Qazaxıstanın “neft paytaxtı”ndan Qafqazın neft mərkəzinə salam

post-img

Mən son illərin ən qızmar yayında küləkli Bakıdan ayrılıb daha isti olduğunu güman etdiyimiz Qazaxıstana gedəndə məlum oldu ki, qayıtmağımı gözləyənlər çoxdur. Nəvələrim də, onların böyükləri də, iş yoldaşlarım da – “yaxşı yol!” – deyənlərin hamısı soruşurdu ki, nə vaxt qayıdırsan? Deyirdim ki, çatan kimi məktub yazacam. Amma təyyarədə fikirləşdim ki, indi deltasına getdiyim Ak Jayık ( Ural çayı) Xəzərə tökülür. Görəsən o çaya bir vərəqlik məktub atsam, Bayıl sahillərinə nə vaxta çatar?

... Belə qismət imiş. Qazaxıstana ötən ilin noyabrındakı səfərim ölkənin “Dəniz qapısı” adlandırılan Aktau (Ağ dağ) şəhərinə olmuşdu. Xatırladım ki, Xəzər dənizi vasitəsilə daşınan yüz min tonlarla müxtəlif yüklər mənzil başına məhz bu liman vasitəsilə çatdırılır. “Ələt – Aktau” bərə yolu Qədim İpək Yolunun tər­kib hissəsidir. Bu nəqliyyat dəhlizi Çindən göndərilən yüklərin Avropaya daha tez çatdırılmasını təmin edir. Üstəlik, bu dəh­lizdəki limanlar heç zaman donmurlar.

İkinci səfərim isə Qazaxıstanın “neft paytaxtı” adlandırılan Atırau ( Ak Jayıkın deltası) şəhərinə oldu. Ölkənin qərbində, Xəzər dənizinin şimalında, Ural çayınin sa­hilində yerləşən, Sovet dönəmində Quryev adlandırılan, hazırda eyni adlı vilayətin mərkəzi olan Atırau barədə çox yazılıb, indi də yazılır və əsas həqiqətlər irəlidədir.

Bu şəhərə gəlmək, buranı görmək mənim üçün bir neçə cəhətdən maraqlı idi. Əvvəla, ona görə ki, Azərbaycanın həm coğrafi-siyasi, həm də neft paytaxtı olan, əlli ilə yaxın yaşadığım Bakı ilə bu neft şəhəri arasında hansısa oxşarlıqları, yaxınlıqları görmək, daha doğrusu, sez­mək və qələmə almaq istəyirdim. İkinci, hələ məktəb illərindən bilirdim ki, Avropa ilə Asiyanın sərhədi Ural dağı, Ural çayı və Xəzər dənizindən keçir. Ural çayı həm də Atıraunun mərkəzindən keçir. Ona görə ürəyimdə səhər çayını Asiyada içib, nahar üçün Avropaya keçmək istəyi ya­ranmışdı. Bura gəlib çatan kimi öyrəndim ki, Atırauda ondan çox körpü Ural çayını kəsib-doğrayır. 

Yeri gəlmişkən, mən bayaqdan bəri bir neçə dəfə Ural çayı və Ak Jayık söz­lərini işlətmişəm. Ancaq Qazaxıstanda Ural çayı ifadəsi işlədilmir. Qazaxlar bu çaya Ak Jayık – Ağ çay deyirlər. Hələ bu səfərə gəlməmişdən Bakıda yaşayan bir qazax tanışımdan öyrənmişdim ki, İkin­ci Yekaterinanın 1775-ci ildə imzaladığı sərəncamdan sonra bu çay Ural adlan­dırılmışdır. Ancaq xalq bu çayın qədimi adını bütün dövrlərdə yaşadıb. Həmin sərəncamdan əvvəlki dövrdə, hətta, So­vet dönəmi başa çatana qədər də rəsmi sənədlərdə Ural adlanan çay haqqında xalqın işlətdiyi əsas ifadə məhz Ak Jayık olmuşdur.

Ancaq Atırauya gələn kimi xəyalım­dakı Ural çayının, qazaxların min illərdən bəri Ağ çay adlandırdıqları nəhrin rəngi məni çox pəjmürdə elədi. Çay qətiyyən ağ deyil. Ən çox çirklənmiş, müasir texni­ki proseslərin fəsadları ilə rəngi saralmış Uralın suyunun içməli olduğuna adam inanmaq istəmir. Şair demiş: “Sordum ki, bu nə halətdir? Dedilər Maqnitoqorskdan gələn fəlakətdir”.

Beləliklə, mən Avropanın Volqa (3690 kilometr) və Dunay ( 2779 kilo­metr) çaylarından sonra üçüncü ən böyük çayı olan Uralın ( 2428 kilometr) sahilin­dəyəm. Burada atıraulu bir oğlan dedi ki, Ak Jayık Volqa və Kürdən sonra Xəzərə axan ən böyük üçüncü çaydır. Mən Ana Kürümüz haqqında olan bu həqiqəti – Kürün Xəzərə Uraldan da çox su gətirdiyi faktını gedib Qazaxıstanda öyrənməyim­dən həm məmnun oldum, həm də... 

İlk təəssüratım ondan ibarətdir ki, Aktauda olanda Bayılda gəzdiyim kimi sərbəst idimsə, Atırauda özümü Xırda­landakı kimi hiss edirəm. Fərq bir az Ural dağının havasının və yolda çirklənmiş də olsa, Ural suyunun yaxın olması, bir az da sakinlərin daha çox rus dilində danış­masıdır. Başqa hər cəhətdən adam özü­nü Vətəndəki kimi hiss edir.

Bura gələn kimi öyrəndiyim ilk fakt­lardan biri budur ki, Atırauda “Ak Jayık” adında vilayət miqyaslı qəzet və infor­masiya agentliyi fəaliyyət göstərir. O biri fakt isə ondan ibarətdir ki, Atırau vilayəti ümumi daxili məhsul istehsalı və əhaliyə göstərilən xidmətlərin miqyasına görə Al­matı vilayətindən sonra ikinci yeri tutur. 

Əsas odur ki, Turan torpağında, müa­sir Türk dünyasının ən öndə olan ölkələ­rinin birindəyəm. Qazaxıstan türkləri tərəfindən ehtiramla, doğma adam kimi qarşılananda böyük şairimiz Bəxtiyar Va­habzadənin məşhur şeirinin bir bəndi ya­dıma düşdü:

Sübutdur, dəlildir ağlın qibləsi,

Dəyişə bilərsən adımı ancaq.

Canım çıxanadək qəlbimin səsi,

Türkəm – gerçəyini pıçıldayacaq.

Ona görə də inanıram ki, “Xalq qəze­ti”nin oxucularına bu səfər barədə deyilə­si sözüm çox olacaq. 

 

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”

Qazaxıstan, Atırau şəhəri

Sosial həyat