk ad günün mübarək, əziz DOST!

post-img

Əziz Mahir müəllim! Xahiş edirəm, mənim bu ürək sözlərimi əbədi sakini olduğun behişti-əlada sənə göndərilmiş ilk ad günü təbriki kimi qəbul et.

Bu gün əzizlərinlə Sənin doğum gününə toplaşacağıq. Sənsiz ilk doğum gününə! Düz 6 ay 20 gündür ki, aramızda yoxsan. Elə bir gün yoxdur ki, Səni xatırlamayaq, söhbətini etməyək, Səninlə bağlı xatirələrimizi paylaşmayaq və yoxluğuna yanmayaq. Çünki Sən sadəcə bizim dostumuz, əzizimiz, doğmamız deyildin, Sən bu fani dünyanı öz əməlləri, saf qəlbi, yüksək fitrəti ilə gözəlləşdirən, seçilmiş bir bəndə idin.  Hər insan dünyaya gələrkən pak, hər cür pis xislətdən azad gəlir. Lakin bu dünyada mənəvi paklığını qoruyub-saxlamaq, bu dünyadan pak köçmək hər kəsə nəsib olan xoşbəxtlik deyil. Bu xoşbəxtlik yalnız seçilmişlərə, əsl şəxsiyyətlərə nəsib olan bir mərtəbə, yüksək məqamdır. 

Xacə Nəsirəddin Tusinin “Əxlaqi-Möhtəşəmi” kitabında buyurduğu kimi, “Dünya yalnız yaxşılığı sevənlərə, ədəb sahiblərinə, ittifaq yaradanlara və heç kəsdən uzaqlaşmadan xəlvətə çəkilənlərə görə dayanmaqdadır”. 

Bu sözlər sanki Sənin haqqında deyilib. Yaxşılıq etməyi sevirdin. Bu, sənin həyat qayən idi. Yaxşılıq etmək, özü də heç tanımadığın insanlara belə yaxşılıq etmək Sənin üçün nəfəs almaq, sübh tezdən oyanmaq və gecələr yatağına girib yatmaq kimi gündəlik həyatın bir parçası idi. 

Yüksək ədəb sahibi idin, yaşından və cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq, hər kəslə nəzakətlə rəftar edər, qəlb qırmazdın. 

İttifaq yaradanlardan idin, ətrafında olan insanlar arasında kin-küdurətin yol almasına imkan verməzdin, bir-birini çəkə biməyənlər belə Sənin ətrafa saçdığın müsbət enerjidən təsirlənərdi, ədavətdən əl çəkərək dostluq körpüləri qurmağa çalışardılar. 

Sən heç kəsdən uzaqlaşmadan xəlvətə çəkilənlərdən idin! Çox az adam tapılar ki, Sənin ətrafında olan qədər dost-tanışı olsun. Lakin əslində Sən yalnız idin, xəlvətnişin idin, çünki dünyan hər kəsin dünyasından fərqli idi... Hər kəsin dərdinə şərik olmağı özünə bir vəzifə etmiş insan üçün ətrafının bu qədər dolu olması çox ağır bir yükdür, amma Sən bu yükü layiqincə çəkməyi və bu ağırlığı heç kəsə hiss etdirməməyi bacaran bir şəxsiyyət idin. Bəli, dünya məhz Sənin kimi nadir insanlara görə hələ də “öz çərxi ətrafında fırlanır”, məhz Mahir Muradovu tanıyıb sevdiyi üçün bir çoxları pisliklərdən əl çəkib, mənəvi paklığa doğru yönəlib. Məhz Mahir Muradovu tanıdığı üçün, Mahir Muradovla dost olduğu üçün...

Hədisə görə, Peyğəmbər buyurub: “Sizin içinizdən daha çox sevdiyim və qiyamət günü mənə daha çox yaxın olacaq kəsdən xəbər verim? O kəs əxlaqı gözəl və (başqalarına) dayaq olan kəsdir”. 

Rəhmətlik Cümşüd müəllim xatirələrində yazırdı ki, “Böyük oğlum Mahirin 58 yaşı var, amma qəlbi körpə uşaq qəlbi qədər təmizdir. Elə mənim üçün də o, hələ də 5-6 yaşında körpə övladımdır – saf, mehriban, gülərüz... Axşamlar qonşu öz uşağı ilə bizə gəlirdi. Biz böyüklər oturub söhbət edərdik, uşaqlar isə oyuncaqlarla oynayardılar. Heç yadımdan çıxmaz, qonşu uşaq evlərinə gedəndə Mahir oyuncaqlarını güclə ona verərdi. Adətən, insan hər şeyi mənimsəmək arzusunda olar... Mahir isə, əksinə, hər zaman digərlərinə yaxşılıq edər, başqalarının problemlərini həll etmək üçün əlindən gələni əsirgəməz, özünün işlərini isə həmişə arxa plana salar”. 

Bəli, Sən çox səxavətli idin, insanlara dayaq idin, paxıllıq, kin kimi günümüzdə geniş yayılmış xəstəliklərdən çox uzaq idin. Bu çirkli dünyada buludlar arasından boylanan Günəş timsalı bir çox həssas insanı çirklənməkdən, dünyaya küsməkdən məhz Sənin bu xüsusiyyətlərin saxlayırdı. Həmin o həssas insanlardan biri də mənəm. 

Kim idin Sən mənim üçün?  Dost, dayaq, mənəvi mürşid, mənəvi ata. Bir gün mənə dedin: “Sən mənim öz balamsan, çalış ki, ancaq xoş sədan gəlsin qulağıma, başqa söz eşitməyim. Kim harda qırılır, mənə aidiyyəti yoxdur, amma sən qırılma!” Bu sözlərin  daim qulağımda cingildəyir, çünki Sən yalnız işi deyil, həyatı da öyrədirdin mənə, yaşamağı, vacib qərarlar qəbul etməyi, doğru yoldan sapmamağı. İndi belə məni qoymursan yanlış qərarlar verim, yuxuma gəlir, düşünülməmiş addımlardan çəkindirirsən məni. İndi də sağlığında olduğu kimi müəyyən qərarlar qəbul edəndə, Sən köməyimə gəlirsən. Düşünürəm ki, görəsən, bu məsələdə, bu vəziyyətdə Sən necə edərdin, nə qərara gələrdin? 

Bir gün ikimizin də yaxını olmuş bir şəxs mənə belə bir sual verdi: “Mahir müəllim yadına düşəndə nə hisslər keçirirsən?” Çox düşündüm, bir həqiqəti anladım: heç unutduğum an oldu ki? Bəlkə heç unutmadığımdandır ki, daim özümlə çəkişmə halındayam, sanki iki “mən”ə ayrılmışam. Bəzən yoxluğunu düşünəndə öz-özümə deyirəm ki, axı mən niyə ağlaya bilmirəm? Yəni mənim ürəyim bu itkiyə yanmır? Axı deyirlər ürək yanmasa gözdən yaş gəlməz?! Amma elə bunu düşünəndə qeyri-ixtiyari gözlərimdən yaş tökülür, anlayıram ki, beynim hələ də bu acı həqiqəti həzm edə, qəbul edə bilmir:

“Üz-üzə durub iki “mən”, biri ağıl, biri ürək,

Hər birində ayrı xəyal, ayrı ümid, ayrı dilək...”

İndi saata baxıram, sənin hədiyyən olan saata. Son hədiyyənə. Elə bil hiss etmişdim, çox az taxardım bu saatı, qoruyardım, sanki qıymırdım onu işlətməyə. Bir gün mənə irad tutdun, dedin ki, zamanla yarışa biləsən deyə saat həmişə qolunda olsun, hər bu saata baxdığında dediklərimi xatırla. Allah tərəfindən sənə ayrılmış zamanı elə keçir ki, geri baxdığın zaman nə peşmançılıq hissi keçirəsən, nə də vicdan əzabı.

Mən hər zaman realist olmuşam, qəzavü qədərlə barışmağı bacarmışam, lakin Sənin yoxluğunu ağlımla dərk edib qəbullansam da, ürəyim hər səhər bunun bir yuxu olduğunun şahidi olacağıma inandırır məni. Hər gün iş günümü planlaşdırıram, bu planlar arasında ani fikrimə gəlir ki, Mahir müəllimə zəng edim... Birdən gözüm şəklinə sataşır... Duruxuram... 

Əziz bir dostumuzun dediyi kimi, illərlə bizi qorudun – pis insanlardan yox, pis insan olmaqdan... Düşmənlərdən yox, dünyaya düşmən kəsilməkdən... Yara almaqdan yox, yaralamaqdan... Tək bizi qorumadın, yolunun kəsişdiyi hər bir kəsin həyatına gözəllik qatdın, yarasına məlhəm oldun. Amma bu fani dünya çox yordu Səni, qanad açıb uçdun öz Cənnətinə... 

Cənnətdə ilk ad günün mübarək, əziz DOST!

Mobil Şəfiyev,

Bakı Şəhər Prokurorunun müavini

Sosial həyat