Gicitkəndən uzağa qaçmayın!

post-img

Antioksidant təsirli və A, C və K vitaminlərinin “an­barı” sayılan gicitkən sidikqovucu, iltihab əleyhinə və hüceyrə qoruyucu xüsusiyyətləri ilə seçilir. Bu dərman bitkisi immunitet və qan dövranı sistemini dəstəkləyir, mövsümi və ya xroniki xəstəliklərin müalicəsində kömək­çi rol oynayır. 

100 qram gicitkənin tərkibində 500 mikroqramadək K vitamini var. Bu, sağlamlıq üçün vacib elementdir. K vitamini qanın laxta­lanması prosesində iştirak etməklə yanaşı, sümüklərin möhkəm­lənməsinə, ateroskleroz və diabetə qarşı mübarizəyə kömək edir, xərçəngin inkişaf riskini azaltmağa qadirdir. 

Qastroenteroloq Sergey Vyalovun sözlərinə görə, K vitamini­ni gündə 100 mikroqramı keçməmək şərtilə qəbul etmək vacib­dir. Onun böyük miqdarda qəbulu trombozun yaranmasına səbəb ola bilər. K vitamini ilə yanaşı, gicitkən orqanizmi dəmir, kalsium, maqneziumla təmin edir. Bu bitki damarlara və ürəyə təsir edərək onların xəstələnmə ehtimalını azaldır. 

Gündə 2–3 stəkan qədər içilən gicitkən çayı immun sistemini dəstəkləməklə yanaşı, arıqlama prosesində də rol oynayır. Bu çayı yeməkdən əvvəl və ya sonra – ac və ya tox mədəyə içməyin fərqi yoxdur. 

 

Z.HÜSEYNLİ, “Xalq qəzeti”

Sosial həyat