II MƏQALƏ
Platonun “fəlsəfi bilməcəsi”
Ümumiyyətlə, “Azərbaycançılıq məsələsi”ni o dərəcədə çoxboyutlu və geniş anlamlı fenomen hesab edirik ki, onun konkret elmi istiqamətlər üzrə adekvat anlamına varmağı Azərbaycan humanitar, fəlsəfi, filoloji, siyasi, kulturoloji, tarixi, sosioloji və digər elmi mahiyyətli təfəkkürünün “strateji nüvəsi” adlandıra bilərik. Məsələ Azərbaycanın cəmiyyət və müstəqil dövlət kimi mövcudluğunun ən dərin məna və məqsəd qatları ilə bağlıdır. Buna görə də o, faktiki olaraq, hər bir fərdin və bütövlükdə kollektiv mövcudatın əsas varolma şərtləri ilə burbaşa bağlıdır.
Bizcə, məhz bu kontekstdə bədii təfəkkürün dövrləşdirilməsi konsepsiyasına bütövlükdə Azərbaycan tarixi, fəlsəfi, sosioloji, folklor, kulturoloji, incəsənət, musiqi və digər təfəkkür çalarlarının vəhdəti fonunda nəzər salmaq zəruridir. Bədii təfəkkürə azərbaycançılıq ideyası, prinsipi və məfkurəsi prizmasında baxıb ümumi qənaətlər əldə etsək, yekunda bütövlükdə Azərbaycan təfəkkürünün dinamikasına tam (holistik) və kəsilməz dinamikaya malik proses (fenomen) keyfiyyətində nəzəri-konseptual (təhlili, tənqidi və proqonstik mahiyyətli) yanaşmaya vara bilərik.
Bu yanaşmanın üstün cəhətlərindən biri də zaman-məkan vəhdətini daha geniş coğrafi, siyasi, mədəni, mənəvi-əxlaqi və bütövlükdə fəlsəfi-elmi miqyasa transformasiya etmək imkanını yaratması ilə bağlıdır. Burada söhbət təfəkkürün dövrləşdirilməsinin bütövlükdə Türk dünyası miqyasına konseptual, metodoloji və praktiki-tətbiqi proyeksiya edilə bilməsi imkanından gedir.
Vurğuladığımız bağlantılar və transformasiyalar aspektində Platonun bir “fəlsəfi bilməcəsi”ni xatırlatmaq istərdik. Platon yazırdı ki, “həmişə mövcud olub, heç zaman təşəkkül etməyənlə, həmişə təşəkküldə olub, lakin heç zaman mövcud olmayanı fərqləndirmək lazımdır”. Qərb fəlsəfi fikrinin tarixi boyu bu tezis açıq və ya gizli olaraq fərqli yanaşmaların təməlində yer almışdır. Ancaq onun ən parlaq ziddiyyətli təzahürü XX əsrdə M.Fuko, J.Delyoz və F.Qvattarinin fəlsəfi yanaşmasında konseptuallaşmışdır.
Bu bilməcəni azərbaycanşünaslığa zaman-məkan kontinuumunda tətbiq etsək, alınır ki, azərbaycançılıq daim təşəkküldə olub, lakin konkret mövcudluq kimi var olmursa, azərbaycanşünaslığa faydası yoxdur. Eyni zamanda, azərbaycançılıq mövcud olur, lakin zaman-məkanda təşəkkül etmək keyfiyyətinə malik olmursa, yenə də azərbaycanşünaslıq üçün yararlı olmur.
Müstəqil dövlət quruculuğu kontekstində bu bilməcənin konseptual əhəmiyyəti vardır. Çünki azərbaycançılıq vurğuladığımız hər iki varinatda nəticəverici təfəkkür və praktiki-tətbiqi keyfiyyət ala bilməz – o, daim sözdə gözəl ifadə forması alacaq, lakin konseptuallıqdan praktiki tətbiqiyə keçidi zamanı avtomatik olaraq idraki spekulyasilyalar ucbatından səmərəsiz olacaqdır. Bu məqamda azərbaycanlı təfəkkürünün kollektiv miqyasda ciddi fəlsəfi-elmi əsaslı tədqiqi bütün boyutları ilə aktual məsələ olaraq qarşımıza çıxmaqdadır.
İddia edirik ki, son illərə qədər məhz bu aldadıcı və faktiki olaraq antiazərbaycançı idraki strategiyadan istifadə etmişlər. Yalnız fədakar və sədaqətli Azərbaycan bədii təfəkkür sahiblərinin çalışması ilə məsələ bütövlükdə müstəqil dövlətçilik üfüqündən çəkilməmişdir. Bədii təfəkkürün dövrləşdirilməsi çalışmalarına, cəhdlərinə və həyata keçirilən nümunələrinə bir də bu mövqedən baxmağımız lazımdır. Burada bir xüsusiyyəti vurğulamadan olmaz.
Fəlsəfi-tarixi üfüq məhdudiyyəti
Azərbaycanda bədii təfəkkürün ənənəvi olaraq milli mədəniyyət sistemində xüsusi yerə malik olması fakt kimi qəbul edilir. Onun hər bir səbəbi haqqında ayrıca danışmaq olar. Ancaq son bir neçə əsrdə Azərbaycanın coğrafi-siyasi və mədəni mövcudluğunda aparıcı olan siyasi və geosiyasi faktorların işığında bədii təfəkkürün (filologiya, ədəbiyyat, bədii dil, folklorşünaslıq, incəsənət) xüsusiyyətlərinə baxdıqda, onun, məsələn, fəlsəfi və tarixi təfəkkürlə müqayisədə daha çox sərbəstlik imkanlarına malik olduğunu görərik.
Belə ki, yad dövlətin hökmranlığı altında olan Azərbaycan ciddi fəlsəfi, siyasi, ideoloji və mədəni-mənəvi nəzarət altında qalmışdır. Onun əsas əlamətlərindən biri başlıca ideyanın Azərbaycanda deyil, kənarda hazırlanıb cəmiyyətimizə qəbul etdirilməsindən ibarət olmuşdur. Fəlsəfədə bu, konkret yaradıcı, müəyyənedici ideyanın Azərbaycan fəlsəfi təfəkkürünə yeridilməsində əksini tapmışdır.
Azərbaycanlı filosof özünün müstəqil fəlsəfi sistemini qurmaq imkanlarından demək olar ki, məhrum idi. Buna görə də ayrı-ayrı fərdlər öz fəlsəfəsini yaradıb, sona qədər inkişaf etdirə bilmirdi.
Xüsusilə XX əsrdə bunun kifayət qədər nümunələri vardır. Tarixi təfəkkür də eyni məhdudiyyətlər daxilində mövcud olmuşdur. Nəticədə fəlsəfə və tarix kimi mühüm sosiohumanitar təfəkkür sahəsi qövmün, cəmiyyətin və ölkənin daxili sifarişi ilə inkişaf etmək imkanından xeyli məhrum olmuşdu.
Bu şərtlər daxilində Azərbaycan bədii təfəkkürünün aparıcı rol oynaması həm ənənəyə uyğun idi, həm də real şərtlər daxilində düzgün səmərəli seçim idi. Buradan 2 qənaət əldə etmək olar.
Birincisi, Azərbaycanda bədii təfəkkürün dövrləşdirilməsi özəlliyini fəlsəfi-elmi təfəkkürün sferalarına yaradıcı (kreativ, yəni konseptual+sosiuma tətbiq baxımından innovativ) proyeksiya etmək tarixi zərurət kimi qəbul edilməlidir. Ədəbiyyat təcrübəsi təfəkkürün digər istiqamətləri ilə müqayisədə daha zəngin və əsaslı kriteriyalara malikdir. Bu tezisin daxilində bədii dilin linqvistik özəllikləri ayrıca yer tutur. Yəni ədəbi-bədii dilin fəlsəfi-elmi dillə münasibətlərinin tədqiqi xüsusi aktual problem kimi qarşıda durur.
İkincisi, fəlsəfi, elmi və bədii təfəkkürün azərbaycançılıq ideyası məhvəri üzrə dövrləşdirilməsi müasir mərhələdə azərbaycanşünaslığın inkişafında çox əhəmiyyətli yer tutmalıdır. Bu baxımdan akademik İsa Həbibbəylinin tədqiqatında Azərbaycanda bədii təfəkkürün dövrləşdirilməsi təcrübəsinin təhlili və onun əsasında yeni dövrləşdirmə konsepsiyasının hazırlanması bütövlükdə humanitar elm üçün vacib hadisədir.
Problemin bu aspekti üzərində bir qədər ayrıntılı dayanaq.
Təcrübənin təhlili
Heç bir təcrübənin vahid və mütləq obyektiv təhlili yoxdur. Təcrübəyə hansı kriteriyalarla yanaşıldığının əhəmiyyəti çoxdur. Azərbaycan ədəbiyyat tarixində də bədii təfəkkürün dövrləşdirilməsinə fərqli kriteriyalar prizmasında yanaşmalar özünü göstərmişdir. Onları uzunmüddətli zaman-məkan kontinuumunda elmi təhlil etmək olduqca əhəmiyyətlidir. Çünki mövcud təcrübə elmi problemin gerçək mənzərəsini yaradır ki, onun fonunda məsələnin daha adekvat təkamül xəttini müəyyən etmək şansı meydana gəlir. Buna görədir ki, akademik İsa Həbibbəylinin Azərbaycan ədəbiyyat tarixinin dövrləşməsi təcrübəsini təhlil etməsi çox əhəmiyyətli addımdır.
Burada təhlilin bütün detalları üzərində dayanmaq və onu tam olaraq zaman xronologiyasında qiymətləndirmək imkansızdır. Bir sıra özəlliklər üzərində dayana bilərik. Ümid edirik ki, onların işığında “Azərbaycanşünaslıq üçün nə üçün azərbaycançılıq önəmlidir?” sualına cavab axtarışlarının “koqnitiv spektrini” müəyyən etmək olar.
Hər şeydən öncə, bədii təfəkkürün tarixi dövrləşdirilməsi üçün onun proses olaraq zaman-məkanda dinamik mövcudluğunu qəbul etmək gərəkdir. Yəni söhbət Azərbaycan bədii təfəkküründən gedirsə, onun dövrləşdirilməsinə hər hansı yanaşmanın təməlındə belə bir idraki fenomen uzun müddət Azərbaycan elmi təfəkküründə xüsusi olaraq mövcud olmalıdır. Buna görə də Azərbaycançılıq ideya və konsepsiya kimi bəzilərinin Azərbaycan fəlsəfi-elmi tarixini XIX əsrin ikinci yarısından başladığı kimi iddialara düşməsinin əsassız olduğunu təsdiq edir. Elmi olaraq elə təkamül kriteriyaları təhlil edilməlidir ki, hər şeydən öncə ciddi elmi əsasda “Azərbaycan bədii təfəkkür tarixi vardır” müddəasını ortaya qoysun. Azərbaycan elmi təfəkkürü artıq bu vəzifənin öhdəsindən şərəflə gəlmişdir. Həmin sırada azərbaycançılıq ideyası, prinsipi və konsepsiyasının rolu xüsusidir!
Digər əhəmiyyətli məqam İ.Həbibbəylinin əsərində ədəbiyyat taixinin dövrləşdirilməsinə yanaşmada əsas kriteriyaları önə çəkməsi ilə bağlıdır. Məsələn, müəllif vurğulayır ki, “akademik Nizami Cəfərovun irəli sürdüyü elmi konsepsiya bu mühüm işin nəzəri əsaslarını müəyyənləşdirmək baxımından əhəmiyyətlidir”. Bu tezis əsərdə aşağıdakı kimi əsaslandırılır: “Əvvəla, Nizami Cəfərov Azərbaycan ədəbiyyatı tarixini dövrləşdirmək üçün nəzərə alınması zəruri olan meyarları müəyyənləşdirmişdir: ədəbi-estetik, etnik-kulturoloji və ictimai-siyasi proseslərə əsaslanmaq. İkincisi, Nizami Cəfərov konkret olaraq Azərbaycan ədəbiyyatı tarixinə dair özünün dövrləşdirmə modelini də təqdim etmişdir: 1. V-XII əsrlər Azərbaycan ədəbiyyatı, yaxud Azərbaycan ədəbiyyatının qədim dövrü. 2. XIII-XVI əsrlər Azərbaycan ədəbiyyatı, yaxud Azərbaycan ədəbiyyatının orta dövrü. 3. XVII əsrdən XX əsrin əvvəllərinə qədərki Azərbaycan ədəbiyyatı, yaxud Azərbaycan ədəbiyyatının yeni dövrü. 4. XX əsrin əvvəllərindən sonrakı Azərbaycan ədəbiyyatı tarixinin müasir dövrü”.
Bu cür yanaşma əsasında İ.Həbibbəylinin gəldiyi ümumi qənaət həm əsaslı, həm də obyektivdir. Müəllif yazır: “...təqdim olunan dövrləşdirmə ana xətləri etibarilə Azərbaycan ədəbiyyatının keçdiyi keşməkeşli yolun əsas inkişaf mərhələlərini özündə əhatə edir. Və ən yaxşı cəhətlərdən biri də ondan ibarətdir ki, Nizami Cəfərovun dövrləşdirməsində ideoloji baxışlar deyil, ədəbi-estetik meyarlar və nəticə etibarilə azərbaycançılıq dəyərləri əsas yer tutur. Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsinin elmi-nəzəri təsnifatının bünövrəsi kimi bu format əhəmiyyətlidir”.
Biz tarixi xronologiyaya (əsərdə tarixi xronologiya dəqiq nəzər alınmışdır) baş vurmadan onu ifadə edək ki, əsərdə XX əsrin 90-cı illərində Azərbaycan ədəbiyyatının yenidən dövrləşdirilməsi istiqamətində konsepsiyalar axtarışının aparıldığı xüsusi vurğulanır. Bu bağlılıqda N.Cəfərovun tədqiqatları ilə yanaşı, Mir Cəlal, Y.Qarayev, H.Araslı, N.Qəhrəmanlı, Ə.Səfərli, Ş.Alışanlı və digər alimlərin çox qiymətli tədqiqatlarına müraciət olunur.
Bir daha qeyd edək ki, bizi ədəbiyyat tarixinin dövrləşdirilməsinin ümumi süjeti fəlsəfi aspektdə maraqlandırır və konkret tədqiqatların detallarına baş vura bilmirik (onu peşəkar ədəbiyyatçılar edə bilərlər). Ona görə də akademik İ.Həbibbəylinin tam yerində Yaşar Qarayevdən gətirdiyi bir iqtibasla kifayətlənirik: “Əlbəttə, gerçəkliyin öz təsnifatını elmə və tarixə olduğu kimi gətirmək lazımdır: necə var, elə. Bu mərhələlərdən birini, yaxud digərini tarixin arxivinə vermək yolu ilə yox, bəlkə hər birini olmuş, baş vermiş real keçmişimizin özü kimi, bütün təzadları, faciəsi, səhvləri və uğurları ilə birlikdə, bədii idrakımızın və ictimai əxlaqımızın təcrübəsi və dərsləri kimi öyrənmək yeganə doğru yoldur. Lakin təəssüf ki, bütöv-bütöv dövrləri, yüzilləri, hətta eraları tədqiqatda əhatə olunan tarixlərdən çıxdaş eləmək bizim mövcud humanitar – filoloji ənənələrin ən sürəkli əyintilərindən biri olub”.
Bizcə, Y.Qarayev çox uğurlu yanaşma etmişdir və İ.Həbibbəyli də bu məqamı dərindən dərk etmişdir! Bu tezisimizi əsərin “Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi üzrə axtarışlar, ədəbiyyat tarixçiliyində yeni mərhələ, Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsinin elmi təsnifatına doğru, Azərbaycan ədəbiyyatı tarixinin yenidən dövrləşdirilməsi zərurəti - Azərbaycançılıq konsepsiyası, Azərbaycan ədəbiyyatı tarixinin inkişaf mərhələləri” punktları üzrə vahid məntiqi müstəvidə struktur-funksional bütövləşdirilməsi təsdiq edir.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

