“Heydər Əliyevin həyatının 100 anı” Parisdə

post-img

Parisdə müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar “Ulu öndər Heydər Əliyevin irsinə həsr olunmuş kitabların nəşri” beynəlxalq layihəsi çərçivəsində Azərbaycan və ingilis dillərində işıq üzü görmüş “Heydər Əliyevin həyatının 100 anı” kitabının təqdimat mərasimi keçirilib.

Azərbaycanın Fransadakı səfirliyi­nin Mədəniyyət Mərkəzində keçirilən təqdimat mərasimi səfir Leyla Abdulla­yevanın, Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının rəhbəri Aytən Mu­radovanın və kitabın müəllifi, “Azər­baycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akade­miyasının müxbir üzvü Emil Nəsirlinin dəstəyi ilə təşkil olunub.

Mərasimdə çıxış edən Fran­sa-Azərbaycan Dialoqu Assosiasiya­sının rəhbəri Aytən Muradova Ulu ön­dərin mənalı və şərəfli ömür yolunun parlaq səhifələrinin xalqımızın yaxın tarixi keçmişi ilə ayrılmaz vəhdət təş­kil etməsindən danışıb. O, Ulu öndər Heydər Əliyevin fenomeninin ən mü­hüm göstəricilərindən biri də azər­baycançılıq məfkurəsinin, milli ruhun hədsiz yüksəlməsi, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prin­siplər əsasında dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi amilə çevrilməsindən danışıb.

Sonra çıxış edən “Heydər Əliyevin həyatının 100 anı” kitabının müəllifi, “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru Emil Nəsirli qeyd edib ki, Heydər Əliyev qədər öz xalqını, onun tarixini, mədəniyyətini və dilini sevən ikinci bir şəxsiyyət tapmaq çox çətindir. Heydər Əliyevin uğurlu xarici siyasət fəaliyyətinin məqamlarından söz açan E.Nəsirli vurğulayıb ki, Azərbaycanın nüfuzlu beynəlxalq və regional təşki­latlarla münasibətlərinin yaradılması və daha yüksək səviyyəyə qaldırması ilə diqqəti cəlb edib. Beynəlxalq təşki­latlara üzv olmaq, onlarla səmərəli iş qurmaq Azərbaycanın problemlərini, Azərbaycan həqiqətlərini dünyaya çat­dırmaq istiqamətində Heydər Əliyevin rolu danılmazdır. 

Təqdimat mərasimində Azərbayca­nın Fransadakı səfirinin müşaviri Ayaz Qocayev də çıxış edib.

Sonra ictimai-siyasi xadimlərin, yer­li və beynəlxalq qurumların nümayən­dələrinin, KİV əməkdaşlarının və digər şəxslərin qatıldıqları tədbirdə məra­sim iştirakçılarının ulu öndər Heydər Əliyevin irsi ilə bağlı suallarını cavab­landıran Emil Nəsirli “Heydər Əliyevin həyatının 100 anı” kitabını iştirakçılara hədiyyə edib.

“Xalq qəzeti”

Sosial həyat