Yaxud Ermənistanda seçki qanunvericiliyinə dəyişikliyə sözardı
Ermənistanda seçki qanunvericiliyinə dəyişiklik ətrafında söz-söhbət səngimir. Görünür, bu il iyunun 7-nə, yəni parlament seçkilərinin keçiriləcəyi günədək hələ çox müvafiq sənədlər fərqli hala salınacaq, çox hadisə və proseslər yaşanacaq. Yazımız bu barədədir, eyni zamanda, Ermənistanda seçki hazırlığının ayrı-ayrı detallarından söz açacağıq.
Əlbəttə, Baş nazir Nikol Paşinyan administrasiyasının məqsədi bəllidir. Hay hakim komandası özünü ölkədəki Rusiya meyilli qüvvələri neytrallaşdırmağa kökləyib. İlk baxışdan, təəccüblü heç nə yoxdur. Amma bəzi detallar var ki, onların üzərində dayanmağa ehtiyac var. Çünki Ermənistandakı seçkilər bütövlükdə Cənubi Qafqaz coğrafiyası baxımından önəmlidir.
N.Paşinyanın Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı tam aydın oldu ki, Kreml Ermənistandakı seçkilərə yönələn plana malikdir. Görüşdə səslənmiş fikirlər bunun təsdiqidir. Amma qəribə durum var. Əvvəlcə ona nəzər salaq. Deməli, Putin Paşinyanla görüşdə ondan həm də Rusiya vətəndaşı olan şəxslərin seçkidə iştirakına şərait yaratmağı xahiş etdi. İkinci isə prosesə yalnız erməni pasportu daşıyan şəxslərin qatılmasının mümkünlüyünü bildirdi. Sual yaranır: Putin Paşinyanın cavabının nədən ibarət olacağını bilmirdi? Axı mümkün deyil ki, bilməsin. Tam aydındır ki, Putin hazırda Ermənistanda həbsdə olan iş adamı Samvel Karapetyanı nəzərdə tutur. Görüşdən sonra istər Rusiyadakı, istərsə də Ermənistandakı siyasi icmalçılar Kreml rəhbərinin məhz Karapetyanla bağlı mesaj verdiyini vurğuladılar. Aydındır ki, bu mesajdan sonra Samvelin azadlığa çıxması məsələsi qəlizləşəcək. Elə əvvəldən də qəliz idi.
O zaman Putin nə üçün belə bir mesaj səsləndirdi? Paşinyanın, ilk baxışdan, saymazyana təsir bağışlayan cavabını eşitmək üçün? Belə qənaətə gəlmək mümkündür ki, Rusiya lideri Ermənistandakı müxaliflərə mübarizə tapşırığı verdi. Onlara çox açıq şəkildə “qorxmayın, biz sizinləyik” dedi. Söhbət bu mesajın reallıqla uzlaşma payının nə dərəcədə olmasından gedir. Bunu zaman göstərəcək...
Əlbəttə, Putin-Paşinyan görüşünün detalları barədə söz açmaq niyyətindən uzağıq. Amma tam birmənalıdır ki, bir neçə gün əvvəl Ermənistanda seçki qanunvericiliyinə edilmiş qəfil dəyişiklik məhz həmin görüşün ruhundan qaynaqlanır və qeyd etdiyimiz məqama söykənərək Nikolun Putinlə nə üçün görüşdüyünün məqsədini anlamaq mümkündür.
Əvvəlki saylarımızda vurğulamışdıq ki, Ermənistan lideri Rusiyanı “tələyə salmağı” bacardı. Bütün dünya bir daha gördü ki, Ermənistanın daxili işlərinə qarışmağa çalışan, beynəlxalq hüquq prinsiplərini bu ölkəyə münasibətdə də heçə sayan Rusiya var və Kremlin İrəvanda hakimiyyəti dəyişmək istəklərinə girişmək ehtimalı labüddür. Paşinyan da diqqəti məhz buna çəkmək istəyirdi və çəkdi də. Deməli, dünya adekvat davranmalı, anti-Rusiya cəbhəsinin Cənubi Qafqaz səngərini boş qoymamalıdır. Amma...
“Əmma” barədə bir qədər sonra. Hələlik etiraf edək ki, Nikolun diqqətə çatdırdığımız siyasi gedişini kifayət qədər tutarlı saymaq mümkündür. İndi isə o, həmin gedişin, bir növ, dividendlərini işə salır. Elə isə bilavasitə seçki qanunvericiliyinə dəyişikliyin mahiyyəti üzərində dayanaraq Paşinyanın qazandığı dividendin nədən ibarət olduğuna aydınlıq gətirək.
Deməli, Ermənistan parlamenti təcili şəkildə seçki qanunvericiliyinə bloklar və partiyalar tərəfindən şəxsi adların istifadəsini qadağan edən düzəlişlər qəbul edib. Bu təşəbbüsün sırf S.Karapetyana görə həyata keçirildiyi birmənalıdır. Axı iş adamının “Güclü Ermənistan” partiyası var. Bu partiya seçkiyə digər partiyalarla blok şəklində qatılırsa, dəyişikliyə görə, gedişatda Samvelin adı hallana bilməz.
O da məlumdur ki, təklikdə Karapetyanın “Güclü Ermənistan”ı heç nəyə yaramır. Yəni qurum yalnız rusbaşlıların konsolidasiyası ilə nəyəsə nail ola bilər. Amma bu zaman mərkəzdə dayanan fiqur olmalıdır. Ona görə erməni müxaliflər bildirirlər ki, ölkə hakimiyyətinə etimadın azalması və mövqeləri qorumaq zərurəti fonunda N.Paşinyan hökuməti Karapetyanın populyarlığının artmasına həssas reaksiya verir. Yəni əks qütbün təmsilçiləri sözügedən dəyişikliyin məğzini bunda görürlər.
Əlbəttə, erməni müxaliflərin fikirlərində müəyyən həqiqət payı var. Aydındır ki, Nikol Moskvada Ermənistan demokratiyasını nə qədər reklam etməyə çalışsa da, ölkədəki real durumun demokratiya ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Seçki isə savaşdır və burada “məqsəd vasitəyə bəraət qazandırır” deyimi aktualdır. Paşinyanın məqsədi iyun seçkilərində qələbə qazanmaq və hakimiyyətdə qalmaqdır.
Haqqında söz açdığımız “əmma” odur ki, Nikol məqsədə çatmaq üçün ehtiyatlı olmalı, antidemokrat libasa bürünməməlidir. Ona görə də o, pafosa güc verir və siyasi müstəviyə ölkənin gələcəyi məsələsini gətirir. Yəni Paşinyan və komandası elə ovqat yaradır ki, qarşıdakı parlament seçkiləri Ermənistan adlı məmləkət üçün ölüm-dirim savaşıdır. Savaşda bütün vasitələrin keçərli olduğunu isə bildirdik. Məsələn, Paşinyan çox tez-tez “eks” hakim siyasilərin dövrünü yada salır, ölkənin bütün bəlalarını onlarla əlaqələndirir. O “eks”lər ki, Rusiya ilə bağlıdırlar. Deməli, Nikola “Ermənistanı yaman günə qoyanların” Moskva ilə əlaqəliliyi kontekstini ictimai rəyə yeritmək lazımdır və istəyinə çatır. Putinlə görüş isə bu mənada müstəsna məqam oldu. Rusiya lideri yuxarıda diqqətə çatdırdığımız fikirləri ilə Ermənistan cəbhəsinin Kreml üçün həyati əhəmiyyət daşıdığını önə çəkdi. Nəticədə, Paşinyan sərt tədbirlərə əl atmaq üçün bəhanə qazandı. Başqa sözlə desək, onun seçki qanunvericiliyini sərtləşdirməsi legitimləşdi.
Hesab edirik ki, Putinlə görüşdən sonra beynəlxalq ictimai rəy Nikolun heç bir addımının demokratiyaya zidd olduğunu vurğulamayacaq, əksinə, Paşinyanın komandasının hərəkət və davranışlarında məntiq görəcək. Belə bir durumda xalqın da hakim komandaya dəstək verməkdən başqa çıxış yolu qalmır. Axı sadə ermənilər Nikola alternativ qüvvənin kimlər olduğunu eşitdilər. Özü də Putinin dilindən.
Ə.RÜSTƏMOV
XQ

