“Musiqili dünyam” – sözün hikmətindən musiqinin sehrinə

post-img

Qəlbin aynası tozlanıb ruhun gözü toranlaşanda əsl sənətkarlar mənəviyyat təşnələrinin pənah apardığı ümid mayakı tək könül evimizə işıq saçırlar. Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Nəbi Mülkümovun “Musiqili dünyam” kitabı musiqi və poeziyanın vəhdətində oxucuların qəlbinə süzülən belə nur çeşməsidir.

Müəllif xatirələrindən bəhs edərkən sevənlərini bu bənzərsiz “musiqili dünya”nın sirdaşına çevirir, hisslərinə hakim kəsilən musiqi sevdasından, tarda ifa etmək həsrətindən söz açır və bu saf arzunun sənət taleyində necə təcəssüm tapdığını səmimiyyətlə bölüşür. Nəbi müəllimin ən böyük diləyi yazdığı misraların musiqiyə bürünməsi olub və tale ona bunu bəxş edib. Ədibin 36 şeirinin uyğun bəstələrlə tamamlanması, həmin mahnıların ölkə hüdudlarından kənarda da səsləndirilməsi onun ikiqat yaradıcılıq uğurudur.

“Xan qızı”, “Əbədi eşqimiz”, “Vətənim”, “Dağlar maralı” kimi əsərlərin not yazılarında əbədiləşdirilməsi ilə müəllif, sanki, sabaha mənəvi körpü qurur. “Musiqili dünyam” isə xüsusi bir məramla ərsəyə gəlib. Bu nəğməli misraların, sadəcə, kağız üzərində qalmaması, musiqi dünyasına ayaq açması üçün sənətkar məsuliyyətli bir addım atır. Şeirlərinə bəstələnmiş incə ruhlu mahnıların ömrünü daha da uzatmaq, onları zamanın süzgəcindən keçirib hamı üçün əlçatan etmək məqsədilə Zaqatala Uşaq İncəsənət Məktəbinin müəllimi Zeynəb Əliyevadan melodiyaları nota köçürməsini xahiş edir. Zeynəb xanımın peşəkar dəstəyilə gənc ifaçılar üçün gözəl sənət nümunəsi yaranır. Kitabı vərəqlədikcə, fərqinə varırsan ki, Nəbi müəllim üçün poeziya və musiqi həyat tərzi, həqiqət axtarışıdır. Vətən mövzusu “Musiqili dünyam”da əsas xətt kimi şairin sənət qarşısındakı mənəvi borcunun bədii təzahürüdür.

Təbiətin qış yuxusundan oyanıb yaşıl örpəyə büründüyü bu günlərdə Nəbi Mülkümovun misralarına nəzər salmaq bahar sədalarını sözün sehrində duymaqdır:

Dağ-dərələr yaşıllaşır,
Ağaclar da cavanlaşır,
Bulaq astadan danışır,
Yurdumuza bahar gəlir!

Şairin bu misraları bahar təravəti ilə yoğrulub, sanki hər kəlməsi günəş şüasının ilk toxunuşu qədər zərifdir. Bahar, həm də zəfərin, dirçəlişin və sarsılmaz iradənin fəslidir. Bizim üçün aprel təkcə təbiətin oyanışı deyil, həm də milli qürurumuzun silkindiyi, müasir tariximizin şanlı səhifələrinin yazılmağa başladığı müqəddəs zamandır.

2020-ci ildə qazanılan tarixi Zəfərə gedən yolun ilk cığırı məhz 2016-cı ilin unudulmaz baharında – Aprel döyüşləri ilə açılmışdı. O günlərdə Azərbaycan əsgəri öz qanı, canı ilə sübut etmişdi ki, bu xalqın iradəsi sarsılmazdır, torpaq sevgisi isə hər səddi aşmağa qadirdir. Məhz belə bir qəhrəmanlıq ruhu Nəbi müəllimin Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynova ithaf etdiyi misralarda dil açıb:

Qalib xalqın igid oğlu,
Ürəklərdə yaşayırsan,
Milli Qəhrəman adını
Nəsillərə daşıyırsan.

Kitabda yazıçı-jurnalist Əhməd İsayevin xatirəsinə ithaf olunan “Qələmin nuru” şeiri müəllifin həmyerlisinə ehtiramını ifadə edirsə, “Qaldı xatirələr kənd məktəbində” misraları hər birimizi ötən illərə qaytarır.

“Musiqili dünyam”ın son akkordlarını vuran, dostluğun sərhəd tanımayan gücünü göstərən saxur dilindəki “Yaxşı dostlar” şeiri isə bu musiqili dünyanı hikmət naxışları ilə tamamlayır.

Fidan ƏLİYEVA
XQ



Mədəniyyət