Auditorlar Palatasında auditor adını almaq hüququnu qazanan şəxslərin növbəti andiçmə mərasimi təşkil olunub. Tədbir auditor adını qazanmış və ixtisas imtahanlarını uğurla başa vurmuş şəxslərin iştirakı ilə təşkil olunub.
Palatadan XQ-yə bildirilib ki, Auditorlar Palatasının sədri Vahid Novruzov auditor peşəsinin ölkənin iqtisadi həyatında mühüm rol oynadığını qeyd edib. O deyib ki, Prezident İlham Əliyev tərəfindən ölkədə maliyyə nəzarətinin gücləndirilməsi, şəffaflığın artırılması və audit institutunun inkişafı istiqamətində həyata keçirilən siyasət bu sahənin daha da təkmilləşməsinə mühüm töhfə verir. Dövlət başçısının iqtisadiyyatın davamlı inkişafı və idarəetmədə müasir yanaşmaların tətbiqi ilə bağlı müəyyən etdiyi prioritetlər auditorların fəaliyyətinə də yeni məsuliyyət və vəzifələr müəyyən edir.
Palata sədri vurğulayıb ki, müasir dövrdə iqtisadiyyatın rəqəmsallaşması, innovativ texnologiyaların geniş tətbiqi və süni intellekt alətlərinin inkişafı audit fəaliyyətində də yeni yanaşmaların formalaşmasını zəruri edir. Bu baxımdan auditorlar yalnız maliyyə hesabatlarının yoxlanılması ilə kifayətlənməməli, həmçinin müəssisələrdə risklərin qiymətləndirilməsi, idarəetmə proseslərinin təhlili və maliyyə intizamının möhkəmləndirilməsi istiqamətində də fəal iştirak etməlidirlər.
V.Novruzov auditorların öz fəaliyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Qanunvericiliyinə, Beynəlxalq Audit Standartlarına və Peşə Etikası Prinsiplərinə ciddi riayət etmələrinin vacibliyini diqqətə çatdırıb. Bildirib ki, auditor adı yüksək etimad və məsuliyyət tələb edən peşədir və bu ada layiq olmaq üçün auditorlar öz fəaliyyətlərində obyektivlik, müstəqillik, dürüstlük və peşəkarlıq prinsiplərini daim rəhbər tutmalıdırlar.
Daha sonra auditorlar onlara göstərilən yüksək etimada görə öz minnətdarlıqlarını bildirərək öz peşə fəaliyyətlərini Azərbaycan Respublikasının Qanunvericiliyinə, Beynəlxalq Audit Standartlarına və Peşə Etikası Prinsiplərinə uyğun şəkildə, vicdanla, obyektiv və məsuliyyətlə həyata keçirəcəklərinə, fəaliyyətləri zamanı dempinq və haqsız rəqabət hallarına yol verməyəcəklərinə, həmçinin peşə etikası qaydalarına sadiq qalacaqlarına və auditor peşəsinin nüfuzunu daim qoruyacaqlarına dair and içiblər.
Tədbirin sonunda Auditorlar Palatasının sədri V.Novruzov auditor peşəsinə yeni addımlarını atan auditorları bir daha təbrik edərək müvəffəqiyyətlər arzulayıb. Daha sonra onlara ölkə ərazisində auditor fəaliyyəti ilə məşğul olmaq hüququ verən müvafiq icazə sənədləri, eləcə də palatanın üzvlüyünü təsdiq edən döş nişanları təqdim olunub.

