Məşqçilər məktəblilərə üzməyi öyrədəcək

post-img

Mingəçevir şəhərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi (GİN) ilə Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığıyla “Üzməyi Öyrənək” layihəsində çalışacaq məşqçilər üçün seminara start verilib.
Təlim proqramını uğurla başa vuran məşqçilər “Üzməyi Öyrənək” layihəsi çərçivəsində eyni metodologiya əsasında məktəblilərə üzgüçülük dərsləri keçəcəklər. Bu yanaşma ölkə üzrə vahid üzgüçülük tədrisi modelinin formalaşdırılmasına və mütəxəssislər arasında ortaq metodiki yanaşmanın tətbiqinə xidmət edir.
Layihənin əsas məqsədi üzgüçülüyü həyati əhəmiyyətli bacarıq və suda təhlükəsizliyin əsas elementi kimi təşviq etməkdir. Proqram uşaqlarda suya uyğunlaşmanı, habelə ilkin təhlükəsizlik vərdişlərinin, əsas üzmə bacarıqlarının və özünəinamın formalaşdırılmasını hədəfləyir. Eyni zamanda, perspektivli idmançıların müəyyənləşdirilməsi layihənin əsas məqsədləri sırasındadır.

Qeyd edək ki, respublikanın müxtəlif bölgələrini təmsil edən 58 məşqçinin iştirakı ilə keçirilən seminarı üzgüçülük üzrə Azərbaycan milli komandasının baş məşqçisi, isveçrəli mütəxəssis Luka Qabrilo keçirir. 

Qabil YUSİFOĞLU
XQ

 















İdman