Rəy sorğusu məğlubların müharibə çağırışlarına çoxluğun “yox” dediyini bir daha üzə çıxardı
Mərkəzi ofisi ABŞ-da yerləşən “Gallup International Association” Ermənistan vətəndaşları arasında keçirdiyi sosioloji sorğunun nəticələrini açıqlayıb. “Gallup International Association”ın Ermənistandakı tamhüquqlu üzvü olan MPG şirkətinin direktoru Aram Navasardyan mətbuat konfransında bildirib ki, bu ilin mart ayında “Gallup International” tərəfindən aparılan ictimai rəy sorğusunun nəticələrinə əsasən, Ermənistan vətəndaşlarını ən çox narahat edən məsələ təhlükəsizliklə bağlı problemlərdir.
“Ölkənin qarşısında duran ən aktual problemlər hansılardır?” sualına respondentlərin 45,8 faizi təhlükəsizlik məsələlərini göstərib. Daha 14,9 faizi işsizliyi, 13,5 faizi iqtisadi vəziyyəti, 10,7 faizi isə aşağı əməkhaqları və pensiyaları qeyd edib. Ermənistan vətəndaşlarını, həmçinin sərhədlərin delimitasiyası məsələləri (9,8 faiz), təhsil sistemi (9,7 faiz), inflyasiya (8,6 faiz), səhiyyə sisteminin vəziyyəti (5,1 faiz), xarici siyasətlə bağlı problemlər (2,4 faiz), yüksək vergilər (1,3 faiz) narahat edir. Digər problemləri göstərənlərin payı isə 20,9 faiz təşkil edib.
Açıqlanan sorğu erməni cəmiyyətindəki narahatlığın əsas məqalmlarını yenidən gündəmə gətirir. Bir daha aydın olur ki, ölkə vətəndaşları üçün təhlükəsizlik məsələsi digər bütün problemlərdən qat-qat önəmlidir. Bu prioritet narahatlıq təsadüfi deyil. Çünki Ermənistan son illər həm regiondakı geosiyasi proseslərin, həm də daxili siyasi qeyri-müəyyənliyin təsiri altında daha həssas, kövrək vəziyyətə düşüb. Buna görə cəmiyyətin diqqətinin ilk növbədə təhlükəsizlik məsələsi ətrafında cəmlənməsi gözlənilən nəticədir.
Qeyd etdiyimiz kimi, sorğuda iştirak edənlərin 45,8 faizi ölkənin əsas probleminin təhlükəsizliklə bağlı olduğunu deyib. Respondentlərin yarısıının eyni məsələdə birləşməsi siyasi rəhbərliyə ciddi ismarış sayılmalıdır. Əhali davamlı risk hissi ilə yaşayır, gündəlik həyatın sabitliyinə əmin ola bilmir. Digər sosial-iqtisadi problemlər kifayət qədər böyük paya malik olsa da, insanlar üçün ən ağrılı nöqtə ölkənin gələcək taleyi və təhlükəsiz sabahıdır.
Təhlükəsizlik narahatlığının arxasında müxtəlif amillər dayanır. Bir tərəfdən, Ermənistan uzun müddətdir ki, öz müdafiə strategiyasını formalaşdırmaqda çətinlik çəkir. Müttəfiqlərlə münasibətlərdə yaranmış soyuqluq, ordunun müasirləşdirilməsi sahəsində gecikmələr cəmiyyətdə ümidsizlik yaradır. Digər tərəfdən, regionda baş verən təlatümlü hadisələr İrəvanın manevr imkanlarını məhdudlaşdırır. Ermənistanın özünü təhlükəsiz hiss etməməsi həm fiziki sərhədlərin qeyri-müəyyənliyindən, həm də siyasi istiqamətlə bağlı çətinliklərdən qaynaqlanır.
Sərhədlərin delimitasiyası məsələsinin 9,8 faizlə ilk problem qrupuna daxil edilməsi də təsadüfi deyil. Bu mövzu birbaşa təhlükəsizliklə əlaqədardır. Sərhədlərin dəqiq müəyyən edilməməsi, ərazi iddiaları və qarşılıqlı inamsızlıq cəmiyyətin psixoloji yükünü daha da artırır. Sakinlər üçün əsas sual budur: sabah nə baş verəcək? Cavabsız sual vətəndaşlarda qeyri-sabitlik hissi yaradır.
İqtisadi məsələlərin sorğuda ikinci və üçüncü sırada qərarlaşması da təhlükəsizlik faktorundan ayrı deyil. Əhalinin böyük hissəsi iqtisadi zəifliyin ölkənin müdafiə qabiliyyətini daha da aşağı saldığını düşünür. İnsanlar hesab edir ki, iqtisadi dayanıqlıq olmadan ölkənin təhlükəsizliyi təmin edilə bilməz. Aşağı maaş və pensiyalar, inflyasiya, vergilərin yüksəkliyi kimi problemlər də bu ümumi narahatlığı gücləndirir. Təhsil və səhiyyə sahələrinin də təxminən eyni səviyyədə narahatlıq doğurması cəmiyyətin gələcəyə inamı ilə bağlıdır. Təhsil sistemi 9,7 faiz, səhiyyə 5,1 faiz səviyyəsində əsas problemlər sırasında yer alıb. Bunlar göstərir ki, Ermənistan vətəndaşları yalnız bugünkü təhlükəsizliklə deyil, həm də uzunmüddətli inkişaf üçün zəruri olan sahələrin tənəzzülü ilə bağlı narahatdırlar.
Xarici siyasətdəki problemlərin 2,4 faizlə aşağı görünməsi isə əslində, cəmiyyətin bu sahəyə olan etibarının deyil, prioritetlər sıralamasında təhlükəsizliyin üstünlük təşkil etməsinin nəticəsidir. İnsanlar konkret və gündəlik həyatlarina təsir edən məsələlərə daha çox diqqət yetirir.
Sorğunun ümumi mənzərəsi onu göstərir ki, Ermənistan cəmiyyəti hazırkı mərhələdə özünü müdafiəsiz hiss edir. Təhlükəsizlik narahatlığı yalnız sərhədlərlə məhdudlaşmır, insanların iqtisadi, sosial və siyasi sabitliyə olan inamsızlığından qidalanır. Əhalinin demək olar ki, bütün təbəqələrində bu hissin güclənməsi ölkədə uzun müddətdir davam edən qeyri-müəyyənliyin nəticəsidir. Belə bir şəraitdə hökumətin qarşısında duran əsas məsələ cəmiyyətə inam və təhlükəsizlik hissi qaytarmaqddan ibarət olmalıdır. Ermənistanın gələcək strategiyası yalnız təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi ilə deyil, həm də sosial-iqtisadi sahədə real nəticələr əldə edilməsi ilə mümkündür. Cəmiyyətin narahatlığını aradan qaldırmaq üçün ilk addım insanların öz gələcəklərinə inamını bərpa etməkdir. Sorğunun verdiyi əsas mesaj da məhz budur.
* * *
Qeyd edək ki, sorğu Ermənistanda partiyaların reytinqi ilə bağlı məsələni də əhatə edib. Respondentlərə “Parlament seçkiləri qarşıdakı bazar günü keçirilsəydi, hansı partiyaya səs verərdiniz?” sualı ünvanlanıb. Araşdırmanın nəticələrinə görə, siyahıya 24,3 faiz dəstəklə hakim “Mülki müqavilə” partiyası başçılıq edir. Partiyanın reytinqində cüzi artım qeydə alınıb. İkinci yerdə 13,4 faizlə müsbət dinamika göstərən “Güclü Ermənistan” partiyası qərarlaşıb. Digər siyasi qüvvələrin göstəriciləri belədir: “Çiçəklənən Ermənistan” – 7,9 faiz, “Hayastan” bloku – 5,5 faiz, “DOK” partiyası – 3,1 faiz, “Respublika” partiyası – 1,9 faiz, “İşıqlı Ermənistan” – 1,7 faiz, “Şnorapetakan” partiyası və “Birlik qanadları” təşəbbüsü – hər biri 1,5 faiz və Erməni Milli Konqresi 1,1 faiz. Cəmiyyətin əhəmiyyətli hissəsi hələ də aktiv seçici davranışı göstərmir: 8,1 faiz ümumiyyətlə seçkilərə getməyəcəyini bildirib, 2,7 faiz səsvermə bülletenini qəsdən korlanyacağını deyib, 14,3 faiz cavab verməkdə çətinlik çəkib, 11,4 faiz isə sualdan imtina edib.
Nəticələr göstərir ki, erməni cəmiyyəti yenə də ən çox hakim komandanın arxasında dayanır. Müxtəlif partiyalara dair rəqəmlər dəyişsə də, ümumi mənzərə bir məqamı təsdiqləyir: Paşinyanın partiyası siyasi rəqabətdə hələ də açıq şəkildə birinci yerdədir. Bu üstünlük əvvəlki aylara nisbətən müəyyən dərəcədə artsa da, əsas məna təkcə liderlikdə deyil. Cəmiyyət dərin siyasi qarşıdurmalar və gərginliklər fonunda yenidən köhnə müharibə ritorikasına qayıtmaq istəmədiyini göstərir.
Azərbaycana qarşı separatçılıq hərəkatı və Birinci Qarabağ müharibəsi dövründə önə çıxmış, bu gün də revanşist mövqeləri ilə tanınan qüvvələr sorğuda arxa sıralarda qalıb. Onların dəstəyi cəmiyyətin yalnız kiçik bir hissəsini əhatə edir. Bu isə Ermənistan vətəndaşlarının radikal çağırışlardan yorulduğunu, ölkəni yeni toqquşmalara aparmaq istəyən dairələrdən uzaq durduğunu göstərir. İctimai rəy dəyişməkdə davam edir və bu dəyişiklik daha çox sabitlik, təhlükəsizlik və nisbətən sakit inkişaf axtarışı ilə bağlıdır. Bütövlükdə, mövcud mənzərə Paşinyanın rəqiblərinə açıq mesajdır. Cəmiyyət növbəti dəfə müharibə tərəfdarlarına “yox” deyir və keçmiş döyüş çağırışlarını dəstəkləmədiyini nümayiş etdirir. Ermənilər üçün bu gün əsas məsələ daha çox təhlükəsizlik və sabitlikdir, radikal siyasət deyil. Sorğunun bu hissəsindən gəlinən qənaət belə deməyə əsas verir.
Səxavət HƏMİD
XQ

