Maarifləndirmə və ehtiyatlılıq bu bəlaya etibarlı sipər çəkir
Mina təhlükəsi müharibənin bitməsi ilə sona çatmayan, illərlə davam edən və cəmiyyətin sosial, psixoloji və iqtisadi həyatına təsir göstərən problemdir. Azərbaycan reallığında bu təhlükə xüsusilə aktualdır. Aparılan genişmiqyaslı təmizləmə işlərinə baxmayaraq, baş verən hadisələr göstərir ki, onun kökündə yalnız texniki çətinliklər deyil, həm də insan davranışı dayanır.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin Aparat rəhbəri Rauf Hüseynov məsələ ilə bağlı bildirdi ki, həyata keçirilən geniş maarifləndirmə və təhlükəsizlik tədbirlərinə baxmayaraq, mina hadisələrinin böyük hissəsi vətəndaşların təhlükəsizlik qaydalarına əməl etməməsi ilə bağlıdır. Onun sözlərinə görə, mina və partlamamış hərbi sursatlar illər keçsə də, təhlükəliliyini itirmir və faktiki olaraq müharibənin “görünməz izləri” kimi qalır. Bu təhlükə yalnız insanların həyatını deyil, həm də onların doğma torpaqlara qayıdış arzularını və gündəlik fəaliyyətlərini məhdudlaşdırır. Xüsusilə azad olunmuş ərazilərdə yaşayan və ya həmin ərazilərə səfər edən vətəndaşlar üçün risk səviyyəsi daha yüksəkdir.
Rəsmi statistikaya görə, son 30 il ərzində 3 min 500-dən çox Azərbaycan vətəndaşı mina qurbanı olub. İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə qeydə alınmış 259 mina partlayışı nəticəsində 421 nəfər zərər çəkib. Bu hadisələr zamanı 72 nəfər həyatını itirib, 349 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Bu rəqəmlər mina təhlükəsinin müharibədən sonra da davam edən ciddi təhlükəsizlik çağırışıdır.
Eyni zamanda, ANAMA və tərəfdaş qurumlar tərəfindən həyata keçirilən tədbirlər geniş miqyas alıb. Vətən müharibəsindən sonra bugünədək 262 min 26 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib, 246 min 585 ədəd partlayıcı qurğu aşkar edilərək zərərsizləşdirilib. Bununla belə, mina partlayışlarının davam etməsi onu göstərir ki, problemin həlli yalnız fiziki təhlükənin aradan qaldırılması ilə məhdudlaşmır. İnsanların davranış modellərinin dəyişdirilməsi də eyni dərəcədə vacibdir. İnsan amili nəzərə alınmasa, ən müasir texnologiyalar və böyük resurslar belə problemin tam həllinə zəmanət verə bilməz. Başqa sözlə, vətəndaşların riskə münasibəti dəyişməlidir. Bəs insanların təhlükəli ərazilərə getməsinə, mina qurbanına çevrilməsinə səbəb nədir?
Umumiyyətlə, uzun illər doğma torpaqlarından ayrı düşmüş insanların həmin ərazilərə qayıtmaq istəyi çox güclüdür və bu istək bəzən təhlükə hissini üstələyir. Təəssüf ki, ata-baba yurdunu görmək, yaxınlarının məzarlarını ziyarət etmək, keçmişlə bağlı xatirələri yenidən yaşamaq arzusu insanları riskə getməyə vadar edir. Deməli, burada emosional bağlılıq və psixoloji motivasiyalar da önəmli yer tutur. Digər mühüm məqam mina təhlükəsinin “görünməz” xarakter daşımasıdır. Gözlə görünməyən mina insanlar tərəfindən çox vaxt real və dərhal baş verə biləcək təhlükə kimi qəbul edilmir. Bəzi hallarda təhlükəsizlik nişanları və xəbərdarlıqlar da kifayət qədər ciddi qəbul edilmir və ya onların mənası tam dərk olunmur. Bu amillər isə maarifləndirmə işlərinin keyfiyyəti və effektivliyinin artırılmasını gündəmə gətirir. Effektiv maarifləndirmə insanların düşüncə tərzini dəyişməli, onları potensial təhlükəni əvvəlcədən dərk etməyə və düzgün qərarlar verməyə təşviq etməlidir. Bu proses təsadüfi və epizodik tədbirlərlə deyil, sistemli və davamlı yanaşma ilə həyata keçirilməlidir.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti, ANAMA yanında İctimai Şuranın sədri Umud Mirzəyev XQ-yə açıqlamasında qeyd etdi ki, üç gündür İctimai Şura üzvləri işğaldan azad olunmuş ərazilərdə maarifləndirmə tədbirləri həyata keçirirlər: “Şura üzvləri mütəmadi olaraq mina ilə çirklənmənin yüksək olduğu ərazilərdə yerli əhali ilə görüşlər keçirir, onların maarifləndirilməsi istiqamətində tədbirlər görürlər. Emil Həsənov, Xatirə Vəliyeva, Musa Mərcanlı, Könül Quliyeva, Hafiz Əzimzadə, Rəşad Mehdiyev və digərləri Xankəndi, Ağdam, Ağdərə və Tərtər bölgələrində bu prosesdə fəal iştirak edirlər”.
U.Mirzəyev bildirdi ki, işğaldan azad edilmiş ərazilərdə 1,5 milyondan çox minanın olduğu ehtimal edilir və hər kvadratmetrə bir neçə mina düşür: “Bu isə həmin ərazilərdə təsadüfi hərəkətin, qadağalara əməl edilməməsinin və ya “təhlükəsizdir” düşüncəsinin birbaşa ölümcül risk yaratdığını göstərir. Minaların sıxlığı, müxtəlifliyi, eləcə də Ermənistan tərəfindən təqdim olunan xəritələrin qeyri-dəqiqliyi təmizləmə prosesini də çətinləşdirir. Bu səbəbdən vətəndaşlara yalnız rəsmi icazə verilmiş və yoxlanılmış yollardan istifadə etmək, tanımadıqları ərazilərə daxil olmamaq tövsiyə olunur”.
Şura sədri onu da vurğuladı ki, müharibədən sonra yüzlərlə mülki şəxsin, o cümlədən qadın, uşaq və yaşlıların mina qurbanına çevrilməsi təhlükənin miqyasını nümayiş etdirir. Onun fikrincə, hər gün həyatını riskə atan istehkamçıların əməyinə hörmətlə yanaşmaq, müəyyən edilmiş qaydalara riayət etmək hər bir vətəndaşın borcudur: “Maarifləndirmə yalnız məlumatlandırma deyil, həyat qurtaran davranış qaydaları sistemidir: şübhəli əşyalara toxunmamaq, işarələnməmiş ərazilərə daxil olmamaq vacibdir. Unutmaq olmaz ki, mina səhvi bağışlamır və bir anlıq ehtiyatsızlıq ömürlük faciəyə çevrilə bilər”.
Mövzu ilə bağlı psixoloq Vüsalə Əmiraslanova XQ-yə söylədi ki, uşaqlar, gənclər, kənd təsərrüfatı ilə məşğul olan şəxslər və keçmiş məcburi köçkünlər fərqli yanaşma tələb edir: “Uşaqlar üçün vizual və interaktiv metodlar, real həyat hekayələri və simulyasiyalar daha təsirlidir. Böyüklər üçün isə statistik məlumatlar, konkret hadisələrin təhlili və praktiki tövsiyələr effektiv nəticə verir. Bununla yanaşı, yerli icmaların maarifləndirmə prosesinə cəlb edilməsi xüsusi əhəmiyyət daşıyır. İnsanlar daha çox etibar etdikləri mənbələrdən gələn məlumatlara inanır və onlara əməl edirlər. Bu baxımdan müəllimlər, icma liderləri və yerli fəallar maarifləndirmə fəaliyyətlərinin əsas daşıyıcılarına çevrilə bilərlər. Onların iştirakı ilə həyata keçirilən təşəbbüslər daha geniş təsir dairəsinə malik olur və dayanıqlı nəticələr verir”.
Psixoloqun sözlərinə görə, müasir texnologiyaların tətbiqi də bu sahədə yeni imkanlar açır: “Rəqəmsal platformalar, sosial media, mobil tətbiqlər və digər kommunikasiya vasitələrinin köməyi ilə lazımi məlumatları daha geniş auditoriyaya çatmaq mümkündür. Xüsusilə gənc nəsil arasında bu vasitələr maarifləndirmənin effektivliyini artırır və məlumatın daha sürətli yayılmasına şərait yaradır. Eyni zamanda, vizual və interaktiv kontentin istifadəsi mina təhlükəsinin aydın və təsirli şəkildə izah olunmasına kömək edir. Məktəblərdə təhlükəsizlik mövzularının tədrisi, ictimai kampaniyaların keçirilməsi və media vasitəsilə davamlı məlumatlandırma bu istiqamətdə mühüm rol oynayır”.
Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov mina təhlükəsinin qlobal xarakter daşıdığını və beynəlxalq dəstək tələb etdiyini vurğuladı: “Azərbaycana göstərilən xarici yardımlar mövcud problemin miqyasına adekvat deyil. Vətəndaşlar maarifləndirmə proqramlarında verilən qaydalara ciddi əməl etməli, tanımadıqları və yoxlanılmamış ərazilərdən uzaq durmalıdırlar. Bir anlıq ehtiyatsızlıq faciə ilə nəticələnə bilər. Klassik maarifləndirmə üsulları — bukletlər, bilbordlar və ənənəvi məlumatlandırma vasitələri faydalı olsa da, artıq yeni və innovativ yanaşmalara ehtiyac var”.
Birlik sədri, eyni zamanda, vətəndaşların təhlükəli ərazilərə girişinin ciddi problem olaraq qaldığını bildirdi: “Hökumət tərəfindən təhlükəli zonalara girişin məhdudlaşdırılması ilə bağlı qərarlar qəbul olunsa da, bəzi vətəndaşlar qadağalara əməl etmir. Bu da mina partlayışları nəticəsində zərərçəkənlərin sayının artmasına səbəb olur. Azərbaycanda mina qurbanlarının sayı Cənubi Qafqaz ölkələrindəkindən iki dəfə çoxdur. Vətəndaşlarımızın mina qurbanı olmaması üçün əlimizdən gələni əsirgəməməliyik”.
Beləliklə, məlum olur ki, bu sahədə maarifləndirmə işləri daha dərin, daha sistemli və daha təsirli şəkildə qurulmalıdır. İnsanların həyatını qorumağın ən etibarlı yolu onların məlumatlılığını artırmaq və təhlükəsizlik qaydalarına əməl etməyi gündəlik davranış normasına çevirməkdir. Mina təhlükəsini aradan qaldırmaq yalnız fiziki təmizləmə ilə deyil, eyni zamanda, düşüncə və davranışların dəyişməsi ilə mümkündür.
Pünhan ƏFƏNDİYEV
XQ

